Susuz səhralara su daşıyırsan,
Sən dərin quyusan, Məmməd İsmayıl!
Zəm-zəm suyu kimi bu Yer üzünün
Ən sərin suyusan, Məmməd İsmayıl!
Şairsiz olarsa bu Yer kürəsi,
Nəyə dəyəsidi, nəyə dəyəsi?!
Pələngin pəncəsi, Şirin nərəsi,
Qartalın qıyısan, Məmməd İsmayıl!
Dinib-danışırsan kiriyəndə də,
Yeriyə bilməyib yeriyəndə də...
Axırsan sozalıb quruyanda da,
Sən Əsrik çayısan, Məmməd İsmayıl!
Çoxu yoxuşlarda ayaq saxladı,
Ehtiyat hissini oyaq saxladı.
Adlasa, sinəndən Vətən adladı,
Ağsu dolayısan, Məmməd İsmayıl!
Uzaqda, yaxında görünəcəksən,
Gün doğub yaxanda görünəcəksən.
Hayandan baxılsa, görünəcəksən,
Sən Sözün boyusan, Məmməd İsmayıl!
Evinə zər-ziba, ləl doldurmazsan,
Əkərsən bağçanda gül, soldurmazsan!
Ölərsən... ölümə əl qaldırmazsan,
Heç onun tayısan, Məmməd İsmayıl?!