İrəvan qədim zamanlardan oğuz türklərinin yurdudur. Çuxur-Səd bəylərbəyliyində Qacar elinin Ağcaqoyunlu, Ziyadoğlu, Dəvəli nəsilləri yüksək ixtiyar sahibi idilər. Bunlardan ən məşhuru Ziyadoğlu-Qacarlar idi.
XVII yüzilliyin sonu, XVIII əsrin əvvəllərində İrəvandakı Ziyadlı-Dəvəli nəslinin başçılarından biri Xəlil xan olub. Qeyd edək ki, bu Xəlil xan bir sıra sənədlərdə adı qeyd edilən Xəlil xan Özbək deyil. Bəzi tədqiqatçılar bunların eyni şəxs olduğunu yazsalar da, yanlışa yol verilir. Çünki 1755-ci ildə Həsənəli xan Ziyadlı Qacar Xəlil xan Özbəyin İranda Kərim xan Zəndin yanında heç bir nüfuz sahibi olmamasından istifadə edərək hakimiyyətə gəlmişdi. Deməli, Xəlil xan Özbək Həsənəli xanın atası deyil.
Həsənəli xan İrəvanlı Xəlil xanın oğlu idi. Xəlil xanın Hüseynəli və Məhəmmədhəsən xan adlı oğulları da olmuşdu. Həsənəli xan 1759-cu ilədək İrəvanın müstəqil hakimi vəzifəsini daşımışdı. Xəlil xanın ikinci oğlu Hüseynəli xan İrəvan şəhərində doğulub. Mükəmməl mədrəsə təhsili alan Hüseynəli xan 1759-cu ildə qardaşından sonra İrəvana xanlıq edib. Hüseynəli xan qurucu, səxavətli bir hakim olub. Memar Mirzə Cəfəri şəhəri yenidən qurmaq məqsədilə İrəvana dəvət etmişdi. 1783-cü ildə ömrünü müəmmalı şəkildə başa vuran Hüseynəli xanı özünün tikdirdiyi Göy Məsciddə dəfn etmişdilər. Onun yerinə qardaşı Qulaməli xanı təyin etsələr də, onu 1785-ci ildə saray çevrilişi zamanı öldürdülər. İrəvan xanlığına 1785-ci ildə Hüseynəli xanın ikinci oğlu Məhəmməd xan sahib oldu. Yeri gəlmişkən, arxiv sənədlərindən məlum olur ki, Məhəmməd xanın bacıları Tükəzban və Səltənət xanımların anaları Şadlı tayfasından imiş.
İndiyədək İrəvan xanlığına aid kitablarda Hüseynəli xanın ikinci oğlunun olduğunu yazsalar da, İrəvandakı Ermənistan Milli Arxivində 89-cu fondda saxlanılan İrəvan Bəy Komissiyasının jurnalından (2 iyun 1866) məlum olur ki, Hüseynəli xanın Məmmədqulu xan adlı oğlu da varmış. Məmmədqulu xanın hərbi rütbəsinin kapitan olduğu qeydə alınmaqla 1827-ci ilədək Həmədan şəhərinin hakimi olduğu haqda məlumat verilir. Sonralar kapitan Məmmədqulu xan Rusiya təbəəliyini qəbul etmiş, İrəvanda yaşamışdı. Məqamındaca deyək ki, kapitan Məmmədqulu xanın oğul nəvəsi Abbasqulu xan İrəvanski məşhur Kəngərli generalları III Kalbalı xan və Cəmşid xan Naxçıvanskilərin ana babalarıdır. Tədqiqatçıların İrəvan arxivlərindəki sənədlərdən istifadə edə bilməmələri İrəvan xanlarının şəcərəsində müəyyən qədər boşluq yaradıb.
Kapitan Məmmədqulu xanın anasının kimin qızı olması haqqında məlumat verilməyib. Ona məxsus maraqlı bir sənədi Gürcüstan Milli Arxivində tapdıq. Məhəmməd xan və qardaşı kapitan Məmmədqulu xanın Naxçıvan xanlığı ilə sıx ünsiyyəti və qohumluğu olub.
Çox təəssüf ki, bir çox kitablarda Hüseynəli xanı Həsənəli xanın oğlu kimi yazırlar. Bunlar ata-oğul yox, qardaşdırlar. Bir haşiyə çıxmaq maraq doğurardı. 1827-ci ildə Abbasabad qalasının komendantı olmuş Məhəmmədəmin xan irəvanlı Həsənəli xanın oğludur. Fətəli şahın kürəkəni olan Məhəmmədəmin xanı ruslar Tiflisə əsir aparmışdılar. Sonralar Abbas Mirzə bacısını ondan boşatdırıb demişdi: "Qalanı düşmənə verən bir adam mənimlə qohum ola bilməz".
Naxçıvan xanlığının xarici siyasətində ən mühüm yeri İrəvan xanlığı tuturdu. Hüseynəli xan və onun oğlu Məhəmməd xanın Naxçıvanın Kəngərli xanları ilə qırılmaz diplomatik münasibətləri sonralar qohumluğa çevrilmişdi. Naxçıvan xanlığının tarixi sənədlərindən məlum olur ki, Abbasqulu xan Kəngərli Kartli-Kaxetiya çarı II İrakli və İrəvan xanı Hüseynəli xan Qacarla yaxın dost olub. Onlarsa bunun müqabilində bir neçə dəfə Abbasqulu xanı Naxçıvan xanlığında hakimiyyətə gətirmişlər. Bizcə, "İrəvan xanlarının diplomatik məktublar külliyyatı" dərindən araşdırılsa, İrəvan xanlığı ilə bağlı bir çox mübahisəli məsələlər aydınlaşar. Bu məktubları oxuyanda aydın olur ki, heç də Azərbaycan xanlıqları həmişə II İrakli ilə düşmənçilik mövqeyində olmamışlar. Bu, xanlıqların müstəqilliklərini itirmək istəməməsi istəyindən irəli gəlirdi. Rusiya imperiyasının hərbi gücünə arxalanan II İrakliyə İrəvan xanlarının məktublarında "vali" deyə müraciət olunur.
Arxiv sənədlərində və nəşr olunmuş elmi monoqrafiyalarda olan məlumatlar xəbər verir ki, İrəvan xanlığının II İrakliyə qarşı vuruşduğu vaxtlar da olub. Elə vaxtlar olub ki, İrəvan xanlığı Kartli-Kaxetiya çarlığına "bac" da verməyə məcbur olub. Ona görə də bəzən İrəvan xanları II İraklinin diplomatik tapşırıqlarını yerinə yetirirdilər. II İrakli Hüseynəli xanın Naxçıvan xanlığı ilə qohumluq əlaqəsini bildiyi üçün onun vasitəsilə vaxtilə Naxçıvan Kəngərlilərinin vəkili II Kərim Sultana təzyiq göstərmək istəmişdir. Zahirən bəlağətli və öyüdverici məktubda hədələr açıq-aşkar görünür. Naxçıvanlılar isə "İraklinin" adından gələn məktuba məhəl qoymamışlar. Qeyd edək ki, I Kalbalı xan bu zamanlarda Naxçıvan xanlığında qoşunlara sərkərdəlik edirdi. Onun qardaşı Cəfərqulu xan hakimiyyətdə idi. Onun iradə zəifliyindən II İrakli istifadə etmək istədikdə qardaşı I Kalbalı xan Naxçıvan xanlığına sahib çıxdı və II İraklinin Naxçıvanı tutmaq arzularını gözündə qoydu.
Tiflis şəhərinin mərkəzində - Saburtaloda yerləşən Gürcüstan Milli Əlyazmalar Mərkəzində hərbçi şərqşünas K.N.Smirnovun şəxsi arxivində "İrəvan xanlarının diplomatik məktublarının (XVIII əsr) külliyyatı"nın rus dilinə tərcüməsi saxlanmaqdadır. Həmin arxivdə elmi axtarışda olarkən irəvanlı Hüseynəli xanın Naxçıvan Kəngərlilərinin vəkili II Kərim Sultana yazdığı məktubu tapdıq. Məktubdan aydın olur ki, Abbasqulu xan Kəngərli Naxçıvan xanlığında hakimiyyətdən uzaqlaşandan sonra Kartli-Kaxetiya çarı II İraklinin yanında sığıncaq tapmışdı. Gürcü çarı II İrakli Hüseynəli xana tapşırır ki, Naxçıvan hakimləri ilə danışıqlar aparıb Abbasqulu xanın hakimiyyətini bərpa etsin. Məktub İrəvan xanlığının münşisi Qüdsi tərəfindən yazılıb. Mətndən məlum olur ki, məktub Hüseynəli xanın vəfatından sonra Naxçıvan xanlığına göndərilib. Diplomatik məktub Abbasqulu xanın II İrakliyə yazdığı məktuba cavab olaraq yazılıb. Qeyd edək ki, İrəvan xanlarının məktublarının əksəriyyəti farsca yazıldığından, onları hərbçi şərqşünas K.N.Smirnov ruscaya çevirib. Biz də onu rus dilindən (azacıq ixtisarla) tərcümə edərək doğma tariximizi sevən oxucularımızın ixtiyarına verməyi məqsədəuyğun sayırıq. Məktub 1783-cü ildə yazılmışdır. Bu məktub bir daha təsdiqləyir ki, Naxçıvan xanlığı müstəqilliyi uğrunda gərgin mübarizə aparıb.
Abbasqulu xan haqqında mərhum İrəvan xanının Naxçıvan şəhərinin əyanlarına və hakimlərinə yazılan məktubunun surəti:
"Uca məqamlı, sədaqətli Məhəmmədkərim Sultana, həmçinin nazirlərə, əyanlara, kəndxudalara və Naxçıvam diyarının hörmətli ağsaqqallarına sonsuz salamlarını bildirir və bəyan edirəm:
Uca şanlı, dostluq qədri bilən, əziz və mehriban, övladım qədər xətrini istədiyim Abbasqulu xan qohumlarının pis rəftarından və narazılıqlarının ucbatından onun üçün əsl ata vətəni olan, qəlbən bağlandığı Naxçıvan diyarından çıxmağa məcbur olub. Bir müddət sonsuz səhralarda sərgərdən gəzərək sədaqətli dostlarından və rəhbərdən lazımi göstəriş alandan sonra xoşbəxtlik onun üzünə güldü - mənim əlahəzrət valimin sarayına tərəf üz çevirdi. Ciddi-cəhdlə onun əlindən bərk tutdu və xahiş etdi ki, köməyini əsirgəməsin. Şikayətlərini və gileylərini bildirərək təmənna etdi ki, zati-alinin mərhəməti nəticəsində onun işlərinin və uğursuzluqlarının yaxşı sonluqla qurtarmasına yardımını göstərsin. Əlahəzrət onu yüksək xidmətin əvəzi olaraq qonaqlığa çağırdı və cənnətin əfsanəvi bağlarını göstərdi. Belə ki, daim şəfqət və mərhəmətin möhkəm bağları onu ədalət məhkəməsinin təməlləri və gücsüz bir şəhərin insanlarına yardım etmək xüsusiyyətilə birləşdirdi. Diqqət və mərhəmətin oyanışı isə, hər şeydən əvvəl, günəş hərarətindən yanan ayrılığın, istibdadın və bədbəxtliyin üzərinə sərin bir kölgə yayırdı. Hansı ki, yuxarıda qeyd edilənləri o, xüsusi mərhəmətin və məxsusi alicənablığın əsas obyektinə çevirdi.
Məğrur, qüdrətli taxt-tacına layiq olan nəvaziş və göstərdiyi mərhəmətdən məmnun olandan sonra o, Abbasqulu xanı bir sıra yeniliklərlə - ona fikirlərinin mütləq sevinci olan və adət etdiyi müstəqil vəzifəsini qaytarmaq, yardım etməmək, köməklik göstərmək vədi ilə onu sevindirdi.
O, məzuniyyətə və gedişə icazə verərək yuxarıda qeyd olunan qaydalara əməl edən, yüksək keyfiyyətlərə məxsus olan, yüksəkməqamlı belə bir həmsöhbət və əzəmət sığınacağının qulluqçusunun əsas işlərinə dair iftixar hissi oyadan bir məktubu da həmin ölkənin tələbi müqabilində təqdim etdi.
Həmçinin Allaha ibadət edənə (Məhəmmədkərim Sultan Kəngərliyə - M.Q.) özünə mərhəmət məktubu yazıb göndərmişdir. Qərara gəldi və əmr etdi ki, bu tərəfdən o tərəfin alilərinə xeyirxahlıq məktubu yazılsın.
Onların gəlişindən sonra yüksək məqamlı dostumuzun işlərinin həllində və vacib əməllərinin tam anlaşılmasına, aydınlaşdırılmasına cəhd göstərilməlidir.
Buna görə də yaradan Allaha ibadət edən mənim Əlahəzrət valim elçi ilə birlikdə o biri tərəfə sədaqət ifadəsi olaraq yeganə cənabını da göndərdi ki, yerindəcə hər şey haqqında məlumat versin və bildirsin. Hörmətli Naxçıvan hakimi bu tərəfdən gəlmiş işçilərin xeyirxahlıq məktubunun məzmunu haqqında məlumat alandan sonra məsələnin razılıq əsasında yüksək həll edilməsi üçün gecikmədən elçilərlə birlikdə xeyirxah tərəfə yola düşərdi. Özünün iştirakı ilə məsələni müzakirə edərdi və məsləhətləşərdi, tələblərə uyğun olaraq o tərəfin öz arzusu ilə qərar verilərdi, adıçəkilən uca məqamlının və Naxçıvanın yerdə qalan digər şəxslərinin hüquqları aydınlaşdırılardı.
Bu ölkələrə yola salmağa və qarşılamağa dair tabeçiliyin doğru yolundan kənara çıxma, əmrin qəbul edilməməsi, yaxud yubadılması olmamalıdır. Hazırkı vəziyyət və gələcəkdə tədbirli olmaq haqqında bir yol seçilməlidir.
Bəlağətli danışıq şərtləri ilə sənə dediklərimi istəyirsən qəbul et, istəmirsən, inkar et. Qalan digər işləri və münasibətləri görüşənə qədər təxirə sal. İnanıram ki, hər şeydən uca olan Allahın köməkliyi ilə yazdıqlarım qəbul olunacaqdır".