"Altı ay əvvəl keçmiş korsikalı siyasi məhbuslar cəmiyyəti yeni siyasi cərəyan yaratmaq təşəbbüsünü irəli sürdü. Bu yeni cərəyan elə yarandığı andan böyük uğur qazandı. İki gün əvvəl Kortedə keçirilən baş assambleyada yeni vətənpərvər hərəkatın yaradılması qərara alındı. Bu hərəkatın adı “Nazione”dir. Yenicə yaranan bu hərəkat Fransa dövlətini son dərəcə narahat etməyə başladı. O, yarandığı andan qazandığı uğurları, populyarlığı ilə Fransanı narahat edir".
525.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində “Patriotti” partiyasının sabiq sözçüsü, hazırda “Nazione” partiyasının üzvü Jan-Filip Antolini deyib.
O bildirib ki, Fransa dövlətinin narahatlığı “Nazione” partiyasının baş assambleyasından 48 saat sonra özünü göstərdi. Fransa polisi iki fəalın evinə gedərək zorakılıq nümayiş etdirdi və onları həbs etdi. Polis onların evlərini dağıdıb. Bu zorakılığın şəkillərini internetdə də görmək olar. “Bu fəalların evlərini dağıdıblar, uşaqların gözü qarşısında atalarını yerə yıxaraq əllərini qandallayıblar, uşaqların oyuncaqlarını sındırıblar. Bu zorakılıq aktı dövlətin intiqam aldığını göstərir.
Biz fəallarımızın azad olunmasını tələb edirik. Bu zorakılıq təkcə baş assambleyamızdan bir neçə gün sonra baş vermir. Görürük ki, Fransa dövlətinin hər hansı bir nümayəndəsinin Korsikaya hər səfərindən əvvəl belə aqressiv hallar sistematik hal alıb. Hər dəfə fransız nazirin səfərindən əvvəl bu cərəyanın üzvləri həbs edilir. Bu da onu göstərir ki, dövlət səsimizi boğmağa, bizə mane olmağa çalışır”.
O deyib ki, muxtariyyət barədə söhbət gedir, ancaq qanunverici orqan, Korsika dili rəsmi dil olmadan, Korsika xalqı, vətəndaşlığı tanınmadan muxtariyyət ola bilməz.
“Fəallarımızın həbsi göstərir ki, biz yenidən formalaşaraq güclənirik və bu, Fransa dövlətini son dərəcə narahat edir”,-d eyə J-F. Antolini qeyd edib.