Müasir dünyada turizm anlayışı gəzməli-görməli yerlərə səyahətlə yanaşı, insani ünsiyyət, spesifik maraq məsələləri ilə də xarakterizə olunur. Bu ünsiyyət əlbəttə, ilk növbədə, əyləncə-istirahət mahiyyəti daşıyır. Amma bu zaman səyahətçini maraqlandıra bilən müxtəlif üsullara da geniş yer verilməsi turizmə əlavə rəngarənglik də verə bilir.
Son dövrlər ölkəmizdə inkişafı hiss olunan “aqroturizm” və “kənd turizmi” də bu qəbildəndirlər.
Bəri başdan deyək ki, “aqroturizm” ilə “kənd turizmi” anlayışları başqa-başqa şeylərdir. Aqroturizm (ing. agrotourism) – fermalarda, təsərrüfatlarda istirahəti nəzərdə tutur və bu zaman turist kənd təsərrüfatı istehsalı ilə tanış ola, hətta istəyi olarsa, həmin prosesdə iştirak edə bilir. Kənd turizmi (İng. rual tourism) isə yalnız kənd yerlərində istirahətə aiddir.
Ölkəmizdə sözügedən turizm növlərinin inkişafının sürətləndirilməsi yerlərdə bu yöndə maarifçiliyin yüksəldilməsini tələb edir. Elə Tovuz rayonunda keçirilən tədbir də bu məqsədə xidmət edib.
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Tovuz rayonunda icma əsaslı aqroturizmin inkişafına dəstək” layihəsi çərçivəsində təsərrüfat sahiblərinin maarifləndirilməsi məqsədilə "Aqroturizm və qonaqlama xidmətinin təşkili” mövzusunda təlim keçirilib.
Üç gün davam edən təlimdə aqroturizm və qonaqlama xidməti göstərmək arzusunda olan təsərrüfat subyektlərinin nümayəndələri iştirak ediblər. Onlar “Aqroturizm, kənd turizmi, icma əsaslı turizm anlayışları”, “Aqroturizm fəaliyyətinin qurulması”, “Turizmdə marketinq fəaliyyəti” və digər mövzularda ətraflı məlumatlandırılıblar.
Layihənin icrası Tovuz rayonunun turiszm cəlbediciliyinin artırılması, bu yöndə beynəlxalq təcrübəyə uyğun nümunəvi aqroturizm və qonaqlama xidməti göstərən təsərrüfat subyektlərinin yaradılması, müvafiq sahədə çalışan xidmət personalının bilik və bacarıqlarının yüksəldilməsi, həmçinin bu bölgədə məşğulluğa dəstək məsələlərinə xidmət edəcək.
Zakir MURADOV
Tovuz-Gəncə