Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində İrəvan quberniyasının İdarə Heyətinin məhəllə mollası vəzifəsindən azadetmə ilə bağlı işlərə dair bir sıra sənədlər qorunub saxlanmaqdadır. Belə ki, həmin işlərdən biri 5 mart 1916-cı ildə başlayıb 13 mart 1916-cı ildə qurtaran Baş Noraşen məhəllə mollası Fərzalıbəy Fərəculla bəy oğlunun vəzifəsindən və ümumiyyətlə, xidmətdən azad edilməsi və onun vəzifələrinin Şərur-Dərələyəz qəza qazısı Mir İsmayıl İbrahimzadəyə həvalə edilməsi ilə bağlıdır (Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi, f. 23, s.1, iş 3515, v.1-4). İş materiallarında İrəvan quberniya Məclisinin İrəvan qubernatoruna ünvanladığı 04 mart 1916-cı il tarixli, 274 nömrəli təqdimatında deyilir:
"Zati-aliləri, İrəvan qubernatoru cənablarına.
Quberniya Məclisi sizdən şərəf sayğısı ilə xidmətin xeyri üçün 22 fevral 1910-cu ildən bu vəzifəyə təyin olunmuş Baş Noraşen məhəllə mollası Fərzalıbəy Fərəculla bəy oğlunun sağlamlığının zəif olması və keçən ilə dair doğum şəhadətnaməsi dəftərini yazmadığı üçün tutduğu vəzifədən azad edilməsini, onun vəzifələrinin Şərur-Dərələyəz qəza qazısı Mir İsmayıl İbrahimzadənin üzərinə qoyulmasını xahiş edirik.
Həmin müraciətə qubernator tərəfindən İrəvan Quberniya Məclisinin təqdimatına 13 mart 1916-cı il tarixli, 1195 nömrəli məktubla belə cavab verilmişdir: "...xidmətin xeyri üçün Baş Noraşen məhəllə mollası Fərzalıbəy Fərəculla bəy oğlu molla vəzifəsindən azad olunsun. Mən öz vəzifəsini icra etməklə yanaşı, həmin vəzifənin yerinə yetirilməsini Şərur-Dərələyəz qəza qazısı Mir İsmayıl İbrahimzadənin üzərinə qoymaqla bu barədə məlumat və müvafiq sərəncam verilməsi üçün Məclisə bildirirəm".
İş materiallarındakı digər sənədlər göstərir ki, sözü gedən göstərişin nüsxəsi Şərur-Dərələyəz qəza rəisinə məlumat üçün göndərilib.
İrəvan quberniyasının İdarə Heyətinin doğma yurdumuza qarşı aparılan məkrli siyasəti daha qabarıq şəkildə hiss etmək üçün xüsusilə diqqəti cəlb edən bir işi 1895-ci ilin noyabr ayının 25-də başlayıb həmin ilin dekabr ayının 12-də qurtaran Seyid Hacı Mir Həşimin Ordubad qəza qazısı təyin edilməsi ilə bağlıdır (Naxçıvan MR Dövlət Arxivi, f. 2, s.1, iş 1435, v.5). İş materiallarında saxlanılan Naxçıvan qəza rəisi tərəfindən İrəvan qubernatoruna ünvanlanan 04 noyabr 1897-ci il tarixli raporta nəzər salmaq maraqlı olar:
"Zati-aliləri, İrəvan qubernatoru cənablarına.
Ordubad Müsəlman Cəmiyyəti mənim Ordubad şəhərində olduğumdan Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü təyin olunmuş qazı Hüseynbəyovun əvəzinə Seyid Hacı Mir Həşimin Ordubad qazısı təyin olunması ilə əlaqədar Sizin Zati-alilərin razılığını almaq məqsədilə vəsatətlə müraciət etməyimi xahiş etmişdir.
Seyid Hacı Mir Həşimi Ordubad şəhərində və ətrafında öz dürüstlüyü, etibarlığı, əhaliyə yaxşı təsiri ilə məmurların hörmətini və hətta ermənilərin rəğbətini qazanmışdır. Dini təhsili olmayan Mir Həşim müsəlman fanatikliyindən kənardır. Ona görə də onun Ordubad qazısı vəzifəsinə təyin edilməsi arzuolunandır. Hüseynbəyovun Ordubad qazısı təyin olunmasınadək həmin vəzifəni bir müddət Mirhəşim icra edirdi. Onun idarəçilik müddəti tam sakitçiliklə, hər hansı bir şikayətin və şər-böhtanların olmaması ilə fərqlənmişdir.
Yuxarıda qeyd olunanlara əsasən ordubadlıların xahişinə qoşularaq artıq dərəcədə Zati-alilərdən Seyd Hacı Mir Həşimin Ordubad qazısı vəzifəsinə təyin edilməsinə rədd cavabının verilməməsini xahiş edirəm. Onu da qeyd etmək istəyirəm ki, təsdiq olunduğu halda Mir Həşim Tiflis şəhərinə gedərək qazılar üçün müəyyən edilmiş imtahanı Şiə Ruhani İdarəsində verməyə hazırdır. Bununla bərabər, mən həmin qəzanın idarə edilməsini əvvəlki nümunəsinə əsasən Seyid Hacı Mir Həşimin üzərinə qoyulmasını xahiş edirəm".
Raportda xüsusilə "ermənilərin rəğbətini qazanmışdır", "Dini təhsili olmayan", "müsəlman fanatikliyindən kənardır" ifadələri tam əminliklə onu deməyə əsas verir ki, məhz dini bilikləri olmayan, ya da az olan, bölgədə ermənilərə yaxın adamlarin qazı vəzifələrinə təyin olunmağa meyl göstərilməsi Rusiyanın maraq və mənafelərinə uyğunluğundan irəli gəlmişdi. Təsadüfi deyil ki, belə şəxslər onlar üçün hər zaman "arzuolunan" hesab edilmiş, onlara hiss olunmadan daima güzəşt və imtiyazlar verilərək qorunmağa çalışılmışdı.
İrəvan qubernatorunun İrəvan quberniya Ruhani Məclisinə ünvanladığı 30 noyabr 1897-ci il tarixli müraciətində isə deyilir: "Naxçıvan qəza rəisi Seyid Hacı Həsənin Ordubad qəza qazısı vəzifəsinə təyin olunması barədə vəsatət qaldırmışdır. Buna görə də Quberniya Məclisinə Seyid Hacı Mir Həşimin "Axund" adını almağa attestatın olması barədə, əgər yoxdursa, həmin attestatın verilməsinədək bunun onun göstərilən vəzifənin yerinə yetirilməsinə maneələrin yaradıb-yaratmaması barədə mənə bildirilməsini təklif edirəm".
İrəvan Quberniya Ruhani Məclisindən qubernatora ünvanlanan 2 dekabr 1897-ci il tarixli raportda isə bildirilir: "Noyabr ayının 30-da, 4709 nömrəli göstərişinizə əsasən Quberniya Məclisi Zati-alilərinə ehtiramla və şərəf olaraq çatdırır ki, Seyid Hacı Mir Həşimin "Axund" adını daşımağa attestatı mövcud deyil və əgər bu hal Müsəlman Ruhaniləri ilə bağlı Əsasnamənin 16-cı maddəsinə əsasən onun Ordubad qəza qazısı vəzifəsinə təyin olunmasına maneə deyildirsə, belə olan halda Məclis həmin şəxsin müəyyən edilmiş attestatının təqdim edilməsinədək göstərilən vəzifənin müvəqqəti icra edilməsinə buraxılması üçün heç bir maneə görmür.
Sədr: A.M.Qazızadə, Üzvlər: A.Rəfiyev, İş tərtibatçısı: D.Murtayev".
Məhəllə mollası adının verilməsinə dair attestatı belə olmayan bir şəxsin qazı təyinində bu qədər israrlı olmaq bir daha bu nəticəyə gəlməyə əsas verir ki, bu cür şəxslər hər zaman o dövrün rus siyasətinə uyğun gəlib.
Qeyd edək ki, İrəvan qubernatorundan İrəvan Quberniya Ruhani Məclisinə göndərilmiş 12 dekabr 1897-ci il tarixli məktubda qeyd olunur ki, "Cari ilin dekabr ayının 2-də 504 nömrəli raporta əsasən Ordubad qəza qazısı vəzifəsini müvəqqəti olaraq Ordubad şəhər sakini Hacı Seyid Mir Həşim Ağa Mir Həsən oğluna həvalə edilməsini və özünü təyinata uyğun doğruldarsa və "Axund" adını alması barədə müsəlman ruhaniləri ilə bağlı Əsasnamənin 16-cı maddəsinə əsasən attestatı təqdim edərsə, həmin vəzifəyə təsdiq edilməsi üçün təqdimatla vaxtında müraciət edilməsini təklif edirəm. Hacı Seyid Mir Həşimə bildirilməlidir ki, altı ay ərzində attestat təqdim edilmədiyi halda, o, tutduğu vəzifədən azad olunacaqdır".
İş materiallarında saxlanılan, Naxçıvan qəza rəisi vəzifəsini icra edənin məlumatında isə bildirilir ki, "İrəvan quberniya Məclisinə Ordubad qəza qazısı vəzifəsinin icrasını müvəqqəti olaraq Ordubad şəhər sakini Hacı Seyid Mir Həşim Ağa Mir Həsən oğluna həvalə edilməsi qüvvəsini almışdır".
İşdə olan, Yüksək dərəcəli Axund Əbdül Salamın 23 may 1898-ci il tarixli, 1824 nömrəli müraciətinin məzmunu isə belədir:
"İrəvan Quberniya Məclisi bu tarixli, 194 nömrəli təqdimatla Zaqafqaziya Şiə Ruhani İdarəsinə Ordubad sakini Hacı Mir Həşim Ağaya müəyyən olunmuş imtahanı keçdiyi üçün Ordubad məhəllə mollası adının verilməsinə dair attestatın təqdim edilməsi barədə müraciət etmişdir.
Naxçıvan qəza rəisinin məlumatına görə, Hacı Mir Həşim Ağa insan kimi yüksək əxlaqi keyfiyyətlərə malikdir, insanlara yaxşı təsiri vardır, yeri əhalinin arasında böyük nüfuza və inama malikdir. Buna görə də onun müsəlman ruhaniliyinə cəlb edilməsi arzuolunan və faydalı olardı. Bu baxımdan Hacı Mir Həşim Ağaya məhəllə mollası adının verilməsi ilə bağlı attestatın təqdim edilməsi barədə Sizin sərəncam verməyinizi xahiş edirəm".
İrəvan quberniyasının İdarə Heyətinin başqa digər biri işi 1903-cü ilin avqust ayının 16-da başlayıb 1904-cü ilin yanvar ayının 4-də qurtaran Təzəkənd-Sərddərabad kənd sakini Axund Hacı Molla Fərəculla Hacı Ələsgər oğluna Şərur-Dərələyəz qəza qazısı vəzifəsinin verilməsinə dair xahişnaməyə baxılması ilə bağlıdır (Naxçıvan MR Dövlət Arxivi, f. 24, s.1, iş 1816, v.1-3). İş materiallarında onun İrəvan qubernatoruna ünvanladığı 11 avqust 1903-cü il tarixli xahişnaməsində yazılıb:
"Zati-aliləri, İrəvan qubernatoru cənablarına.
Şərur-Dərələyəz qəza qazısı Hacı Molla Aliya Axundzadənin vəfatından bu günədək qeyd olunan vəzifə vakant olaraq qaldığından acizanə şəkildə Sizdən Zati-alilərindən mənim həmin vəzifəyə təyin olunmağıma dair sərəncam verməyinizi xahiş edirəm.
Bununla yanaşı, əlavə edirəm ki, "Axund" adının daşınması barədə Şiə Təlim İdarə Heyətindən attestatım vardır. Nə qədər ki, mən qeyd olunan vəzifənin tutulmasına namizəd hesab olunuram, həmin attestat hələ 1901-ci ilin fevral ayında Sizə təqdim edilmişdir".
İş materiallarında saxlanılan 22 avqust 1903-cü il tarixli sənəddən aydın olur ki, İrəvan Quberniya Məclisinə "Təzəkənd-Sərddərabad kənd sakini Axund Hacı Molla Fərəculla Hacı Ələsgər oğlunun vəfat etmiş Hacı Molla Aliya Axundzadənin yerinə Şərur-Dərələyəz qəza qazısı vəzifəsinə verilməsi ilə bağlı xahişnaməsi göndərilməklə Quberniya İdarə Heyəti qubernatorun icazəsi ilə qeyd olunan xahişnamə ilə bağlı lazımi məlumatların və rəyin təqdim edilməsinə göstəriş vermişdir".
Qubernatorun Şərur-Dərələyəz qəzasının rəisinə ünvanladığı 6 oktyabr 1903-cü il tarixli, 4644 nömrəli müraciətində isə deyilir: "Təzəkənd-Sərddərabad kənd sakini Axund Hacı Molla Fərəculla Hacı Ələsgər oğlu mənə müraciət edərək onun Şərur-Dərələyəz qəza qazısı vəzifəsinə təyin edilməsini xahiş etmişdir. Buna əsasən Siz Zati-alilərinə həmin şəxsin əxlaqi keyfiyyətləri və ziyanverici sekta və fanatiklərə mənsubiyyətinin olub-olmaması barədə məlumatları təqdim etməyi təklif edirəm".
4 yanvar 1904-cü il tarixli, kim tərəfindən yazıldığını müəyyən edə bilmədiyimiz bir sənəddəki "Şərur-Dərələyəz qəza qazısı vəzifəsinə Qars dairə təbəqə məhkəməsinin qazısı Axund Mirzə Məmməd Hacı Riza oğlu təyin olunduğundan hazırkı işi bitmiş hesab edirəm" məzmunlu qeyd də o dövrün bu sahədəki mənzərəsini əks etdirmək baxımından xeyli maraqlıdır.