Aqil Camal, jurnalist:
- Təkcə soydaşlarımızın yaşadığı Ərdəbil əyalətində 504602 seçicidən Məsud Pezeşkiana 382600 səs, Səid Cəliliyə 72800 səs çıxıb. Təbriz və digər Azərbaycan şəhərlərində də səs nisbəti belədir. Yəni güney azərbaycanlıların mütləq əksəriyyəti Pezeşkiandan yanadır. Ümumiran üzrə Pezeşkian 42,45%, Səid Cəlili - 38,61% səs alıb.
Doğrudur, hər ikisi rejimin süzgəcindən keçib seçkiyə buraxılmış namizəddir. Fəqət, soydaşlarımız yaşadıqları ölkədə məcburi bir seçim qarşısında bu cür seçim ediblər.
Di gəl ki, bu tayda bəzi bəlli fars rejiminin nökərləri Güney Azərbaycan türklərinin seçimini heçə sayıb "İranın dövlət maraqları naminə" Səid Cəlilinin prezident olmasının (seçilməsinin yox ha) zəruriliyini "əsaslandırırlar".
Belə yerdə deyirlər ki, sən kimin əmisi oğlusan?
P.S. Erməni politoloq Vardan Voskanyan teleqram kanalında yazıb: Səid Cəlili Ermənistan-İran münasibətlərinin dərinləşməsi baxımından daha uyğun namizəddir".
Elçin Mirzəbəyli, jurnalist:
- Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Azərbaycan ərazilərini könüllü şəkildə tərk edərək Ermənistana köçən 17743 nəfər hava və quru yolu ilə bu ölkədən də çıxıb gedib. Məlumatda onlardan 7 35 nəfərinin geri qayıtdığı bildirilir. Rəsmi mənbələrin ictimailəşdirdiyi məlumatlardan belə anlasilir ki, indiyədək 10308 "Qarabağ ermənisi" Ermənistanı tərk edərək geri qayıtmayıb.
Lakin qeyri-rəsmi mənbələrin məlumatlarından belə anlaşılır ki, Ermənistandan həmişəlik köçmək qərarını verən və bu qərarı reallaşdıran könüllü köçkünlərin sayı 15 min nəfərdən çoxdur.
Son bir ay ərzində, yenə də Ermənistana vida edən könüllü köçkünlərin sayının və yenə də rəsmi mənbələrin məlumatına görə, 383 nəfər artması bu prosesin davamlı olduğunu göstərir.
Bu, həm də onu sübuta yetirir ki, vaxtilə Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi həvəsi ilə misli görünməmiş cinayətlərə əl atan separatçılar, heç Ermənistanı da öz vətənləri hesab etmirlər. Yaxud çox yaxşı anlayırlar ki, indi "Ermənistan" adlanan ölkənin ərazisi də tarixi Azərbaycan torpaqlarıdır.
Ermənilərdə məşhur bir deyim var: "Yalan həqiqətin qəlpələridir". Düşünürəm ki, bu deyim ultramillətçi, xəstə erməni təfəkkürünün əsl mahiyyətini əks etdirir. Bu təfəkkür uzun illərdir ki, qəlpə-qəlpə yalanları bir araya gətirərək öz həqiqətini yarada bilmir. Çünki həqiqət heç vaxt qəlpələnmir və hətta qəlpələnsə də, belə həqiqətin bir parçasına çevrilir. Həqiqət isə ermənilərin digər atalar sözündə ifadə olunur: "Harda çörək varsa, ora vətəndir".
Bizim 200 il davam edən xəyanətlərdən sonra onlara veriləsi çörəyimiz yoxdur. Bundan sonra heç vaxt olmayacaq...
Elçin Rüstəmli, jurnalist:
- Bu gün Amerikanın ən nüfuzlu dövri nəşri "The New York Times"ın redaksiya heyəti ABŞ-ın hazırkı prezidenti Cozef Baydeni namizədlikdən imtina etməyə çağırıb.
Buna səbəb Baydenin seçkiqabağı ilk debat zamanı çox uğursuz çıxışı olub. Qəzetin redaktorları partiyanın gecikmədən yeni namizəd seçməyə başlamalı olduğunu vurğulayaraq, qeyd ediblər ki, Demokratların seçilməsinin ən bariz yolu Amerika ictimaiyyətinə cənab Baydenin seçki kampaniyasını davam etdirə bilməyəcəyini vicdanla etiraf etməkdir.
"Demokrat Partiyası bir şəxsin ambisiyalarını ölkənin maraqlarından üstün tutmamalıdır. Partiya sıralarında noyabrda keçiriləcək seçkilərdə Baydeni əvəzləməyə və cənab Trampa qalib gəlməyə qadir olan elə fiqurlar var", - "The New York Times"ın redaktor məqaləsində deyilir.
Şahin Cəfərli, politoloq:
- Bayden və Tramp arasında ilk debat mövcud prezident üçün uğursuz oldu.
Uğursuzluq müzakirə mövzuları üzrə namizədlərin mövqeləri ilə bağlı deyil. Tramp ənənəvi əzbərlərinə və boşboğazlığa davam etdi.
Problem Baydendəki koqnitiv pozuntuların debat zamanı bariz şəkildə özünü göstərməsidir. Bu, demokratlar daxilində yeni namizədin müəyyənləşdirilməsi zərurəti barədə qənaətlərin möhkəmlənməsinə səbəb olub.
Demokratların Milli Konventi (partiya qurultayı) avqustun 19-22-də Çikaqoda keçiriləcək. Orada prezidentliyə yeni namizədin elan olunması ehtimalı heç də az deyil. Kaliforniya qubernatoru Gevin Nyusom ehtiyat oyunçular skamyasında gözləyir.
Elxan Şahinoğlu, politoloq:
- Rusiya-Ukrayna müharibəsi başladıqda çox az siyasətçi Üçüncü Dünya müharibəsi risqi haqqında danışırdı, indi isə elə bir lider yoxdur ki, bu haqda fikir bildirməsin. Nəzəri bilikləri ilə fərqlənən Türkiyənin xarici işlər naziri Hakan Fidandan tutmuş, ABŞ prezidenti Cozef Bayden və Ağ Evə yenidən yiyələnmək uğrunda mübarizə aparan Donald Trampa qədər Üçüncü Dünya müharibəsinin başlaması ehtimalının yüksək olduğunu vurğulayanların sayı artıb. Rusiya-Ukrayna müharibəsi davam etdikcə, böyük müharibə riski artacaq. Misal üçün, artıq Qara dəniz səmasında Rusiya təyyarələri ilə ABŞ-ın pilotsuz uçuş aparatları arasında toqquşma riski yüksəkdir. Birinci Dünya müharibəsi serb separatçının atdığı bir neçə güllə ilə başlamışdı, 4 illik mənasız müharibə milyonlarla insanın həyatına son qoydu. Hazırda qarşıduran tərəflərin nüvə silahları var və bu dövlətlərin toqquşacağı halda tərəflərdən birinin düyməyə basmayacağından, o birisinin də cavab verməyəcəyindən heç kim sığortalanmayıb. Üçüncü Dünya müharibəsi riski hamını qorxudur, heç kim böyük müharibə istəmir, ancaq böyük dövlətlər Rusiya-Ukrayna müharibəsini dayandırmaq gücündə də deyillər. Müharibə getdikcə beynəlmiləlləşir.
Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri:
- Azərbaycan yerləşdiyi regionda və ətrafdakı dövlətlərlə müqayisə edildikdə kriminogen baxımdan ən sabit ölkədir. Bu sabitlik və təhlükəsizlik bir tərəfdən ölkə rəhbərliyinin siyasətinin nəticəsidirsə, digər tərəfdən, bu siyasəti icra edən təhlükəsizlik qurumlarının, o cümlədən, polisin fəaliyyəti və peşəkarlığı ilə bağlıdır: "Təkcə bu faktora əsaslanaraq demək olar ki, Azərbaycan polisi kifayət qədər peşəkar fəaliyyətə malikdir və ölkədə kriminogen durumun, təhlükəsizliyin sabit saxlanılmasını təmin edə bilir. Belə bir peşəkarlığı şübhəyə almaq, hansısa fərqli istiqamətlərlə yozmaq əlbəttə ki, qərəzlidir".
Aydın Quliyev, jurnalist:
- ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenin Azərbaycan Prezidenti ilə görüşdən sonra jurnalistlərə dediyi bir çox fikirlərin arasında biri diqqətimi xüsusi cəlb etdi. Bu sözlər ötən ilin dekabrında ABŞ konqresində "Dağlıq Qarabağın hüquqları" adlı müzakirədə söylədiyi fikirlərin 180 dərəcə tərsi olduğu üçün diqqətimi çəkdi. O' Brayen dedi ki, indi hər şey Azərbaycanla Ermənistanın Gürcüstandan keçməklə Qara dənizə yükləri çatdıran marşrut barədə razılaşmanı əldə etməsindən asılıdır. O, diplomat kimi danışdı, biz isə çox sadə dildə bunu belə başa düşürük ki, ABŞ Azərbaycanla Ermənistanın böyük bir layihə ətrafında sıx və uzunmüddətli əməkdaşlığına nail olmaq üçün indi var gücü ilə çalışır. Halbuki O'Brayen ötən ilin dekabrında bunun tam əksini iddia edirdi. Ermənilər Qarabağdan çıxıb gedəndən sonra yuxarıda adını çəkdiyim müzakirələrdə o demişdi ki, bundan sonra Azərbaycanla münasibətlərimizdə heç nə əvvəlki kimi olmayacaq, Ermənistandan keçməyən heç bir dəhlizi tanımayacağıq, yəni Naxçıvana İran üzərindən gedən yolun əleyhinə çıxmışdı.
Mövqelər arasında kəskin fərq aydın görsənir. O zaman Ermənistana görə Azərbaycana düşmən kimi baxılırdısa, bu gün əksinə, Azərbaycanla Ermənistanın birgə həyata keçirəcəkləri (?) layihəni regionu "nicat marşrutu" hesab edilir.
Mərkəzi Asiyadan Atlantikaya qədər, Tacikistandan Kiyevə qədər milyonlarla insan bu layihələrdən götürüləcək mənfəətlərə ümid edir... Bu da O' Brayenin indi dediyi sözlərdir.
Burada kimin üçünsə "diplomatiyanın gücündən", kimin üçünsə "diplomatiyanın dəyişən havasından" danışmaq lazım gəlir...
İlkin Rüstəmzadə, "Nida" hərəkatının üzvü:
- Artıq 2 həftədir Azərbaycanda Avropa Çempionatı yayımını verən İTV, xüsusilə də şərhçiləri çox sərt şəkildə tənqid olunurlar.
Mənə görə, həddən artıq aşırıdır. O uşaqlar layiq deyillər buna. Əllərindən gələni edirlər, çünki.
O gün baxıram, Tural Dadaşovu tənqid edirlər. Yəni başqaları olsa, nəysə. Day Turalı da yox da.
Uşaqlığımdan futbol izləyirəm. Mən indiyədək Tural Dadaşov səviyyəsində idman şərhçisi görməmişəm.
Bəlkə məndən qabaq olub, bilmirəm. Amma mən görməmişəm.
Adamın intellekti, yaşatdığı həyəcan, qısa fasilələrdə verdiyi məlumatlar. Kinqdi, rəsmən.
Mən onun spikerliyindən zövq alıram. Və o apardığı oyunlarda səsi tam açıram ki, həyəcanı tam hiss edim.
Bizdə var, özününkünü bəyənməyib onun-bununkunu göyə qaldırmaq. Eləməyək bunu.
Vallah, başqalarını deyə bilmərəm, amma Turalın spikerliyi bütün türk, rus şərhçiləri qatlayıb cibinə qoyar.