|
|
|
|

Əfsanəvi şəxsiyyət Martin Lüter Kinq dünyada xristian inancından və Mahatma Qandinin fəaliyyətindən ilhamlanaraq həyata keçirdiyi dinc itaətsizlik və zorakılığa baş vurmama yolları ilə insan hüquqları uğrunda apardığı mübarizəyə görə tarixə düşmüş görkəmli hərəkat liderlərindən biridir. Biz burada onun həyat yolundan söhbət açmaq fikrində deyilik. Yazımız milyonlarla insanın ümid işığı olan bu şəxsiyyətin, yəqin indiyədək Azərbaycanda əksəriyyətə naməlum qalan, təəssüf ki, Martin Lüter Kinqin imici üçün heç də xoş olmayan bir "sirri"ndən bəhs etmək istəyilə hazırlanıb və buna görə də dərhal mövzuya fokuslanırıq.
Martin Lüter Kinq 1955-ci ildə Boston Universitetində "Paul Tillich və Henry Wiemanın düşüncələrində "Tanrı" anlayışının müqayisəsi" adlı dissertasiya işini yazaraq fəlsəfə doktoru elmi dərəcəsi almışdı. Maraqlıdır ki, onun ölümündən sonra bir doktorant bu əfsanəvi fenomenin yazmış olduğu dissertasiya işinin həmin universitetdə daha əvvəl Jack Boozer adlı başqa birinə məxsus olan doktorluq dissertasiya işinin demək olar ki, eynisi olmasını aşkara çıxarır. Bununla da bu görkəmli şəxsiyyətin müdafiə etmiş olduğu həmin dissertasiya işi nəzarətə götürülür və işdə çoxsaylı plagiat hallarına yol verilməsi ortaya qoyulur. Təbii ki, sözügedən xoşagəlməz reallığın işıqlandırılması Nobel Sülh mükafatına layiq görülən, bir çox şəhərlərdə küçələrə adı verilən, şöhrətini əbədiləşdirən xüsusi gün təsis edilərək hər il xatırlanan, ABŞ Yəhudi Komitəsi tərəfindən Amerikan Azadlıq Medalyonu ilə mükafatlandırılan, "geridəqalmışlığa qarşı cəsarətli müqavimət göstərdiyinə və sosial ədalətin və insan ləyaqətinin inkişafına verdiyi ömürlük fədakarlığa görə" "Marqaret Sanger" mükafatını alan, iyirmiyədək universitetin "fəxri doktoru" olan bir hərəkat lideri üçün arzuedilməz bir vəziyyətin meydana çıxmasına yol aça bilərdi. Ona görə də həmin dövrdə bu məlumat mətbu orqanlarda yayımlanmamışdı. Təsadüfi deyil ki, "New Republic" jurnalında mütəmadi olaraq yazıları dərc olunan Charles Babington "Washington Post", "New York Times" və "New Republic" mətbu nəşrlərinin Kinqin plagiata yol verməsi ilə bağlı faktları bildiyini, lakin onları dərc etməkdən imtina etdiyini açıqlamışdı.
Beləliklə, ta 1989-cu ilədək bu məsələ ictimailəşmədi. Nə oldusa, elə məhz həmin ildə oldu. Belə ki, plagiat dissertasiya işi haqqında 1989-cu ilin 3 dekabr tarixində "London Telegraph"da xəbər dərc edildi. Bununla da həmin il və ardınca gələn 1990-cı ildə Boston Universiteti Martin Lüter Kinqin plagiat qalmaqalını araşdırmaq üçün dörd üzvdən ibarət olan nüfuzlu elm xadimlərindən təşkil edilmiş bir komitə yaratdı. Komitə dissertasiya işində plagiata yol verildiyini qəti şəkildə təsdiq etdi. Dissertasiyada birinci hissənin 45 faizinin, ikinci hissənin isə 21 faizinin, toplamda isə 60 faizdən çoxunun plagiat olması qənaətinə gəlindi. Lakin təəccüblü də olsa, komitə nəticə etibarilə doktorluq dərəcəsi elmi adının ləğvinə gərək olmadığına qərar verdi. Bunu isə yuxarıda sözügedən qalmaqallı hadisənin mətbuatda daha əvvəl yayımlanmasından çəkinilməsi səbəbi ilə izah etmək olar.
Maraqlıdır ki, bu gün belə, Martin Lüter Kinqin elmi işinin nüfuzuna xələl gəlməsin deyə, onun orijinal dissertasiyasının içinə bir məktub əlavə olunub. Bu məktubda dissertasiya işinin bir çox hissəsində müvafiq sitatlar və mənbələrə sadəcə olaraq istinadların olmaması qeyd edilib. Göründüyü kimi, bu məktub plagiat faktının dolayı yolla təsdiqi sayıla bilər.
Həmin dissertasiya işini bu linkə daxil olaraq oxumaq mümkündür: https://web.archive.org/web/20141107223114/http://mlk-kpp01.stanford.edu/primarydocuments/Vol2/550415AComparisonOfTheConceptionsOfGod.pdf
Qeyd edək ki, sonralar "Britannika" ensiklopediyasının icraçı redaktoru Theodore Pappas əvvəllər 40 naşir tərəfindən çapı rədd edilsə də, böyük çətinliklərlə dərc etdirdiyi "Plagiarism and the Culture War" (Tampa, FL: Hallberg Pub, 1998) adlı kitabında (səh. 103) sözügedən dissertasiya işini diqqətli şəkildə təhlil edərək özündən əvvəl başqa birisi tərəfindən yazılmış dissertasiya işinin nə az, nə çox, düz 66 faizinin köçürülərək plagiat edildiyi nəticəsinə gəlmişdi. Bu haqda daha ətraflı şəkildə məlumat əldə etmək istəyənlər həmin kitabla yanaşı, müəlliflərdən Gary Northun "How Martin Luther King, Jr. Got Away With Plagiarism: Different Strokes for Different Folks" ("Martin Lüter Kinq plagiatdan necə yaxa qurtardı: fərqli insanlar üçün fərqli zərbələr") adlı yazısını (https://www.garynorth.com/public/335.cfm) oxuya bilərlər.

Martin Lüter Kinqin plagiatla məşğul olmasına dair xatırlatmalardan biri də İra Zeppə məxsusdur. O, Kinqin "Stride Toward Freedom: The Montgomery Story" ("Azadlığa doğru iri addımlarla: Monqqomeri hekayəsi") kitabının müəyyən hissələrinin iki ilahiyyatçı tərəfindən yazılmış kitablardan köçürüldüyünü ortaya qoyub. Halbuki görkəmli aktivist bu əsərinə görə 1959-cu ildə hətta Anisfild-Volf Kitab mükafatına layiq görülmüşdü.
Müxtəlif vaxtlarda bir sıra tədqiqatçılar, inanılması nə qədər çətin də olsa, Martin Lüter Kinqin Nobel Sülh mükafatını alarkən söylədiyi nitqinin, habelə "Birmingem həbsxanasından məktub" əsərinin də plagiat olduğunu qətiyyətlə bildirmiş və iddialarını sübut edəcək çoxsaylı dəlillər ortaya qoymuşlar. Qeyd edək ki, onun 1963-cü ildə Vaşinqtonda 250 minə qədər insanın qarşısında söylədiyi, 1999-cu ildə isə "xalqa müraciət edən alimlər arasında keçirilən sorğu"da XX əsrin ən yaxşı amerikan çıxışı seçilmiş məşhur "Mənim bir arzum var" ("I have a dream") nitqinin də plagiat olduğunu deyənlər vardır. Məsələn, tarixçi Drew D.Hansen iddia edir ki, bu təsirli nitq 1950-ci illərin qaradərili təbliğatçısı sayılan Archibald Careyin (bu şəxs haqqında daha ətraflı məlumat əldə etmək üçün bax: https://en.wikipedia.org/wiki/Archibald_Carey_Jr.) bir çıxışından götürülüb.
Martin Lüter Kinqin plagiata yol verməməsini deyənlər və bu haqda araşdırmalar edib öz fikirlərini yayımlayanlar da yox deyil. Bu haqda oxucular Roma Katolik metafizik professoru George F.McLean tərəfindən qələmə alınan "King's Scholarship Was Central to His Vision" adlı məqaləyə ("Wall Street Journal", 21 yanvar 1991) nəzər sala bilərlər. Martin Lüter Kinqi müdafiəyə yönələn məqalələrdən birini də Keith Miller yazmışdı. İstəyənlər onun "Voice of Deliverance: The Language of Martin Luther King Jr., and Its Sources" adlı araşdırması ilə tanış ola bilərlər (New York: Free Press, 1992). Lakin dərhal qeyd edək ki, tutarlı faktlara söykənməyən bu müdafiə yazıları o qədər də inandırıcı görünmür. Bu müdafiələr Martin Lüter Kinqin bir zamanlar yol verdiyi plagiatçılıq fəaliyyətini sanki yumşaltmaqdan başqa bir işə yaramır.
Əlbəttə, könül istəyərdi ki, milyonlarla insanın qəlbinə yol tapmış və insanlıq üçün misilsiz xidmətlər göstərmiş Martin Lüter Kinqin plagiatla ittiham olunmasına dair gətirilən dəlillər ona atılmış iftira olsun, yalan çıxsın. Lakin təəssüf ki, təqdim olunan güclü arqumentlər bunun tam tərsini deyir. Göründüyü kimi, dövrünün insan haqları hərəkatına rəhbərlik etmiş bu liderin köçürmə hallarına yol verildiyi iddia edilən əsərlər bir deyil, çoxsaylıdır. İş o həddə çatıb ki, Kinqin karyerasının ta əvvəlindən bəri yazdığı və təbliğ etdiyi əksər əsərlərində yol verdiyi çoxsaylı plagiatçılıq fəaliyyətinə dair mənbələr onun dərc edilmiş "Məqalələri"nin birinci cildində (Berkeley: University of California Press, 1992) köçürmə edilən orijinal əsərlərə alt qeydlər verilərək göstərilib. Bu isə plagiatçılıq halının etirafına məcbur qalındığını bir daha göstərir. Bunu gizlətmək məqsədilə hətta onun "Məqalələri"nin birinci cildi uzun illər dərc edilməmişdi.
Plagiat, buna yol verənin kimliyindən asılı olmayaraq, təbii ki, haqq qazandırılası bir iş deyil. Məsələ burasındadır ki, plagiat qalmaqallarında adı hallanan məşhur şəxsiyyət təkcə Martin Lüter Kinq deyil. Dünyada məşhur olan belə insanlar çoxdur. Həmin tanınmış simalar sırasına ABŞ prezidenti Co Baydeni, Macarıstanın sabiq prezidenti Pal Şmitti, Rumıniyanın sabiq Baş naziri Viktor Pontanı, Almaniyanın sabiq müdafiə naziri Karl-Teodor zu Quttenbergi, tanınmış gitara ifaçısı və musiqi yazarı Conni Kaşı, niderlandlı psixoloqu Rene Diekstranı və bir sıra digər tanınmış şəxsiyyətləri də aid etmək olar. Adlarını sadaladıqlarımın və başqa məşhur insanların fəaliyyətindəki plagiat elementlərinin bir çoxu sübuta yetirilmiş sayılır. Gələcəkdə onların bu sahədə isbatlanmış hesab olunan xətaları barədə də söz açmaq fikrimiz var.



