Səudiyyə Ərəbistanı İsraili Qəzza zolağının cənubundakı Rəfah şəhərində mülki əhalinin təhlükəsizliyini təhdid edən əməliyyat keçirməsi ilə bağlı xəbərdarlıq edib.
525.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı Krallığı adından Qəzza zolağının bütün ərazilərinə hücum və fələstinliləri deportasiya etmək üçün davam davam edən qanlı hücum kampaniyası çərçivəsində İsrail qüvvələrinin Rəfah şəhərinə hücum təhlükəsi barədə xəbərdarlıq edir.
XİN, həmçinin beynəlxalq ictimaiyyəti işğal olunmuş Fələstin ərazilərində müdafiəsiz mülki əhaliyə qarşı davam edən «soyqırım aktlarına» dərhal müdaxilə etməyə və dayandırmağa çağırır”, - məlumatda deyilir.
Altı aydan artıqdır ki, aparılan hərbi əməliyyatlar fonunda beynəlxalq ictimaiyyət son zamanlar İsrail hakimiyyətinə təzyiqləri artıraraq, hərbi əməliyyatları tez bir zamanda dayandırmağa və Rəfaha qoşun göndərmək planlarından imtina etməyə çağırıb. İsrail hakimiyyəti israr edir ki, Rəfah əməliyyatı “tam qələbə” və Qəzza zolağında Həmas silahlı qüvvələrinin məğlubiyyəti üçün zəruridir.
Qeyd edək ki, İsrail ordusu bu gün səhər Qəzza zolağı istiqamətindən Rəfah keçid məntəqəsini ələ keçirib. Bu barədə İsrail ordusu məlumat yayıb. Əməliyyat zamanı 20-yə yaxın silahlı öldürülüb, üç vacib tunel aşkar edilib. Əməliyyatda indiyədək heç bir əsgər yaralanmayıb. Hazırda qoşunlar ərazidə axtarış aparır və əlavə tapşırıqlara hazırlaşır.
Bundan başqa, HAMAS-ın Rəfahdakı 50-dən çox obyektinin də gecə ərzində İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulduğu qeyd edilib.
Pərvanə