- Eldar müəllim, bugünlərdə ATƏT PA-nın Cenevrədə növbəti payız sessiyası keçirilib və Azərbaycan nümayəndə heyətini sözügedən qurumda təmsil edən şəxs kimi həmin təşkilatın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi komitəsinin iclasında "Təhlükəsizliyin yeni çağırışları: parlamentlərin rolu" mövzusunda müzakirələr zamanı Siz də çıxış etmisiniz. Həmin çıxışınızda hansı məqamları daha çox qabartdınız, önə çəkdiniz?
- İqtisadi və ekoloji təhlükəsizlik hər bir dövlətin milli təhlükəsizliyinin tərkib hissəsidir və bütün ölkələrin diqqət mərkəzindədir. Bu məsələlər təbii ki, mənim ölkəmin də siyasətinin prioritetləridir. Çıxışımda da qeyd etdim, indi də bildirmək istəyirəm ki, bu il sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və Cənub qaz dəhlizinin özülünün (fundamentinin) qoyulması münasibətilə təntənəli tədbir keçirildi. "Əsrin müqaviləsi" də 1994-cü ildə, müstəqillik əldə olunandan 3 il sonra imzalandı və postsovet ölkələrdən ilk dəfə Azərbaycan dünyanın məşhur neft şirkətləri ilə müqavilə bağladı. Bu müqavilədə 8 ölkədən 13 şirkət iştirak etdi və ölkəmizin tarixində Xəzər dənizində beynəlxalq əməkdaşlıq prosesi başladı. Keçən dövr ərzində də bu müqavilə 19 ölkənin 41 şirkəti ilə 26 yeni müqavilənin bağlanmasına yol açdı. Azərbaycan parlamenti öz növbəsində bu müqavilələrin hamısını vaxtında təsdiq etdi və Azərbaycan neft ehtiyatlarını dünya bazarlarına göndərmək üçün imkanlarını genişləndirdi. Azərbaycanın neft məhsulları Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən Bakı - Supsa, Bakı - Novorossiysk və Bakı - Tbilisi - Ceyhan neft kəmərləri ilə nəql olunur. Yalnız "Azəri - Çıraq - Günəşli" yatağının istifadəsini nəzərdə tutan "Əsrin müqaviləsi" çərçivəsində 1 sentyabr 2014-cü il tarixinə 384 milyon ton neft ixrac edilib. Əsas ixrac neft kəməri olan "Bakı - Tbilisi - Ceyhan" bu gün yalnız Azərbaycan üçün yox, həm də Xəzərin şərqində yerləşən ölkələr üçün fəaliyyət göstərir. Bu kəmərlə indiyə kimi 12 milyon tona yaxın Türkmənistan və 4 milyon tondan çox Qazaxıstan nefti ixrac edilib. Çıxışımda da vurğuladığım kimi, "Əsrin müqaviləsi" iqtisadi, geostrateji və siyasi dividendlər gətirməkdən başqa, həmçinin, Azərbaycana imkan yaratdı ki, öz tərəfdaşlarının, o cümlədən, dünyanın və Avropanın bəzi ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynasın. Bununla da Azərbaycan dünya bazarında özünü etibarlı tərəfdaş kimi göstərdi...
-O da var ki, Azərbaycan yalnız neftlə yox, həm də təbii qazla da zəngindir...
- Tamamilə, doğrudur. Mən də çıxışım zamanı elə bu məqamı önə çəkdim və qeyd etdim ki, 2007-ci ildə Cənub qaz dəhlizinin birinci hissəsi olan - Bakı - Tbilisi - Ərzurum kəməri istifadəyə verildi, Azərbaycan özünü dünyada qaz ölkəsi kimi tanıtdı. 20 sentyabr 2014-cü ildə isə "Şahdəniz" qaz yatağının ehtiyatlarından istifadə edən Trans - Anadolu (TANAP) qaz kəmərinin tikintisinin fundamenti qoyuldu. Çıxışım zamanı bildirdim ki, bu layihəyə ilk mərhələdə, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, növbəti mərhələdə isə Monteneqro, Xorvatiya və Avropanın digər ölkələri qoşula bilər. TANAP layihəsinin birinci mərhələsinin smeta dəyəri 45 milyard dollar olmaqla 2018-ci ildə istifadəyə veriləcək və onun illik gücü 8 ildən sonra 31 milyard kubmetrə çatacaq. Onu da vurğuladım ki, "Əsrin müqaviləsi"nin 20 illiyi ilə bağlı təntənəli yığıncağın iştirakçıları da bu layihənin Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyəti olduğunu yüksək qiymətləndirdilər. Avropa Komissiyasının sədri cənab Joze Manuela Barrozu isə özünün vidio müraciətində bildirdi ki, bu layihə yalnız boru kəməri deyil, həm də Avropanın vacib strateji və enerji dəhlizidir və 21-ci əsrin layihəsi olacaq. Onu da qeyd etmək istəyirəm ki, mövcud neft-qaz infrastrukturun genişləndirilməsi dövlətlər və xalqlar arasında davamlı əməkdaşlığı, habelə istehsalçı və tərəfdaş ölkələrin dinamik inkişafını təmin edir. Bu layihələr sayəsində Azərbaycan iqtisadiyyatı son on ildə dünya miqyasında yüksək sürətlə inkişaf edən iqtisadiyyat olub. Lakin bizim qonşumuz olan Ermənistan BMT-nin və digər beynəlxalq təşkilatların qətnamələrini qulaqardına vuraraq hələ də bizim ərazinin 20 faizini işğalda saxlamaqda davam edir və bununla da özünü təcrid etməklə bu layihələrdən kənarda qalıb. Bu məqamı da bir daha ATƏT PA deputatlarının diqqətinə çatdırdım və sözlərimə əlavə etdim ki, mənim ölkəm neft-qaz sənayesini inkişaf etdirməklə yanaşı ətraf mühitin mühafizəsi sahəsində də konkret işlər görür. Çünki bütün neft-qaz layihələrində ətraf mühitin mühafizəsi məsələləri diqqət mərkəzində olub. Bu baxımdan da, bugünlərdə Azərbaycan parlamenti "Yaşıllıqlar haqqında" qanun qəbul edib...
-Yeri gəlmişkən, eşitdiyimizə görə, həmin müzakirələr zamanı Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanla azərbaycanlı parlamentarilər arasında mübahisə, gərginlik yaşanıb...
- Bəli, doğrudur. Bu yerdə xatırlatmaq istəyirəm ki, mən hələ bu ilin əvvəlində ATƏT PA-nın Avstriyanın Vyana şəhərində keçirilən ənənəvi qış sessiyasında çıxışım zamanı Sərsəng Su Anbarı məsələsini qaldırmışdım və qeyd etdim ki, vaxtı ilə Azərbaycan tərəfindən tikilib istifadəyə verilən bu su anbarı artıq 20 ildən çoxdur ki, erməni işğalındadır, onların nəzarətindədir. Eyni zamanda, dedim ki, həmin su anbarı ilə bağlı Azərbaycan cəmiyyətində xeyli narahatlıqlar var, həmin anbarda hər hansı bir hadisə baş verərsə, Azərbaycanın böyük bir ərazisi və xeyli sayda əhalisi su altında qala bilər. Həmin vaxt həmçinin, Ermənistandakı "Metsamor" AES-in nəinki Azərbaycan və bölgə üçün, ümumiyyətlə, dünya üçün ciddi fəsadlar törədə biləcəyini diqqətə çatdırmışdım. Ermənistan nümayəndə heyəti də o vaxtı mənim bu məsələ ilə bağlı ittihamlarıma cavab verə bilməmişdi, odur ki, payız sessiyasında keçirilən məlum müzakirələrdə yaranan fürsətdən istifadə edib, mənə cavab vermək istədilər və yenə də əsassız, qeyri-obyektiv, ən əsası anti-Azərbaycan ruhlu mövqe sərgilədilər. Xüsusilə, adını çəkdiyiniz Artaşeş Geqamyan. Məndən sonra nümayəndə heyətimizin digər üzvü Rəbiyyət Aslanova da həm Sərsəng Su Anbarı, həm "Metsamor" AES problemi ilə bağlı öz fikirlərini bildirdi, geniş, ətraflı izahatını verdi. Çıxışımda da bəyan etdiyim kimi, çox təəssüf ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində indiyə kimi flora və faunanı məhv edir, torpağı, suyu və havanı toksiki və sənaye tullantıları ilə çirkləndirir. Ermənistan nəzarətsiz qalan bu ərazilərdən köhnəlmiş "Metsamor" Atom Elektrik Stansiyasının tullantılarını basdırmaq və narkotiklər yetişdirmək üçün istifadə edir. Bununla da Ermənistan regionun iqtisadi və ekoloji təhlükəsizliyinə böyük ziyan vurur. Hesab edirəm ki, Ermənistanın ATƏT-in prinsiplərinə xələl gətirən hüquqazidd hərəkətlərinin qarşısının alınması vaxtı yetişib və bu məsələdə ATƏT Parlament Assambleyası özünün konkret sözünü deməlidir. Çünki iqtisadi və ekoloji təhlükəsizlik sahəsində hərtərəfli əməkdaşlığın inkişafı üçün yalnız daxili münaqişələrin yox, həm də ATƏT-də mövcud olan dövlətlərarası münaqişələrin həll olunmasının əhəmiyyətini başa düşməkdə bu məsələlərin böyük əhəmiyyəti var. Ona görə Ermənistan nümayəndəsinin çıxışı ilə əlaqədar onu da bildirdim ki, biz çox təəsüf edirik ki, onlar özlərinin heç bir əsası olmayan təbliğat və aqressiv dövlət siyasətlərini yeritmək üçün bir daha bu sessiyadan sui-istifadə edirlər. Ancaq onu da qəti əminliklə qeyd etdim ki, Azərbaycan Respublikası bundan sonra da ATƏT-in bütün üzvləri ilə iqtisadi və geosiyasi əlaqələri genişləndirəcək, Avropanın enerji və iqtisadi təhlükəsizliyinin təmin edilməsində özünün mühüm rolunu saxlayacaq.
K.HƏMZƏOĞLU