|
|
|
|
ANAM
Adına palaz deyib,
Atdı ayağımızın altına dünyanı.
Adına gəbə deyib,
Asdı gözümüzün qabağına dünyanı.
Dünyamız gəbə qaldı,
Biz anlayana qədər naxışlarda.
Ata sözünü öz dilində
çatdırdı bizə Anam.
Kimə çatdı, kimə hələ
yüz ildən sonra çatacaq.
Hər iki halda
fayda var Anamın sözündə,
Sirli tarixim yatır;
Anamın hər ilməsində,
Hər naxışında,
Hər palazında,
Hər gəbəsində.
Ata sözünü cejimlərə toxuyub,
Xurcunlara doldurdu Anam.
Övladlara sovqat olsun deyə.
İlmə-ilmə, fərş-fərş, xalı-xalı
Gözümüzün önünə
sərdiyi dünyanın
İpliyi, yunu olduğunu
anlatdı Anam.
Kimi anladı, kimi
yüz ildən sonra anlayacaq...
Ərşi ərişlərə köçürdü,
Zəmini bükdü dükcələrə.
İpin ucunu biləyimizə bağladı,
Kələfin ucunu itirməyək deyə.
Bir nişanı min dəfə kirkidlədi,
Qulağımızda sırğa olsun deyə.
Dünyanı çeşni-çeşni
tanıtdı bizə Anam.
Simgə-simgə, damğa-damğa
Anamın arğacından keçdi dünya.
Atamın simasından
Anamın çeşnisinə köçdü dünya.
Dünya hər zaman
gəbədir yeni dünyaya!
BAYRAĞIM!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın,
Torpaq - bizim torpağımız!
Güney, Quzey - fərq eləməz,
Oylaq - bizim oylağımız!
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq - bizim oymağımız!
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq - bizim papağımız!
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
Ustac boşa deməz əlbət;
- "Sərhədinə elə diqqət",
Bu kəlamda var bir hikmət,
Sancaq - bizim sancağımız!
PİRDİ HƏR ƏSGƏR!
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ çox zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üçrəngli duvağın mübarək, dağlar!
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
Haqqa nisbət tutub ulu Ələsgər,
Göstərib, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!
Ay Ustac, min şükür, arzuna yetdin,
"Dədə"n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı, yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir.
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib.
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib.
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub bu dil!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd,
Toxunulmazdır - tabu dil!
ŞANLI ƏSGƏR
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
Unutma, şah babam Xətai başdı,
Nadir şah mətədə tərpənməz daşdı,
Ordumuz ənçətin sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var adi "heç"in də,
Aqillər yurdunun pir övladıyam!