Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç AŞPA-nın bu gün başlayan yaz sessiyası zamanı Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı azərbaycanlı deputat Səməd Seyidovun sualını cavablandırıb.
525.az APA-ya istinadən xəbərinə görə, o bildirib ki, istənilən müharibədə həmişə itkin düşənlər olur və o, bunun ailələr üçün nə qədər ağrılı olduğunu bilir.
Mariya Peyçinoviç Buriç qeyd edib ki, ailələr itkin düşən şəxslərin harda olduğunu bilməlidir.
O, itkin düşən şəxslərin yerlərinin bildirilməsi ilə bağlı çağırış edib, bildirib ki, münaqişələr zamanı bütün insan hüquqları pozuntularını həll edilməlidir. O qeyd edib ki, yalnız bununla növbəti mərhələyə keçmək olar.
Baş katib uzunmüddətli perspektivdə inamın qurulmasının önəminə toxunub və bildirib ki, Avropa Şurası müxtəlif sahələrdə etimad quruculuğu tədbirləri üzərində fəaldır. Baş katib qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülhə aid olan bütün məsələlər davam etdirməlidir.