(Əvvəli ötən sayımızda)
Keçmiş SSRİ dönəmində, bütün respublikalarda olduğu kimi, Azərbaycanda da Bəstəkarlar İttifaqına üzv bəstəkar və musiqişünaslar mütəmadi olaraq folklor ekspedisiyalarına, yaradıcılıq ezamiyyətlərinə göndərilir, yerlərdə xalq mahnı və rəqslərini nota yazır, bədii kollektivlər təşkil edir, repertuar hazırlayır, tövsiyələrini əsirgəmir verir və bunlar barədə hesabat verirdilər. Fikrət Əmirovun, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun, Bayram Hüseynlinin və başqalarının bu istiqamətdə fəaliyyətini qeyd edə bilərik. Başqa bir fakt: Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılığı Evi, sonra isə Xalq yaradıcılığı üzrə elmi-metodik mərkəz Bəstəkarlar İttifaqı ilə birlikdə (hər üçü Mənədiyyət Nazirliyinə tabe idi) xalq musiqisi, aşıq havaları və muğamların toplanılması, nota yazılması, nəşri istiqamətində fəal bir şəkildə işləyirdi. Belə əməkdaşlığın davam etdirilməsinə, o cümlədən, bölgə folklorunun, etnomusiqi irsinin öyrənilməsinə indi daha geniş imkanlar yaradılıb. Təəssüf ki, təşəbbüskarlıq mövcud imkanların müqabilində hələlik yetərli görünmür. Yeri gəlmişkən, son illərdə Azərbaycan musiqi folkloruna dair audio-video ilə birlikdə işıq üzü görən not nəşrləri azdır. Halbuki sözügedən beşillik Proqram zəngin folklor irsinin mövcudluğunu göstərdi. Nəzərə alaq ki, regionlarımıza səfər edən xarici turistləri təkcə təbiətimiz və mətbəximizlə deyil, zəngin qeyri-maddi mədəniyyətimizlə də maraqlandıra bilərik ki, bu da ilk növbədə öz mütəxəssis maraqlarımızdan asılı olan bir məsələdir.
Proqrama müasir mədəniyyət problemləri aspektində yanaşsaq, Azərbaycan folklorunun multikultural hadisə olması faktını qeyd etməliyik. Xüsusilə "Folklor paytaxtları" tədbirlərində özünü göstərən bu mədəni reallıq, Proqramın əhəmiyyətini bir daha aktuallaşdırmaqla yanaşı, folklor irsinin bərpası və yaşadılması vəzifələrinin vacibliyini və aktuallığını da əyani təsdiqlədi. Yeri gəlmişkən, Zaqatala və Balakən rayonlarının Folklor paytaxtları elan olunması tədqiqatçıları bir çox maraqlı faktlar üzərində düşündürdü. Belə ki, bu rayonların, eləcə də həmsərhəd Qax, Qəbələ, Oğuz, Şəki rayonlarının musiqi folkloru arasında bəzi maraqlı melodiya, intonasiya ortaqlığı, eləcə də uyğun janr nümunələri, mahnı və rəqs melodiyalarının tipik formulları musiqişünas və folklorşünasları birgə elmi əməkdaşlığa "səsləyirlər". Bu zəngin faktlar bölgələrin musiqi folkorunun etnomusiqişünaslıq üçün vacib araşdırma obyekti olduğunu əsaslandırırlar. Əlbəttə, ilk baxışda cavabı asan olan bu folklor irsi, əslində, bir çox sualların həllində ciddi tədqiqatlara cəlb olunmalı, illərlə toplanılmalı, yazıya alınmalı, hərtərəfli araşdırılmalıdır. Bu baxımdan, mütəxəssislərin diqqətini məhz adıçəkilən rayonların musiqi folkloru vasitəsilə Alban musiqi mədəniyyətinin öyrənilməsinə cəlb etmək istəyirəm.
Təəssüf ki, gənc musiqişünaslar rahat "kabinet tədqiqatlarına" çox üstünlük verir, çətin, lakin daha vacib olan belə zəngin musiqi-folklor dəyərlərinin, aşıq havacatlarının, xalq ifaçılığının davamlı toplanılması və bölgələrin araşdırılması işləri ilə məşğul olmurlar. Məhz belə yanaşmaların nəticəsində Qərbi Azərbaycan, Dərbənd, Borçalı, Cənubi Azərbaycan bölgələrindəki xalq-musiqi mədəniyyətimizi tədqiqatlardan kənarda saxlamışıq... Maraqlı görünən faktlardan biri də hazırda Zaqatala və Balakənin folklor musiqisində geniş tətbiq olunan tanbur alətidir. Sözügedən folklor festivallarında və konsertlərində alətə geniş yer verilməsi təqdirəlayiqdir. Məlumdur ki, tanbur alətinin adı orta əsrlərin klassik poeziya nümunələrində, musiqişünaslıq risalələrində, səyyah qeydlərində çəkilib, alət miniatürlərdə təsvir olunub. Bu mənbələrdə alətin "Xorasan tanburu", "Şirvan tanburu" və digər növləri göstərilib. Hazırda Azərbaycanda yaşayan alətin köklənmə xüsusiyyəti, səs-pərdə düzümü, folklor repertuarı, melodiya-intonasiya imkanları tədqiq olunarsa, həm folklor irsimizin yeni nümunələri yazıya alınar, həm də musiqi təfəkkürümüzün qədim qatları haqqında yeni məlumatlar əldə edə bilərik.
Nazirliyin tədbirləri vasitəsilə aşkar olunan bir çox folklor ansamblları, istedadlı xalq ifaçıları və onların maraqlı ifaları bunu deməyə əsas verir ki, qarşıda dayanan mühüm vəzifələrdən biri də ayrı-ayrı rayonların müxtəlif folklor ansambllarının, yerlərdəki mahnı və rəqs kollektivlərinin professional səviyyədə video çəkilşlərini aparmaqdan və onları İnternetə yerləşdirməkdən ibarətdir. Bölgələrin folklor ansambllarının, xalq sənətkarlarının Bakıda mütəmadi konsertlərinin keçirilməsi də arzuolunandır. Ümumiyyətlə, bədii-musiqi kollektivlərinin folklor mədəniyyətinin bərpası və yaşadılmasında əhəmiyyəti ayrıca tədqiqatlar tələb edən məsələdir. Nəzərə alaq ki, bazar iqtisadiyyatı şəraitində yerlərdə folklor ansamblları yaratmağın bir çox subyektiv və obyektiv çətinlikləri vardır. Elə buna görə də onların yaradılmasında və fəaliyyətində iştirakı olan hər bir insanın əməyini vaxtlı-vaxtında stimullaşdırmaq, qiymətləndirmək lazımdır. Şübhəsiz, rayonlardakı tədbir iştirakçılarının nazirlik tərəfindən mükafatlandırılması, təltif edilməsi ictimaiyyətdə rəğbətlə qarşılanıb. Lakin Proqramın icrası elə aktual məqsədlərə və həllivacib vəzifələrə hesablanıb ki, bu istiqamətdə görülməli işləri və konkret tədbirləri onun başa çatması bəhanəsi ilə kənara qoymaq olmaz.
Xüsusilə, rayon və şəhərlərdə mədəniyyət və turizmə rəhbərlik edən rəsmi qurumlar belə məsələlərə həssas yanaşmalıdırlar. Yeri gəlmişkən, regionlardakı folklor-özfəaliyyət kollektivlərinin elektron media vasitəsilə təbliğ olunmaması təəssüf doğurur. Bölgələrdən müxtəlif verilişlər yayımlayan özəl telekanallar maraqlı özfəaliyyət və xalq teatrı kollektivlərini, xalq ifaçılarını və yerli qeyri-maddi mədəniyyət irsini tanıtsalar, təbliğ etsələr daha baxımlı olar, daha çox tamaşaçı nüfuzu qazanarlar. Belə məsələlərin həllində rayon və şəhərlərin icra qurumları da maraqlı olmalıdırlar.
Bölgələrdə həyata keçirilən tədbirlər yerli əhali arasında, xüsusilə gənclərdə və məktəblilərində bu rayonların qeyri-maddi mədəni irsinə, tarixinə, yaradıcı şəxsiyyətlərinə, etnoqrafiyasına, sənətkarlarına, ənənələrinə, musiqisinə və ifaçılarına qarşı həssas, qayğılı münasibətin formalaşmasına müsbət təsir göstərıb. Qloballaşmanın "müasirlik" yalanlarına daha tez aldanan gəncləri anti-humanist təsirlərdən qorumaq, onlarda vətənə və milli mədəniyyətə yüksək vətəndaşlıq münasibəti tərbiyə etmək naminə belə proqram və layihələrin davamlı həyata keçirilməsinə hər zaman ehtiyac vardır. Beləliklə, beş ildir məqsədyönlü, ardıcıl və fəal bir şəkildə həyata keçirilən "Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları" Proqramı özünün məqsədlərinə nail olub, uğurlu nəticələr əldə edib, Azərbaycanın qeyri-maddi mədəniyyətinin qorunması, təbliği və inkişafı istiqamətində yeni və real perspektivlər, imkanlar yaradıb.
Ariz ABDULƏLİYEV
Bakı Musiqi Akademiyasının dosenti, böyük elmi işçi