Dünyada tarixi qələmə alanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.
Ulu öndər Heydər Əliyev də tarix yaradan nadir insanlardan, dahi şəxsiyyətlərdəndir. Ümummilli lideri dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri qələmə alırlar ki, bu da təbiidir. Çünki, insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər.
Ancaq Ulu öndərin həyatının əsl dəyərini, zamanı qabaqlamaq istedadının və tarix yaratmaq bacarığının əsl mahiyyətini dərk etmək üçün yalnız rəhbər vəzifələrdə çalışdığı illəri araşdırmaq kifayət deyil. Onun mənalı həyatının hər günü, hər anı, qəhrəmanlıqlarla və mübarizələrlə dolu ömrü, fenomenal zəkası, hamını mat qoyan yaddaşı, qeyri-adi natiqlik qabiliyyəti, istedadının müxtəlif formalarda təzahürü şəxsiyyətin formalaşması mərhələləri, tarixi hadisələrlə zəngin unudulmaz salnamədir.
Xoşbəxtlikdən mənə də belə bir insanla eyni tarixi mərhələdə dünyada yaşamaq, onun həyata keçirdiyi nəcib əməllərin, qətiyyətli addımları ilə böyük bir ölkəni bəlalardan qurtarmasının, ümumxalq məhəbbəti qazanıb bəşəriyyətin yaddaşında görkəmli siyasi xadim kimi əbədiləşməyinin şahidi olmaq nəsib olub. Daha böyük xoşbəxtliyim onda olub ki, on ilə yaxın müddətdə bilavasitə onun rəhbərliyi altında işləmək, tapşırıqlarını həyata keçirmək, xalqımızın rifahı naminə reallaşdırdığı nəhəng layihələrin icraçılarından biri kimi onunla dəfələrlə görüşmək, ünsiyyətdə olmaq imkanım olub.
İstərdim ki, həmin xatirələri, həmçinin onunla bir dövrdə yaşayan insanlardan eşitdiyim söhbətləri, bu dahi insan haqqında müxtəlif dövrlərdə oxuduğum kitab və qəzet-jurnal materiallarını, müsahibələri toplayaraq gələcək nəsillərə bir yadigar saxlayam. Qoy bizdən sonra gələn insanlar bilsinlər ki, Azərbaycanın firavanlığı, xoşbəxtliyi, beynəlxalq nüfuzu, əmin-amanlığı, "dünyaya günəş kimi doğması" elə-belə, sadəcə tarixin hədiyyəsi deyil. Bu uğurların qazanılmasının təməlində dayanan, onu damla-damla, addım-addım, kərpic-kərpic quran Heydər Əliyev hansı çətinliklərin öhdəsindən gəlib. O, həm də öz həyatını böyük çətinliklərdən keçərək qurmuşdur.
Bu böyük şəxsiyyətin bütün dövrləri gərgin zəhmətlə keçən ömrünün mərhələləri haqqında kitab yazmaq qərarına gəlmişəm. Kitabda onun şərəfli ömür yolu ölkəmizin tərəqqisi fonunda qələmə alınmışdır ki, gələcək nəsillər xalqımızın belə bir fenomenal şəxsiyyəti yetişdirmək qüdrətindən daim qürur duysunlar. Həmin kitabdan bəzi hissələri "525-ci qəzet"in hörmətli oxucularına təqdim etmək itəyirəm. İlk məqalə bu dahi insanın uşaqlıq və gənclik illərinin bəzi məqamlarını özündə əks etdirir.
Onun muəllimi olmuş Lətif Huseynzadə (1903-2008) bu ailə və Heydər Əliyevlə bağlı xatirələrinin birində qeyd edir:
"Heydərin atası Əlirza kişi Naxcıvanda nufuzlu şəxslərdən biri idi. O, mənim atamla dostluq edirdi. Atam Hacı Talıb başmaqcı idi, öz emalatxanası vardı. Əlirza kişi tez-tez emalatxanaya, atamın yanına gələr və onlar şirin-şirin sohbət edərdilər.1936-cı tədris ili başlayan vaxtda o, oğlu ilə birlikdə bizə gəldi. O vaxtlar mən Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri işləyirdim. Əlirza kişi dedi: "Heydər müəllim olmaq istəyir, bu elə mənim də arzumdur". Heydərin o vaxt on üç yaşı vardı, pedtexnikuma isə on dörd yaşdan qəbul edirdilər. Digər tərəfdən artıq dərslər başlanmışdı, sentyabrın birindən on gun kecirdi. Biz o vaxtlar tələbələri musabiqə yolu ilə qəbul edirdik, onları sorğu-sual edir, bilik səviyyələrini yoxlayırdıq. Mən ona baxdım: gözəl, görkəmli, xoşrəftar, muəllim üçün zəruri olan xarici görünüşə malik bir oğlan idi.
Onu yoxlamaq qərarına gəldim. Dildən, ədəbiyyatdan suallar verməyə başladım. O, suala Azərbaycan dilində gözəl, bır dəfə də rus sözü işlətmədən hərtərəfli, əla cavab verdi. Bəziləri kimi rus kəlmələrini Azərbaycan sözlərinə qatıb danışmadı. Bir sözlə, Heydər mənim çox xoşuma gəldi və mən onu texnikumun direktoru Kazım Talıblının yanına apardım: "Bu oğlan Azərbaycan ədəbiyyatını, tarixi yaxşı bilir, mütaliəni sevir, gözəl nitq qabiliyyəti var. Zənnimcə, ondan yaxşı müəllim olar",- dedim. O da Əlirza kişini tanıyırdı, ancaq tərəddüd edirdi: onun 13 yaşlı oğlunu qəbul edə bilərikmi, axı artıq dərslər də başlayıb. Mən oz sözümün üstündə durdum: "Bu uşağı itirmək olmaz, o cox hazırlıqlıdır". Direktor təklif etdi ki, onu riyaziyyatdan da yoxlayaq. Yeznəm Tofiq Bektaşi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu idi və pedaqoji texnikumda dərs deyirdi, çox tələbkar və ciddi müəllim olduğundan hamı ondan ehtiyat edirdi. 13 yaşı olmasına və Tofiq müəllimin zəhminə baxmayaraq Heydər onun suallarına da ətraflı və dəqiq cavab verdi. Tofiq də onun bilik səviyyəsindən çox razı qaldı.
...O da elə ilk günlərdən ən yaxşı tələbələrimizdən oldu. Hətta yuxarı kursların ötkəm tələbələri də Heydərə böyük hörmətlə yanaşır, boy-buxununa, yerişinə, davranışına, zəkasına görə yaşıdlarından çox fərqlənən bu oğlana "general" deyirdilər."
Haşiyə: Ancaq Heydər "general" təxəllüsü ilə artıq neçə il idi ki, bütün Naxçıvanda tanınırdı. Heydər Əliyev hələ orta məktəbdə, Naxçıvandakı 1 saylı Beynəlmiləl məktəbdə oxuduğu dövrdə onu "general" çağırardılar. 5-ci, ya 6-cı sinifdə oxuduğu vaxtlarda bir dəfə dərsə atasının dəmiryolçu şinelini geyinib gəlibmiş. Boy-buxunlu Heydərə şinel necə yaraşıbsa, uşaqlar heyranlıqla onun tamaşasına dayanıblar və kimsə "bu lap generala oxşayır,"-deyir. O gündən bu cavan, yaraşıqlı oğlana hamı "general" deməyə başlayır. Naxçıvanda hər kəsin adı ilə yanaşı bir ləqəbi, təxəllüsü, ayamasının olduğu vaxtlarda belə sözlərə "birtəhər" baxan Heydər "general" təxəllüsünü təbəssümlə qəbul edir. Daxilindəki duyğular ona bu adı nə zamansa doğruldacağını diqtə edirdi. 1967-ci ildə bu hadisə baş verdi…
2-ci haşiyə: Generallıq və müəllimlik bu adamın boyuna biçilmişdi. 1929-cu ildə Azərbaycanda əlifba islahatı baş verəndən, yəni ərəb qrafikasından latın əlifbasına keçid olandan sonra, məktəb üzünə həsrət qalmış digər insanlar bir yana, mollaxanalarda təhsil almış az-çox savadlılar da birdən-birə savadsızlara çevrilmişdilər, yeni əlifbanı oxuya bilmirdilər. Maraqlıdır ki, təkamül yolu ilə həyata keçirilməli olan əlifba islahatı Sovet qaydalarına görə "inqilabi yolla" baş tutmuşdu: 1929-cu ilin sonlarında birdən-birə elan olundu ki, 1930-cu il yanvarın 1-dən latın qrafikasına keçilir. Əhali kütləvi savadsızlaşdığına görə "Savadsızlığın ləğvi" kompaniyasına start verildi və bu işə hətta məktəblərin yuxarı siniflərində oxuyan əlaçı şagirdlər də cəlb edildi. Görünüşünə, zəkasına görə yuxarı sinif şagirdlərindən seçilməyən 6-cı sinif şagirdi Heydər də 1935-ci ildə, 12 yaşından etibarən müəllimlik etməyə, yaşlı insanlara latın əlifbası ilə yazıb-oxumağı öyrətməyə başladı...
Tükənməz enerjili və hərtərəfli istedad sahibi olan gənc Heydər texnikumda fəaliyyət göstərən bütün dərnəklərin üzvü idi-ədəbiyyat, dram, təbiətşünaslıq, təsviri sənət dərnəklərində hamıdan çox məşğul olan da o idi. Çəkdiyi gözəl rəsmlər, hazırladıqları tamaşalarda oynadığı rollar bir tərəfə, ədəbiyyat dərnəyində bədii qiraət üzrə keçirilən tədbirlərdə gur və aydın səsi ilə söylədiyi şeirlər hamını heyran qoyurdu. Tələbə yoldaşları danışırdılar ki, Heydər Hüseyn Cavidin, Sabirin, Süleyman Rüstəmin, türk şairləri Ziya Göyalpın, Tofiq Fikrətin, Namiq Kamalın və başqalarının şeirlərini xüsusi həvəslə və şövqlə söyləyirdi. Müəllimi Lətif Hüseynzadə xatirələrində yazır ki, o, texnikumun kitabxanasında olan kitabların bəlkə də hamısını oxumuşdu. Nə vaxt onu görsəydim, qoltuğunda kitab olardı. Maraqlıdır ki, o vaxtlar Azərbaycan dilində kitablar az olduğuna görə daha çox kitab oxumaq xatirinə Heydər rus dilini müstəqil öyrənməyə başlamışdı.
Bir qədər sonra rus dilini yaxşı mənimsədiyinə görə texnikumun rus dili müəllimi Həsən bəy Qazıyev Heydər Əliyevə Lev Tolstoyun "Hərb və sülh" romanını orijinaldan oxumağı məsləhət bilmişdi. Tələbə yoldaşları danışırdılar ki, o bu romanı oxuduqdan sonra böyük yazıçının portretini də çəkmişdi. Sonra həssas və güclü mühakiməsi olan yeniyetmə Heydər dostlarına oxuyub tamamladığı romandan - uzaq keçmişdə baş vermiş müharibədən, 1812-ci ildə yandırılan Moskvadan, yalnız kinoda gördüyü Kremldən həvəslə danışırdı...
O vaxtlar heç kəsin ağlına gəlməzdi ki, Moskvanı görməsə də oxuduğu kitablar, gördüyü kinolar əsasında onlara həmin şəhərdən belə həvəslə danışan və SSRİ-nin ucqar bir yerində texnikumda təhsil alan bu cavan oğlan 45 il sonra həmin Kremldə ən nüfuzlu şəxslərdən biri olacaq, Moskvanın siyasətini, beynəlxalq nüfuzunu müəyyən edən həlledici qərarlar qəbul edəcək, dünyanın 6-da bir hissəsində elm, təhsil, səhiyyə, nəqliyyat kimi ən ağır və məsuliyyətli sahələrə rəhbərlik eləyəcək… Yalnız müdrik Lətif müəllim istedadı, davranışı, mühakiməsi ilə çox fərqlənən bu gəncə baxıb tez-tez müəllim yoldaşlarına deyərdi: "Bu cavan oğlan böyük adam olacaq..."
Nəhayət, 1939-cu ilin yayında həmin cavan oğlan Naxçıvan şəhər pedaqoji məktəbini əla qiymətlərlə bitirdi, özü də keçdiyi 30 fənnin hamısından ən yüksək-"əla" qiymət almaqla bitirdi, ancaq texnikuma daxil olarkən ürəyində müəllim olmaqla bağlı pöhrələnən istəkləri inkişaf edib xeyli dəyişmişdi-o, daha böyük ideallarla yaşayırdı, hazırda müəllim olmaq istəməsə də, xəbəri yox idi ki, ulu tanrı ona bir ölkənin müəllimi olmaq, xalqına yol göstərmək, dar gündə onun harayına çatmaq kimi tale yazmışdı, o, Azərbaycanın ilk və yeganə "Xalq müəllimi" fəxri adına sahib olacaqdı...
Gələcəkdə bu günləri yada salıb deyəcəkdi: "Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək... Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb".
Hələlik isə müəllimlik sənəti ilə vidalaşıb başqa yolu seçməli idi, gələcəkdə müəllim peşəsini dünyanın ən yaxşı peşəsi adlandıraraq onlara məhəbbətini, qayğısını göstərməyə imkanı olsun deyə...
...1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Heydər Əliyev təhsilini davam etdirmək üçün Bakıya yollanır. Arzusu memar olmaq, uşaqlıqdan sevdiyi rəssamlığı bir qədər də inkişaf etdirərək şəhərlərin salınmasında iştirak etmək, inşaatın incəsənəti olan memarlığı öyrənmək idi. Bu məqsədlə Azərbaycan Sənaye İnstitutunun (ASİ-indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Memarlıq fakültəsinə daxil olur. Ancaq bu arzusu da gerçəkləşmir, qardaşının evində yaşaması (maddi ehtiyac səbəbindən başqa yerdə yaşamaq imkanı yox idi) o ailədə bəzi narahatlıqlara səbəb olduğu üçün 1940-cı ilin sonlarında Naxçıvana qayıtmalı olur. Naxçıvandan gələn həyəcanlı xəbərlər də (kiçik bacı-qardaşlarının maddi durumunun çətinliyi) bu qürurlu oğlanın qərarını qətiləşdirdi: "uşaqlar ayaq üstə durana kimi onlara həyan olum, sonra gəlib oxuyaram", - düşündü. Memarlıq fakültəsinin dekanı da onu yola salarkən istedadlı tələbəsinə dedi: "Sən yaxşı memar ola bilərsən. Getməsən, daha yaxşı olardı. Ancaq narahat olma, nə vaxt qayıtsan, yerin hazırdır".
Ancaq qayıda bilmədi, bir qədər sonra başlanan müharibə, sonrakı əmək fəaliyyəti onun bu planlarını da pozur, Heydər Əliyev ASİ-də təhsilini yarımçıq qoymalı olur. Ən maraqlısı budur ki, sonralar o, Dövlət Təhlükəsizliyi Komitəsinin Akademiyasında və Bakı Dövlət Universitetinin Tarix fakültəsində də təhsil alır və aldığı 4 ixtisasın hər biri onun taleyində öz rolunu oynayır. Yuxarıda qeyd edildiyi kimi, müəllimlik peşəsi milyonların örnəyi olanda, ASİ-dəki təhsili Azərbaycan dövlətinin qurulması, iqtisadi modelinə dizayn verilməsi, mədəni inkişafının istiqamətləndirilməsi kimi monumental memarlıq nümunəsinin yaradıldığı illərdə, DTK-də öyrəndikləri Azərbaycanı üzləşdiyi təhlükələrdən qoruduğu, dövlətin təıhlükəsizliyini təmin etdiyi dövrdə, tarix isə xalqımızın yeni tarixini yazdığı zaman gərəyi oldu...
Azərbaycan və rus dillərini mükəmməl bilən (o dövrdə bütün sənədləşmə işləri rus dilində aparılırdı), savadlı, gözəl xətti olan səliqəli, üstəlik boy-buxunlu, təmkinli və ağıllı cavan oğlan (o zamanlar 17 yaşı təzə tamam olmuşdu) Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığının arxiv şöbəsində çox lazımlı kadr idi. Arxiv rəisinin müavini kimi fəaliyyətə başlayan gənc Heydərin gözəl xətti o illərdə Naxçıvanda keçirilən pasportlaşdırma prosesində çox lazımlı oldu, ancaq təzə pasport alanlar bilmədilər ki, onların bu sənədini Azərbaycanın gələcək rəhbəri və Sov.İKP MK Siyasi Bürosunun üzvü, xalqın ümummilli lideri olacaq bir insan yazıb. Onda hələ 1941-ci ilin əvvəlləri idi, gələcəyin bu dühası öz istedadı və bacarıqları ilə dövlət adamlarının diqqətini təzə-təzə cəlb etməyə başlamışdı.
SSRİ-nin cənub sərhədlərində ən təhlükəli və şübhəli hissə hesab edilən Naxçıvan-İran sərhəddində baş verən hadisələr, alman kəşfiyyat orqanlarının bir neçə dəfə Sovet ərazisinə məhz buradan agentlər daxil etməsi, müharibə başlandıqdan sonra vəziyyətin bir qədər də mürəkkəbləşməsi NKVD-ni (sonralar KQB və MVD adları ilə məşhurlaşan bu təşkilat o zamanlar bir yerdə idi və rus dilində belə adlanırdı, tərcüməsi-Daxili İşlər Xalq Komissarlığı) milli siyasətini dəyişməyə məcbur etdi. Məsələ burasında idi ki, İkinci Dünya Müharibəsində formal olaraq öz neytrallığını elan edən ikiüzlü İran siyasəti Faşist Almaniyası ilə gizli əməkdaşlıq sayəsində Zaqafqaziya və Orta Asiyanın bir sıra yerlərini öz ərazisinə qatmaq planı hazırlamışdı. SSRİ üçün ikinci cəbhənin açılması təhlükəsi NKVD tərəfindən müəyyənləşib Stalinə məruzə edildikdən sonra Sovet hökuməti öz müttəfiqlərinə-İngiltərə və ABŞ-a müraciət etməklə bərabər ən zəif nöqtə olan Naxçıvanda NKVD-ni milli kadrlarla gücləndirmək barədə qərar qəbul etmişdi. 1941-ci ildə Azərbaycanlılara indiyədək etibar edilməyən, rus dilli, slavyan, yəhudi, gürcü və erməni əsilli kadrlardan ibarət olan Dövlət Təhlükəsizliyi orqanlarına NKVD-nin arxiv şöbəsinin müdir müavini işləyən Heydər Əliyev cəlb edildi. Əlbəttə, 18 yaşı yenicə tamam olan cavan oğlan əvvəlcə ştatdankənar sınaq müddətinə və kiçik tapşırıqları icra etmək üçün dəvət olunmuşdu. Ancaq bir qədər sonra qeyri-adi bacarıqları və işgüzarlıq keyfiyyətləri, çevik təfəkkürü və iti zehni onunla ünsiyyətdə olanları heyrətləndirməyə başladı.
Bu vaxt Sovet-İran sərhəddində bir-birini əvəz edən gözlənilməz hadisələr baş verirdi. 1941-ci il iyulun 19-da Böyük Britaniyanın Nazirlər Kabineti Faşist rejiminin müttəfiqi İranın şimalına qoşun yeritmək haqqında qərar qəbul etdi. 1941-ci il avqustun 25-də SSRİ Naxçıvan ərazisindən Cənubi Azərbaycana qoşun yeritdi. Cənubi Azərbaycanda Milli Hökumət elan edildi və Seyid Cəfər Pişəvəri ora rəhbər seçildi. Naxçıvan Sovet texnikasının, silahların, ərzaq və başqa yüklərin İrana daşınması, partiya, dövlət, mədəniyyət işçilərinin, təbii ki, həm də kəşfiyyat əməkdaşlarının Cənubi Azərbaycana ötürülməsi üçün əsas məkana çevrildi.
Respublikanın "ağsaqqalı" Mir Cəfər Bağırov vaxtaşırı Pişəvəri ilə Naxçıvanda görüşüb onu təlimatlandırırdı. Bununla yanaşı, Hitler Almaniyası da öz təcrübəli kəşfiyyatçıları ilə yanaşı ələ aldığı yerli cəsuslar, təxribatçı, əksinqilabçı, diversant və terrorçuların əhəmiyyətli hissəsini Naxçıvandan maliyyələşdirirdi. Bəzi tədqiqatçıların yazdığına görə, müharibənin ilk illərində Naxçıvan qızğın döyüşlərin getdiyi Belarusdan və Ukraynadan az əhəmiyyəti olmayan strateji məkana çevrilmişdi.
Belə bir mürəkkəb şəraitdə Naxçıvanda Xalq Komissarları Sovetinin şöbə müdiri vəzifəsində çalışan və bütün etimadları yüksək səviyyədə doğruldan, təşəbbüskar, prinsipial, savadlı Heydər Əliyevi Dövlət təhlükəsizliyi orqanlarında ştatlı əməkdaş kimi görmək istəyən DTK rəhbərliyi onunla ciddi söhbət etdikdən sonra ərizə yazdırdılar: "Dövlət Təhlükəsizliyi Xalq Komissarlığı sistemində əməliyyat işində işləməyə böyük həvəsim var. Ona görə məni Azərbaycan SSR DTXK-nın məktəblərindən birinə qəbul etməyinizi xahiş edirəm".
Ulu öndər xatirələrində qeyd edir ki, mən bu orqanlarda işləmək istəmirdim, NKVD-nin Arxiv şöbəsinin müdirinin əmək haqqı daha yüksək idi, o zamanlar verilən "ərzaq kartoçkaları" da burada daha artıq idi, 1943-cü ildə vəfat edən atasından sonra kiçik bacı-qardaşlarına himayədarlıq etmək onun boynuna düşdüyünə görə bu amil olduqca əhəmiyyətli idi. Digər tərəfdən, 1937-ci il repressiyalarından sonra NKVD-nin xalq arasındakı reputasiyası xeyli aşağı düşmüşdü, hamı bu quruma antimilli cəza aparatı kimi baxırdı. (Doğrudur, Heydər Əliyev böyük olmayan bir zaman kəsiyində yaddaşlarda qalan bu mənfi obrazı dağıdaraq təhlükəsizlik orqanlarını xalqı, milləti qoruyan və onun öz nümayəndələrindən təşəkkül tapan əsl milli təhlükəsizlik qurumuna çevirə bildi).
...Ancaq dövlət işçilərinin təkidli tələbi, böyük qardaşının məsləhəti və digər amillər öz işini gördü. Heydər Əliyev Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin xalq komissarı müavininin adına bu ərizəni yazarkən 1944-cü il yanvarın 27-si idi. Bu orqanlara ştatlı əməkdaş kimi işə götürülən ilk Azərbaycanlılardan biri olan Heydər Əliyev cəmi 22 il sonra respublika DTK-sının sədri olacaqdı və Azərbaycan DTK-sında milli kadrların 1 faizdən 90 faizə qədər artmasını təmin edəcəkdi. Hələlik isə Naxçıvan DTXK-sının yeganə Azərbaycanlısı növbəti yoxlama mərhələsində idi, 1944-cü ilin mayına kimi dörd aylıq çək-çevirli araşdırmalardan sonra şübhəli heç nə tapmayan "başbilənlər" müsbət fikirlərini bildirdilər və onu leytenant rütbəsi ilə Sərhədyanı rayonların əks-kəşfiyyat təminatı bölməsinə əməliyyat müvəkkili vəzifəsinə götürdülər. Həyatının yeni mərhələsinə qədəm qoyan 21 yaşlı leytenantın sərhəd səfərləri, qeyri-leqal sovet kəşfiyyatçıları ilə təmasları, rəqib agenturasını ifşa etməsi kimi maraqlı və cəlbedici fəaliyyəti ilə bərabər başqa millətlərin arasında baş çıxarmaq, ən həlledici məqamlarda dövlət mənafeyinə xələl yetirməmək şərtilə milli maraqları qorumaq, bununla yanaşı heç kəsdə şübhə doğurmamaq kimi çətin missiyaları da yaranmışdı.