Dünyanın qalmaqallı, gərgin olduğu qədər də zəngin bir vaxtında bilmirəm yeni qəzet yaratmaq istəyi hardan beynimizə pərçimləndi. 1991-ci ilin sentyabrından 94-ün oktyabrınadək “7 gün”dən “Müxalifət”ə, “Müxalifət”dən də əvvəlki yerimə qayıtsam da, yeni bir qəzet açmaq istəyimi dostum Yusif Nəzərliyə deyəndə təəccüblənmədi. Əslində təəccüblü bir şey də yox idi. Gündə bir qəzet açılırdı, indi hər gün bir sayt ortaya çıxdığı kimi, o zaman da köşklərdə yeni bir qəzet peydə olurdu. Mətbuatın bol, sözün aşıb-daşan vaxtı “Şərq”i yaratmaq ideyası beləcə doğdu.