Əslində bu qəbildən olan materialları 18-20 yaşlı qələm sahibləri üçün yazırlar. Indi haqqında söz açmaq istədiyimiz insanın isə artıq 62 yaşı tamam olur. Qətiyyətlə deyə bilərəm ki, gənclik illərində onun haqqında heç kəsin heç nə yazmadığına görə birmənalı şəkildə özü günahkardır. Çünki heç zaman - "mən də varam" demək istəməyib, özünü gözə soxmağa çalışmayıb. Hansısa redaksiyaya gedərək - "mənim də şeirlərimi oxuyun, qəzetdə verin" - deməyib. Daha doğrusu, redaksiyalara gedib, amma şeirləri üçün yox, publisistik materialları və digər yazıları üçün. Getməyi də əbəs olmayıb. Artıq 10 ildir ki, respublikanın Əməkdar jurnalistidir.
Söhbət, imzası 40 ilə qədər müddət ərzində ölkə oxucularına tanış olan İttifaq Mirzəbəylidən gedir. O, görkəmli bəstəkarlar Şəfiqə Axundova və Tofiq Bakıxanovun bir sıra mahnılarının sözlərinin müəllifidir. Tofiq müəllimlə birlikdə yazdıqları bir mahnı böyük sənətkar Lütfiyar İmanovun ifasında Bakı, İstanbul, Tehran və Təbrizdə Dövlət Radiolarının "Qızıl fondu"na qəbul edilib. Görkəmli alimlərin "Həyatın bütün çətinliklərini görmüş yaradıcı insan" adlandırdığı (Qutqaşen rayonunda kolxozda, Bakıda Bayıl neft mədənlərində, Respublika "Bilik" Cəmiyyətində, "Dalğa" qəzetində, Dövlət Radiosunun Xəbərlər Baş Redaksiyasında və nəhayət, "Xalq qəzeti" kimi mötəbər mətbuat vasitəsində çalışmasına işarədir) İttifaq Mirzəbəylinin tanış olduğumuz bütün şeirlərində məhz özü və öz həyatı var.
Qəribədir, onun bir neçə şeirində od, köz, kösöv, yanğı görünür:
"Zaman, yandır məni öz ocağında,
İllərin oduna, közünə dönüm.
Bir də alışmağa qalsın gümanım,
Kül etmə, kömür et, gözünə dönüm"
- deyən müəllif bir də nə zamansa od almaq istəyini və ümidini itirmir. Bunun üçünsə tonqal kimi alovlanmaq yox, gizlin yanmaq lazımdır. Deyəsən, o, elə gizlin yanır. Yoxsa: "Ətrafımda görən yoxdu tüstümü, hər baharda xəzan örtdü üstümü" deməzdi. Eləcə də, "Bağışla, İlahi" şeirindəki "Ocaq çatdım, köz özüməm, Söndümsə, külü bağışla"- ifadəsi də bu məqamda yerinə düşür.
İttifaq Mirzəbəyli üçün şeirə çevrilməyən heç nə, heç bir hiss yoxdur. Amma seçilmiş məqamlar var. Məsələn, valideynlərinin kədəri haqqında yazdığı şeirdəki
Anam "oxuyurdu" atam öləndə
Səsi divardakı daşı dəlirdi.
Payızı bərabər haqlamışdılar,
Atamsız anamın qışı gəlirdi"
- bəndi də, "İstanbuldan Ər-Riyada uçanda" şeirindəki
Bir az yuxarıda bəyaz buludlar,
Bir az aşağıda gömgöy Egeydir.
Təyyarə "əyildi", bir söz eşitdim,
Bizə yer doğmadır, göylər ögeydir
- bəndi də konkret məqamın sətirlərə köçməsidir. Amma konkret məqamın deyil, bütöv ömrün bir bəndlik şeirə çevrilməsi də mümkündür. Hərçənd o, özünü şair adlandırmaqdan çox-çox uzaqdır. Təxminən 15 il əvvəl Yazıçılar Birliyinə üzv olmaq istəyəndə də şair kimi deyil, publisist kimi ərizə vermişdi.
İttifaq Mirzəbəyli beş il qabaq ürəyi ilə bağlı ciddi problemlərlə üzləşmişdi. Dostları danışır ki, üç gün heç nə yeyə bilməyən İttifaq ondan xəbər tutmaq üçün gələnlərə zarafatla deyibmiş ki, çənədən yetim qalmışam. Sonradan həmin ifadə şeirə çevrilib. Şeirin son bəndində deyilir:
Dədəmdən, nənəmdən yetim qalmışam,
Dişimdən, çənəmdən yetim qalmışam.
Mən çox kimsənəmdən yetim qalmışam,
İlahi, qələmdən yetim qalmayım!
Əziz qardaşıma yeni-yeni yaradıcılıq uğurları və cansağlığı arzulayaraq onun bir neçə şeirini hörmətli "525-ci qəzet"in oxucularına təqdim edirəm. İnanıram ki, bu sətirlərin onun ad günündə - 10 fevralda qəzetdə verilməsi ona layiqli hədiyyə olacaq.
İttifaq MİRZƏBƏYLİ
...Vəssalam
Gəldi çatdı altmış ilin hesabı -
Qazanc nədir? Xoşəhvalam, vəssalam.
Xoş əhval da aşan dağı dikəltmir,
Çökür qəsrim, uçur qalam, vəssalam.
Ulduz yanında hilalam, haləli
Möminə əl uzatdım, piyaləli.
Dərdsiz üçün ney səsiyəm, naləli,
Dərdli üçün tar-qavalam, vəssalam.
Ətrafımda görən yoxdu tüstümü,
Hər baharda xəzan örtdü üstümü.
Duzlu kabab məst edəndə dostumu
Mən gəzirdim duzlu kəlam, vəssalam.
Əl atıram, dərya olur bir qaşıq,
Qollarımda qandalımdır sarmaşıq.
Yollarımda kimsə yandırır işıq,
Qoymayır ki, darda qalam. Vəssalam!
Fevral, 2013-cü il.
Bağışla İlahi...
Bulaq aradım, İlahi,
Neynirəm seli?.. Bağışla.
Yarı məndən gizlədirsə,
Sevmirəm teli, bağışla.
Qan yaradan söz özüməm,
Suçlu dərə, düz özüməm.
Ocaq çatdım, köz özüməm -
Söndümsə, külü bağışla.
Yazma dövlət-varı mənə,
Bəsdi bircə darı mənə.
Kim yazdı ah-zarı mənə?
Tanrım, o əli bağışla.
1987-ci il, Qutqaşen.
Kim oxudu Hisarı?
Hardan doğdu həsrət dolu bu nəğmə?
Hardan gəldi qulağıma sızıltı?
Kim dağıtdı sinəmdəki baharı,
Kim qəsd etdi çiçəklərə,
Kim oxudu Hisarı?
Dərdli kaman niyə mağmın, fağırdı?
Tar inləyib kimi dada çağırdı?
Yanan gördüm nə kamanı, nə tarı,
Özüm yandım!
Kim oxudu Hisarı?
Yazıq ana qız böyütdü - aypara,
Demədi ki, Arpaçayı apara.
Üzün tutub daşqın sarı, sel sarı,
Kim ağladı, kim qarğadı,
Kim oxudu Hisarı?
Yanıq Kərəm yandı getdi ahıyla,
Xan Əsli cəng etmədi Allahıyla .
Belə yanıq sayalanmaz, sağalmaz,
Ha məlhəm qoy, ha dərman et, ha sarı,
Kim düşündü, kim yaratdı,
Kim oxudu Hisarı?
Kim kəsdirdi qollarını Babəkin?
Nəsimini soyduranın babası.
Qaranlığı kim gətirdi yurduma -
"Ocaq" yazan ocaqsızın "sobası".
Dur Babəkim, qalx Koroğlum,
Viran oldu elin bəndi, hasarı,
Kim oxudu, kim oxudu, kim oxudu Hisarı?
Bakı, 1988-ci il
Dünya bazar meydanıdır
Dünya bazar meydanıdır,
Mən də itmiş bir uşaq.
Gözümdə dünya boydadır,
Səksəndiyim künc-bucaq.
Soruşurlar, adım nədir,
Haralıyam?
Danışmıram.
Heyrət yüklü gözlərimdən
Yaş da çıxmır bircə qram.
Danışmıram.
Adamlardan -
məni dəli biləni var.
Geyindiyim təlaşımı
Qorxu bilib güləni var.
Danışmıram.
Danışmasam -
Kim biləcək səsim nədir?
Kim biləcək marağım nə,
Bazarda həvəsim nədir?
Danışmıram.
Bu bazarda -
Yoxdu bir nəfər tanışım.
Haray çəkir alverçilər,
Mən necə dinim, danışım?
1996-cı il.
Dəhlizdə əkilmiş bir ağaca
Köhnə iş yerimizdə tavana qədər uzanmış limon ağacı var idi. Hər bahar çiçəkləsə də, səkkiz ildə ondan bar görən olmadı.
Sənin kimi yaşamağa nə varmış,
Sinən külək, üzün çovğun görməyib.
Su həsrəti çəkməmisən bircə yol,
Aclıq dərdi başağrısı verməyib.
Arxayınsan, ərköyünsən, əzizsən,
Dayanmısan dəhlizdə qorxubilməz.
Mənim cavan budağımı kəsirlər,
Sənin bircə yarpağın da üzülməz.
Barın yoxdu, barı kölgən olaydı -
Bu dəhlizdə kölgə kimə gərəkdi?
Qayğısızlar daş-qayada bitirlər,
"Qayğı" səni "taxta yeşikdə" əkdi.
Sənin kimi yaşamağa nə varmış,
Sinən külək, başın çovğun görməyib.
Sənin kimi yaşamaq kimə lazım?
Hələ səndən heç kəs nübar dərməyib.
1996-cı il.
lll
Getmirəm...
Aparmayın məni.
Davalı kinolara baxa bilmirəm.
O kinolar mənlik deyil -
Hər pərdədə bir atəşə, oda düşüb
Yanmadan çıxa bilmirəm.
Göstərməyin, tanıtmayın mənə
Reyxstaqa girmiş,
Berlini dağıtmış oğulları.
Dünyaya gəldiyim gündən
Gözlərimin önündədir
Atamın müharibə yazılmış
Yanıq qolları.
1976.
O yan, bu yan dünyadı bu
Səxavət Məmmədovun könül oyan
"Segah"ından sonra
Çox da oyma könlümüzü,
Könül oyan dünyadı bu.
Namərdləri bəzəndirib,
mərdi soyan dünyadı bu.
İl tozudur, ay qalığı,
Həftələr də ustalığı.
Dəryadan çıxan balığı
Arxda yuyan dünyadı bu.
Çox da uyma daş-divara,
Xidmət eylə dosta-yara.
Gör nə qədər sənətkara
ölüm qıyan dünyadı bu.
İttifaqam, gözüm dolub,
Ürəyimdə sözüm dolub.
Qardaşına hiylə olub
Dosta uyan dünyadı bu,
O yan, bu yan dünyadı bu.
1988-ci il.
Mən də sevdim o gözəli...
Qırğızıstanlı jurnalist,
səfər yoldaşımız
Şirin xanıma
Sanki Manas nəğməsidi,
Sözdü, görünür qız kimi.
Gözlərim oğruluq etdi,
Arsız kimi, xırsız kimi.
Sözlərini avaz edir,
Xəzan ömrümü yaz edir.
Hər teli bir cür naz edir,
Ətrafında qırx qız kimi.
Dumduru bir türk soyudur,
Danışdırsan, dərd soyudur.
Boyu qərənfil boyudur,
Barmaqları yarpız kimi.
Belə güllər sola bilməz,
Xara, sara qala bilməz.
Pamir dağı ola bilməz
Bizim Murov, Qırxqız kimi.
Gözlər andırır qəzəli,
Baxanda ruhlar təzəli.
Mən də sevdim o gözəli,
Qız kimi yox, qırğız kimi.
Dekabr, 2013-cü il, Ər- Riyad.
Gülzar İBRAHİMQIZI,
filologiya elmləri namizədi