|
|
|
|
Statistikalar göstərir ki, problemlərin "çıxış yolu" sayılan intiharların sayı ilbəil artır. Təəssüf ki, bütün dünya üçün spesifik olan bu hal ölkəmizdə də aktualdır. Xüsusən, koronavirus səbəbilə elan edilmiş karantin dövründə bu vəziyyət kütləviləşdi.
İntihar xəbərlərinin əksəriyyətində, əsasən, gənclərin buna cəhd etdiyinin şahidi oluruq. Ortaya çox ağır və düşündürücü sual çıxır: "Millətin, xalqın gələcəyini düşünməli olan gənclər niyə öz gələcəklərinin "gəlməyini" istəmirlər?"
Yaş artdıqca yaranan qayğılar, yaşıdlarından geri qalmaq düşüncəsi, diqqəti özünə cəlb etmək istəyi, sevgi "aclığı" intihara aparan körpü rolunu oynayır. İntihar psixologiyası ilə yaşamaq və bu düşüncələri sosial şəbəkə hesablarında "reklam etmək" demək olar ki, adi hal almağa başlayıb. Faciə isə orasındadır ki, bu mənzərənin subyektləri arasında hələ həyatın çətin tərəfini görməyən, çiyinlərində heç bir yük daşımayan orta məktəb şagirdləri də var.
Sosial şəbəkələrdəki məsuliyyətsiz paylaşımlar, bəzi media orqanlarındakı naşı başlıqlar, mətbuata uyğun olmayan, insan psixologiyasına birbaşa təsir edən xəbərlərin tirajlanması insanların alt şüurunu zədələyən səbəblərdən biridir. Amma problemin kökü daha dərində gizlənir. Hər şeydən əvvəl gənclərin düşüncəsindəki boşluğun, intihara cəhd etməyə səbəb olan sarsıntının səbəblərini aşkarlamaq və qarşısını almaq lazımdır. Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı düşüncələrini "525"lə bölüşərkən bildirib ki, intihar şəxsin hadisələrə münasibətidir: "İntihar haqqında düşünən şəxs özünü başqalarına ifadə etmək istəyir. Ya özündən qaçır, ya da başqalarından. İntihar düşüncə olaraq başlayan anlayışdır. İnsan anidən intihar etmir, onu planlayır. Özünü mənəvi olaraq öldürən şəxs, daha sonra varlığına son qoyur".
R.Nəcəfov intihara tətikləyən əsas səbəbi mühitə bağlayır: "Suisidal düşüncələrin yaranmasında mühitin təsiri böyükdür. Ətrafa qarşı fikir immuniteti formalaşmayan şəxs çıxış yolunu intiharda görür. Başqalarının fikirləri insanın yaşamasına problem yaratmamalıdır. İnsanlardan hər şey gözləmək olar, amma hər şeyi etmək məcburiyyəti olmamalıdır. Suisidal düşüncəsi formalaşan şəxslərin dialoqa ehtiyacları yaranır. İnsanlar hansısa şəxsi davamlı günahlandırsalar, o, intihar qərarında qətiyyət göstərəcək. İnsan həyatı ilə oynamağa heç kimin haqqı yoxdur. İntihar heç nəyi dəyişmir və çıxış yolu deyil".
Psixoloq intiharın qarşısını almaq üçün psixoloji dəstəyin vacibliyini vurğulayaraq bildirib ki, intihar düşüncəsinə qarşı alternativ düşüncələr formalaşmalıdır: "İnsan təkliyini tənhalığa çevirməməlidir. İnsan mənəvi olaraq tək qalanda özünü lazımsız hesab edir. Hətta özünə də lazım olmadığını dərk edir. Özünü dərk edir, sonra həyatı tərk edir. Psixoloji immunitetin yaranması üçün psixoloji maarifləndirmə fəaliyyətləri genişləndirilməlidir. Heç bir nəsnə insan həyatından daha vacib deyil. Hadisələrə münasibət peşəkar formada şərh edilməlidir. Rəqəmsal dünyada informasiya bölüşüldüyü zaman az yaşlıların oxuduğu unudulmamalıdır. Cəmiyyət özünü düşüncə olaraq tənzimləməlidir. Media və digər informasiya təqdim edən sahələrdə psixoloq mövqeyi aydın ifadə olunmalıdır. İnsanlar psixoloqlar tərəfindən obyektiv mövqe görməlidirlər. İnsanın iştirakçı olduğu bütün ünvanlarda intihara qarşı maarifləndirici təbliğatlar aparılmalıdır. İntiharın yaşı yoxdur, amma səbəbi var. Az yaşlıların intihar etməsi hər kəsə mənəvi travma vurur. İntihar hadisəsi başqa intihar hadisələrini də tətiklədiyi üçün, diqqətli olmaq lazımdır. Ailədə uşaqlarla zaman keçirmək və onları dinləmək lazımdır. Uşaqlarla şəxsiyyət olaraq davranılmalıdır. Təqdim olunan müsbət nümunələr qərəz və qınaq yaratmamalıdır. Uşaqları başqa həmyaşıdları ilə müqayisə etmək olmaz. Bu hallar özgüvənsizlik yaradır. Həyata qarşı mübarizə aparmağın müsbət bir şey olduğu düşüncəsi ifadə olunmalıdır. Ailədə psixoloq sağlam mühit varsa, böyüyən uşaq da sağlam düşüncəyə sahib olacaq. Məktəblərdə müəllimlər şagirdlərlə münasibətini həm qrup, həm də fərdi şəkildə tənzimləməlidir. Heç kim istər bilik, istərsə də digər istiqamətlərdə artıq olmamalıdır. Hər kəs fərqli, hər kəs bərabər olmalıdır. Qınaq və qərəzli mövqe sərgiləmək olmaz. Səhvlər edilməlidir və səhvlərdən dərs çıxarılmalıdır. Empatiya hissinin vacib olduğunu əyani olaraq göstərmək lazımdır. İstər ailədə, istərsə də məktəbdə sağlam psixoloji mühit formalaşmalıdır. Gələcək üçün hər kəs öz məsuliyyətini dərk etməlidir. Böyüklər uşaqları özlərinin yox, onların gələcəyinə hazırlamalıdırlar".
Klinik psixoloq Heyran İbrahim isə yeniyetmə intiharının əsas səbəbini özünü təsdiq edə bilməməkdə görür: "Yeniyetmə əgər özünü təsdiq edə bilmirsə, onun yaş prosesini, hormonal prosesini nəzərə alsaq, bu halı onu intihara sürükləyən baş faktor kimi göstərmək olar. Valideyinin övladını dinləməməsi, onun arzu və istəklərini gözardı etməsi, onun potensialını nəzərə almadan qərarlar qəbul etməsi də yeniyetmələrə psixoloji təsir göstərir. Övlad gələcəyin müəllimi olmaq istədiyi halda, valideyn onu həkim kimi görmək istəyir. Nəticə olaraq istəmədiyi yolu seçmək məcburiyyətində qalan yeniyetmə imtahanda az bal toplayır və bu da onun özünəinam hissinə zərər vurur, depressiv vəziyyət yaradır".
Psixoloq sosial şəbəkələrin də bu mövzuda payı olduğunu bildirib: "İntiharla bağlı xəbərlərin çoxluğu, qarşısını almaq üçün edilən paylaşımlar, reklamlar özü də gəncləri intihara təşviq edir. Sosial şəbəkələrə nəzarəti gücləndirilməli və senzura qoyulmalıdır. Müəllimlərin və valideynlərin bu halın qarşısının alınmasında xüsusi rolu var. Onlar mütəmadi əlaqədə olmalıdılar. Elə hallar olur ki, nəinki uşaq, həmçinin valideyn də müəllimdən qorxur, çəkinir. Valideynlə məktəb, müəllim arasında sıx əlaqə olmalıdır, biri digərini təsdiq etməlidir. Amma mühafizəkarcasına deyil, dostyana yanaşılmalıdır. Valideyn və müəllimin dinləyici rolu olmalıdır və ən əsası, empati qurmağı bacarmalıdılar. Pedaqoqun psixoloji biliyə malik olmasının vacibliyi bu yerdə özünü kəskin büruzə verir. Məktəblərdə diplomlu psixoloqların sayının artırılmasını çıxış yollarından biri kimi qiymətləndirirəm".
Psixoloqlarla aparılan araşdırmalardan sonra pedaqoq yanaşmasını öyrənmək üçün üz tutduq Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müəllimi Səidə Nağıyevaya. Söhbət zamanı Səidə xanım fikirlərini bizimlə bölüşərək intihara sürükləyən səbəblər sırasında sosial şəbəkələrin xüsüsi rolu olduğunu vurğuladı: "Gündəlik qayğılar, işlə bağlı problemlər valideynləri uşaqlardan uzaqlaşdırır, onlar arasındakı bağ qırılır. Nəticə etibarilə tənha qalan övladlar üz tuturlar sosial şəbəkə dostluqlarına. Bu hal davam etdikcə onun əsirinə çevrilirlər".
Səidə xanım özü də vaxtilə bu faciənin şahidi olub. Məktəbdə tənəffüs zamanı bir şagird özünü pəncərədən aşağı atıb və dünyasını dəyişib. S.Nağıyeva bu faciədən bəhs edərkən qeyd etdi ki, o hadisə baş verərkən heç kim özündə günah görmürdü: "Dəhşət isə burasındadır; valideynlər günahı müəllimlərdə, müəllimlər isə valideynlərdə görürdü. Amma səbəb axtarmaq mənasızdır. Nəticə göz önündədir, nəticə faciədir".
S.Nağıyeva qeyd etdi ki, intiharların qarşısını almaq üçün gənclər valideynləri və müəllimləri tərəfindən səbirlə dinlənilməlidir. Onlara təmkinlə, anlayışla yanaşmaq lazımdır. Bəzən onlar elə düşünür ki, çiyinlərində ağır yük daşıyırlar və bununla da neqativ düşüncələrə köklənirlər. Onlara həyatın rəngarəng olduğunu izah etmək lazımdır.
Mövzu ilə bağlı fikir bildirən həmsöhbətlərimin danışdıqlarından ortaya çıxan ümumi qənaət belədir: "Bu haldan çıxış yolu qarşılıqlı anlayışdır". Yolu doğru seçmək lazımdır. Yanlış addımlar, şüursuz davranışlar, balansı tarazlaya bilməmək intihara aparan yolun mərhələləridir. Fiziki ağrılarla ruhunun sakitləşəcəyini düşünən insanlar var. Hansı ki, onlar bir şeyi unudur. Ruh ölmür. Ağrılardan xilas olan yalnız cisimdir. İntihar isə "ağrıkəsici" deyil, əbədi bir ağrıdır.
Ləman İLKİN