|
|
|
|
Tanrı, rəhm elə!..
...Torpağa gömülən körpələrin
günahı nədir?!
Nə yer, nə göy götürər
anaların ahını,
bu nə qorxu,
bu nə vahimədir?!
Uçub dağılmış binaların
sütunları
insanlara başdaşı düşür.
Mələk üzlü körpələrin məzarını
fələk adamların goru ilə
yanaşı düşür.
Bu bəlanın əzabını
gül balalar çəkirlər.
Yıxılmaq dərdini
örpəyi çiynindən sürüşən
gözəl binalar,
papağı başından gedən
mərd qalalar çəkir.
Tanrı, rəhm elə,
daşların arasından
haray səsi gəlir.
Bələyini torpaq basan,
beşiyini daşlar yırğalayan çağaların
hələ nəfəsi gəlir.
Məzarlardan dikələn ruhlar belə
köməyə can atır,
başından tüstü çıxır zamanın.
Küləyi nə vaxt əsəcək
bu xalqın üstündən
çəkilməyən dumanın?
Yenə tarix qara hərflərlə yazılır
minlərlə sinədaşına.
Nə deyim zamanın bu haqsız,
bu ədalətsiz gərdişinə?!
Tanrı, rəhm elə,
Haqqa, ədalətə inam
əldən getməsin!
Başımıza gələnlər
güvəncimizi
alt-üst etməsin.
Fələyin dəryazı
nəyi doğrayıb-tökür belə?
Binalar quş kimi qanad açıb
niyə uçur belə,
niyə diz çökür belə?
Tanrı, rəhm elə,
bir körpənin göz yaşına dəyməz
bu fani dünya.
Üstündə uşaq şəkli olan
qara başdaşına dəyməz
bu fani dünya.
Tanrı, rəhm elə,
əlinin altında
ümidi sənə qalanlar
əl açıb durub,
bu əlləri qoru.
Dar gündə sənə sığınan
elləri qoru.
Qoru, üzlərdəki inamı qoru,
Yaşamaq eşqini,
Arzunu, həvəsi,
ilhamı qoru!
Qoru ki, yaşatdıqların
səni qəlbində yaşatsın
bir ömür boyunca.
Nə həyat oyun olsun,
nə də insanlıq
bir oyuncaq!
09.02.2023