İyulun 11-də Dövlət Statistika Komitəsi Аzərbаycаndа dеmоqrаfik vəziyyətlə bağlı rəsmi açıqlama yayıb.
“Media forum” saytının məlumatına görə, açıqlamada deyilir: “Ölkə əhalisinin sayı ilin əvvəlindən 43,2 min nəfər və ya 0,5 faiz artaraq 2014-cü il iyun ayının 1-nə 9 milyon 520 min 300 nəfərə çatıb. Əhalinin ümumi sayının 53,2 faizini şəhər, 46,8 faizini isə kənd sakinləri təşkil edir, 49,7 faizi kişilərdən, 50,3 faizi qadınlardan ibarətdir. 22,4 faiz 0-14 yaşda, 71,8 faiz 15-64 yaşda, 5,8 faiz isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür.
Bu il doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır. Körpələrin 1150-si əkiz, 30-u isə üçəm doğulub. İlin əvvəlindən ölkədə 24,4 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı eyni səviyyədə (6,3) qalıb.
Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar 30,9 min nikah və 5 min boşanma halları qeydə alıb. Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının açıqlamasına görə, cari ilin 5 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 675 nəfər gəlib, 319 nəfər isə ölkədən gedib.