Avropa İttifaqı (Aİ) Azərbaycanın yaxın tərəfdaşıdır və biz sıx dialoqu davam etdirməkdə qərarlayıq.
525.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşündə deyib. O bildirib ki, enerji, iqtisadiyyat, nəqliyyat əməkdaşlıqda prioritet sahələrdir. Eyni zamanda, bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək və Aİ bu çərçivədə də dəstək verməyə hazırdır.
Səfirin sözlərinə görə, Azərbaycanla əməkdaşlıqda önəmli sahələrdən biri ərazilərin minalardan təmizlənməsidir: “Avropa İttifaqı Azərbaycanda hələ də minalar nəticəsində yeni qurbanların olmasından təəssüflənir. Biz bu məsələnin Azərbaycan üçün əhəmiyyətini dərk edirik və Aİ bu sahədə Azərbaycana güclü dəstək verir. Aİ bütün üzv 27 ölkə ilə birgə, qurumun institutlarının iştirakı ilə Azərbaycana kömək göstərəcək. Bununla bağlı işlər son mərhələdədir, yaxın günlərdə həyata keçiriləcək tədbirlər açıqlanacaq”.
P.Mixalko əlavə edib ki, mina problemi ilə bağlı üç istiqamətdə dəstək göstəriləcək: “Bunlar ərazilərin minalardan təmizlənməsi, mina təhlükəsi ilə bağlı maarifləndirmə işlərinin aparılması, bu, insanların geri qayıtmağa başladığı bir vaxtda xüsusilə vacibdir və mina qurbanlarına dəstək verilməsidir. Söhbət təkcə Aİ tərəfindən maliyyə deyil, həm də texniki yardımdan gedir. Ümumiyyətlə, Aİ bu sahədə Azərbaycanın ən böyük dəstəkçisi, güclü tərəfdaşıdır”.
Pərvanə