Azərbaycanda yeni informasiya agentliyi fəaliyyətə başlayıb. “Report” müstəqil informasiya agentliyinin (İA) əsas veb-resursu olan report.az saytı bu gündən etibarən oxucuların istifadəsinə verilib.
Modern.az-ın məlumatına görə, “Report” İA siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri oxuculara operativ şəkildə çatdırmağı qarşısına məqsəd qoyub. Agentlikdə qeyd olunan sahələrin peşəkar və əhatəli işıqlandırılması üçün öz sahəsi üzrə ixtisaslaşmış jurnalistlər çalışır.
report.az saytı oxucuların rahat şəkildə xəbər əldə etməsi üçün bir sıra yeniliklər tətbiq edir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda istənilən xəbərin asanlıqla hər 3 dildə olan variantını oxumaq imkanı yaradılıb - bunun üçün istənilən xəbərdə tələb olunan dili seçmək kifayətdir.
“Report” informasiya agentliyi ictimai-siyasi xadimlərin məlumat bazasını yaradıb. Oxucular saytda ayrıca bölmədə, həmçinin xəbərlərdə həmin şəxsin adının istinad etdiyi linki açaraq həyat və fəaliyyətini əks etdirən xronologiya ilə tanış ola bilərlər.
Report” informasiya agentliyi gündəlik bülletenlər vasitəsi ilə də məlumat ötürülməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər saytda gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.