Kainatda bütün astronomik cisimlər gecə-gündüz hərəkətdədir. Hər biri zərgər dəqiqliyi ilə, ölçülüb-biçilmiş nizamla öz yerində dayanıb, nəzərdə tutulmuş sürətlə və bir-birinə mane olmamaq şərtilə öz yoluna davam edir. Dünya saat mexanizmini və ya canlı orqanizmi xatırladır. Sükunətdə olan heç nə mövcud deyil, hər şey hərəkətdədir.
Yer kürəsində mövcud olan hər şey fasiləsiz hərəkətdə olduğu üçün nəticədə hər şeyin dəyişərək tez-gec köhnənin təzəsilə əvəzlənməyə məhkum olduğunu sübuta yetirir. Ona görə də bəşər övladı sayılan insanın səhlənkarlıq və tənbəllik edərək hərəkət kimi cana dərman və həyat üçün faydalı olan vacib işdən uzaq olması qətiyyən məqbul sayıla bilməz.
Dünyanın əşrəfi sayılan insan doğulan gündən onun hərəkətə ciddi ehtiyacı yaranır. Məlumdur ki, hərəkət materiyanın ayrılmaz cəhəti və mövcudluq formasıdır. Buna görə də nə materiyasız hərəkət, nə də hərəkətsiz materiya mövcuddur. İnsan övladının həyatın odlu-alovlu, qaynar və çal-çağırlı vaxtı sayılan gənclik illərində də onun aktivliyə, davamlı hərəkətə daha çox tələbatı yaranır. Fəallıq, hərəkət təkcə bizim bugünkü sağlamlığımız üçün deyil, həm də o bizim bütün ümumi varlığımız, həyatımız üçün təminat sayıla bilər. Allah insanları hərəkət üçün yaradıb. Ona görə də tənbəl və hərəkətsiz, işi və zəhməti sevməyən, əzvay adamlardan heç kimin xoşu gəlməz. Dünyanın dahi filosofları, mütəfəkkir alimləri hərəkətin insanlara çox faydalı olması barədə ölməz və dahiyanə sözlərini ulu tarixin səhifəsinə qızıl hərflərlə yazdırmışlar. Qədim dünyanın dahiləri, elm xəzinəsinə böyük töhfələr vermiş Platon, Sokrat, Aristotel, Hippokrat və başqaları sağlıqlarında, yüksək zehni əməklə yanaşı, müntəzəm olaraq gündəlik fiziki işlə və idmanla məşğul olurmuşlar. Onlar yazıb-yaratdıqları əsərlərində də hərəkəti, xüsusilə piyada gəzməyi, idmanı və fiziki işi ardıcıl hər gün yerinə yetirməyi insanlara tövsiyə ediblər. Qədim dövrün filosoflarına görə, insan ömrünü hərəkətsizlik qədər məhv edən ikinci şey yoxdur.
Qədim Elladanın qayalıqlarında vaxtilə belə bir müdrik kəlam həkk olunmuşdu: "Güclü olmaq istəyirsəncə, qaç! Sağlam olmaq istəyirsənsə, qaç! Gözəl olmaq istəyirsənsə, qaç"! Çox məntiqli və ibrətli sözlərdir. Hərəkət olmadan nə insan özü, nə də həkimlər xəstəliyi sağaltmaq və əmək qabiliyyətini bərpa etmək imkanına malik deyillər. Böyük rus fizioloqu İ.P.Pavlov insanın aktiv hərəkət rejiminə ciddi riayət etməklə uzun müddət öz əmək qabiliyyətini qoruyub saxlaya bilməsi haqqında əsaslı fikirlər irəli sürüb. İnsan dayandıqda, oturaq halda və uzanmış vəziyyətdə olduqda onun ürəyinin və qanı ürəyə qovan kapilyarların normal iş fəaliyyəti aşağı düşür. Eyni zamanda qan dövranının normal vəziyyəti də zəifləyir. Odur ki, bu gün də səhhətində ciddi problemi olmayan insanlar, o cümlədən, gənclər hər gün idman hərəkətləri etməli, piyada gəzinti ilə yanaşı, öz arzusu və istəyinə görə, gücü çatan qədər qaçmalıdırlar.
Azərbaycan xalq ədəbiyyatının qədim yazılı abidəsi, yüz illərdən bəri dünya alimlərinin tədqiqat obyektinə çevrilmiş "Kitabi-Dədə Qorqud" dastanında Oğuz elinin, xüsusən gənclərin aktiv həyat tərzindən, fiziki hərəkətliliyindən geniş söhbət açılır. Dastanda Oğuz igidlərinin gündəlik həyatının, onların fiziki mədəniyyətinin əsasını təşkil edən güləş, əlbəyaxa döyüş, atçapma, oxatma, qılıncoynatma və başqa idman növləri təsvir olunub. Oğuz övladlarının əsərdəki məşq və ya döyüş səhnələri hər bir Azərbaycan vətəndaşının, o cümlədən, hər bir igid və qorxmaz gəncimizin damarlarındakı qanını coşduran qüvvəyə çevrilib. Onlar Oğuz bahadırlarının igidliyindən, cəsarətindən və qorxmazlığından nümunə götürərək Vətənin müdafiəsinə qalxdılar. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin mətin iradəsi, uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində gənclərimiz, dastanda tərənnüm olunan döyüş səhnələrindən də ruhlanan əsgər və zabitlərimiz düşməni birdəfəlik məhv etməklə torpağlarımızı tamamilə işğaldan azad etdilər. Onların müharibədə göstərdiyi əzmkarlıq, cəsurluq, mətinlik, igidlik və qəhrəmanlıq həmin vaxtdan müasir Azərbaycan gəncliyinə və gələcək nəsillərə bir şanlı nümunə kimi tarixə düşdü.
Ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi hər iki dövrdə gənclərə böyük qayğısı və inamı vardı. Onun diqqət və qayğısı nəticəsində gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsinə çevirildi. Ulu öndərimiz fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsini vacib amil kimi ön plana çəkərək demişdi: "Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq. Bu gün dövləti, milləti idarə edirik, amma sabahı düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki cəhətdən sağlam, mənəvi, əqli cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq. Bunlar da məhz bu cür komplekslərdə yaranır. Bu, gəncləri narkotiklərdən, spirtli içkilərdən istifadə etməkdən çəkindirəcəkdir. Lazımdır ki, gənclər, fiziki cəhətdən sağlam olsunlar. Bu kompleksdə gənclər üçün bunu təmin etmək mümkün olacaqdır. Ona görə bunun həm böyük siyasi, həm iqtisadi, həm də sosial əhəmiyyəti var".
Azərbaycanda Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər və idman siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 20 ildə respublikamızda idmanın dünya səviyyəsindəki inkişafına mükəmməl qaydada xidmət edə bilən böyük idman qurğuları və kompleksləri tikilib istifadəyə verilib. Cənab Prezidentimizin müdrik siyasəti və rəhbərliyi sayəsində Azərbaycan dünyanın idman ölkəsinə çevirilib. Çünki dövlətimiz tərəfindən dünyanın ən möhtəbər idman yarışlarını respublikamızın paytaxtı Bakı şəhərində və digər inzibatı mərkəzlərimizdə keçirmək üçün dünyada ən qabaqcıl beynəlxalq standarta uyğun olan hər cür maddi baza, imkan və şərait yaradılıb. Respublika gənclərinin fiziki tərbiyəsinə böyük diqqət və yüksək həssaslıqla yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində dərin inam hissilə bildirib: "Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar. Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var".
Hərəkət insana hava, su, günəş və qidalanma qədər vacibdir. Ona görə də hərəkət həmişə yeni nəsilin, o cümlədən, gənclərin də sağlam həyat tərzinin açarı, devizi olmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, dünyada 11-17 yaş arasında olan yeniyetmələr və gənclər zəruri aktiv hərəkətdən çox uzaq dayanaraq oturaq həyat tərzi ilə gün keçirməyə həvəs göstərirlər. Hesablamalara görə, indi dünyada yaşayan hər beş yeniyetmə və gəncin dördü gündəlik fiziki aktivlikdən istifadə etmədiyinə görə passiv həyat tərzi keçirir. ÜST-ün verdiyi statistikada göstərilir ki, dünyanın 146 ölkəsində 11-17 yaşlı yeniyetmələr və gənclər arasında sorğu aparılıb və 146 ölkədən 142-də qızların aktivliyi müəyyən edilib. Məlum olub ki, təkcə Almaniyada oğlanların 79,7, qızların isə 87,9 faizi az hərəkətlilik şəraitində yaşayır. Elm adamları bu cür həyat tərzini "texnoloji inqilab"la əlaqələndiriblər. Bu da nəticədə yeniyetmə və gənclərin az hərəkət etməsinə və onların oturaq həyat tərzinə həvəs göstərməsinə səbəb olur. "Texnoloji inqilab"ın təsiri və asılılıq nəticəsində yeniyetmə və gənclər küçədə veloseped sürmək və ya piyada gəzmək istəyini itirirlər.
ÜST-ün tövsiyəsinə müvafiq olaraq 5 yaşdan 17 yaşadək uşaq, yeniyetmə və gənclər ən azı gündə 60 dəqiqə aktiv hərəkət etməlidirlər. 18-29 yaş mərhələsində olan gənclər isə həftədə ən azı 150 dəqiqə aktiv hərəkət etməli və ya 75 dəqiqə idmanla məşğul olmalıdırlar. Fiziki hərəkətləri məhdudlaşdırmaqla insanların passiv mövqe tutması müasir dövrün ən böyük problemlərindən biridir.
İdarə, müəssisə və təşkilatlarda, eləcə də ofis şəraitində işləyən gənclər sağlam qidalanmaya ciddi fikir verməklə yanaşı, mütləq aktivliyi artırmalı, müvafiq hərəkətlər etməlidirlər. Əks halda başağrısı, başgicəllənmə, göz yorğunluğu, özünəqapanma, hərəkət-dayaq orqanlarının problemləri, artıq çəki, yaddaşsızlıq və sair xəstəliklər üçün münbit şərait yarana bilər. Belə işçilər gündə fiziki aktivliyi 150 dəqiqəyə çatdırmalıdırlar. Çünki xüsusilə ofis işçilərində beyin bütün iş günü ərzində istirahətsiz işlədiyinə görə qanda şəkərin miqdarı azalır, yemək ehtiyacı çoxalır. Ümumdünya Səhiyyə Təşkilatı 2002-ci ildə 54-cü Ümumdünya Səhiyyə Assambleyasında bütün dünya ölkələri tərəfindən hər il 6 aprel tarixinin Ümumdünya Fiziki Aktivlik Günü kimi qeyd olunmasını qərara alıb. Hər ilin 6 aprel tarixində ölkəmizdə bütün yaşdan olan insanlar, xüsusilə gənclər arasında fiziki aktivliyin daha da artırılması üçün kütləvi maarifləndirici tədbirlərin keçirilməsi üçün geniş meydan açılır. Əgər insanlar hərəkətli həyat yaşayıb, idmanla dostluq etsələr, sağlam bədənlə və sağlam ruhla gözəl bir həyat yaşamağa nail olarlar!