Norveçin ədliyyə naziri Emilie Enger Mehl rəsmi mobil telefonunda "TikTok" tətbiqindən istifadə etdiyi üçün üzr istəyib.
525.az xəbər verir ki, Enger Mehl parlamentdəki çıxışında rəsmi xidmətdə istifadə etdiyi "TikTok" tətbiqini ötən ilin payızında mobil telefonuna endirdiyini açıqlayıb. Təxminən 1 ay sonra "TikTok"u telefonundan sildiyini söyləyən Enger Mehl, müxalif millət vəkillərinin tətbiqlə bağlı keçmiş suallarına da toxunaraq: "Telefonumda "TikTok" olması ilə bağlı daha diqqətli olmalıydım", - deyib.
29 yaşlı nazir Enger Mehl məsələyə görə üzr istəyib. Digər tərəfdən, Norveçin keçmiş Baş naziri Erna Solberq təhlükəsizlik qanunlarına cavabdeh olan ədliyyə nazirinin "TikTok" proqramını rəsmi mobil telefonuna yükləməsinin “axmaqlıq” olduğunu bildirib.
Norveçin “Dagbladet” qəzetinin 2022-ci ilin sentyabr hesabatında Enger Mehlin "TikTok" paylaşımlarında rəsmi işi ilə bağlı foto və videoların yer aldığı bildirilib. Bu, Çin səlahiyyətlilərinin ölkədəki həssas məlumatlara və hökumət fəaliyyətlərinə çıxış əldə edə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Enger Mehl fevral ayında verdiyi müsahibədə nazirlik rəsmiləri ilə məsləhətləşdikdən sonra rəsmi xidmətdə istifadə etdiyi mobil telefonuna "TikTok" yüklədiyini etiraf edib.
Qeyd edək ki, Çin texnologiya firmasına məxsus "TikTok" bəzi ölkələrdə milli təhlükəsizlik narahatlığına səbəb olub. ABŞ-nin bəzi ştatlarında rəsmi xidmət üçün istifadə edilən cihazlarda "TikTok"dan istifadə qadağan edilib. ABŞ-də Nümayəndələr Palatası "TikTok"un üzvlərinin və işçilərinin rəsmi xidmətlər üçün istifadə etdiyi cihazlara yüklənməsini də qadağan edib. Hindistan da əvvəllər "TikTok"u qadağan edib.
Malik Atilay