Ehtiram Səfərov,
Filologiya üzrə fəlsəfə doktoru
Ədəbiyyatşünas-alim professor Kamran Dadaş oğlu Məmmədovun anadan olmasının 90 illiyinə
Bu fani dünyada onsuz da əzəli və əbədi yaşayan bir varlıq yoxdur . Əbədilik yalnız ulu Tanrıya məxsusdur. Ancaq o insan xoşbəxtdir ki, dünyasını dəyişəndən sonra xatırlansın, unudulmasın.
Təbii və özünəməxsus xarakteri ilə seçilən, bütöv bir şəxsiyyət kimi yaddaşlarda yaşayan ədəbiyyatşünas-alim, professor Kamran Məmmədov məhz belə insanlardan idi.
XIX əsr Azərbaycan ədəbiyyatı öz məhsuldarlığı ilə başqa ədəbi dövrlərdən xeyli fərqlənir. Azərbaycan ədəbiyyatının inkişafında bu dövr xüsusi bir mərhələ kimi diqqəti cəlb edir. Ədəbiyyatımızın bu dövrünə nəzər salanda tanınmış yazıçı və şairləri tədqiqata cəlb edən böyük alimlər göz önünə gəlir. Bunlardan biri də professor Kamran Məmmədov idi. Bu dövrdə yaşayıb-yaradan bədii əsərləri ilə ədəbiyyatımızı zənginləşdirən Q.Zakir, N.Vəzirov, Ə.Haqverdiyev, Y.Çəmənzəminli haqqında monumental monoqrafiyalar məhz Kamran müəllimin qələmindən çıxıb.
XIX əsrdə yaşamış sənətkarlarımızın yaradıcılığı barədə tədqiqat işi aparan dissertantlar həmin dövrün bilicisi və mütəxəssisi kimi mütləq Kamran müəllimlə məsləhətləşər, ondan istiqamət alardılar.
Kamran müəllim uzun müddət Nizami adına Ədəbiyyat İnstitutunun “XIX əsr və XX əsrin əvvəlləri” şöbəsinin müdiri vəzifəsində çalışıb. Məhz onun iştirakı ilə şöbədə müzakirə olunan istər dissertasiya və istərsə də hər hansı ədəbi mövzu öz obyektiv təhlili ilə həm şöbə, həm də iclasa dəvət olunan digər əməkdaşların qızğın polemikasına səbəb olar, ən nəhayət, sağlam fikir və nəticənin ortalığa qoyulması təmin edilərdi.
Kamran müəllim zəhmətkeş alim idi. Onun “XIX əsr Azərbaycan ədəbiyyatında satira” adlı monoqrafiyası öz elmliyi, sambalı, dərin təhlil və ümumiləşdirməsi ilə seçilirdi.
Kamran müəllim daha çox gənc alimlər və ədəbiyyat həvəskarları ilə dostluq edər, onlarla həmsöhbət olardı. İşdə fasilə və tənəffüs zamanı şahmat oynamağı xoşlayardı. O, zarafatcıl və yumor hissi ilə yaşayan, təvazökar, həddindən ziyadə sadə insan idi. O, məşhur adamların deyimləri və aforizmlərini toplayaraq “Azərbaycan yazıçılarının həyatından dəqiqələr” adlı kitab nəşr etdirmişdi.
Kamran müəllimin “Ömrün izi”, “Yuxusuz illər”, “Dünyamız uşaq gözündə” adlı bədii əsərləri onun həm də istedadlı yazıçı olmasını təsdiqləyir.
O, Böyük Vətən müharibəsinin odu-alovu içərisindən keçmiş, həyatın sərt üzü ilə qarşılaşmışdı. O, müharibədə kapitan hərbi rütbəsinə qədər yüksələ bilmişdi. Döyüşlərin birində yaralanaraq, hətta kontuziya almışdı.
Kamran müəllim təbii adam idi. O, yalan danşmağı, təkəbbürü sevməz, lovğa və boşboğaz adamları yerində oturtmağı bacarırdı.
Nizami adına Ədəbiyyat İnstitutunda və ümumən akademiyada keçirilən iclaslarda və elmi simpoziumlarda, hər hansı bir ciddi mövzuda onun çıxışı öz qətiliyi və obyektivliyi ilə seçilər, aydın mövqeyi diqqəti cəlb edərdi. Aspirantların işə götürülməsi, məqalələrinin çap olunmasında onun xüsusi qayğıkeşliyi və təşəbbüskarlığı gənclərdə Kamran müəllimə qarşı rəğbət hissi yaradardı. Kamran müəllim ona “professor” kimi müraciət edən adamları xoşlamazdı. Onun üçün ən yüksək ad müəllimlik idi. O, öz müəllimliyi ilə qürur duyar və hər kəsə onu Kamran müəllim – deyə çağırmağı tövsiyə edərdi.
Hökumətimiz Kamran müəllimin əməyini layiqincə qiymətləndirib. Ona “Əməkdar elm xadimi” kimi yüksək ad verilib.
Elə təkcə bu ad ömrünü ədəbiyyatşünaslığa həsr etmiş bir alim ömrünün layiqli qiyməti hesab edilə bilər.
Kamran müəllim əslən qarabağlı idi. O, Şuşa şəhərində doğulmuşdu. Yaxşı ki, o, Şuşanın ermənilər tərəfindən işğalını görmədi. Bu, əlbəttə, Vətənini, torpağını canından artıq sevən bir alimə pis təsir edərdi.
Təsəllimiz isə odur ki, Kamran müəllimin övladları onun nəsil şəcərəsini davam etdirir. Oğlu Nicat fəlsəfə elmləri namizədi, qızı Leyla isə filologiya elmləri namizədidir. Bu onu göstərir ki, Kamran müəllimin özü kimi övladları da asan işin qulpundan yapışmayaraq tədqiqatla, elmi işlə məşğul olmağı hər şeydən üstün tutublar.
Artıq bir qərinəyə yaxındır ki, Kamran müəllim əbədiyyətə qovuşub. İndi onun narahat ruhu bizimlədir. Kamran müəllim vətənini, doğulduğu yurdunu hədsiz məhəbbətlə sevirdi. Onun ruhu o vaxt rahat olacaq ki, Şuşa erməni faşistlərindən tamamilə azad ediləcək.
İnanırıq ki, o gün gələcək, həyat yoldaşı Dilarə xanım, oğlu Nicat, qızı Leyla Şuşanı azad görəcək, doğma ata yurdunda vaxtilə atası ilə keçirdiyi unudulmaz günləri xatırlayacaqlar.
Siz işıqlı adam idiniz, Kamran müəllim, Allah sizə rəhmət eləsin. Mən sizi yaxşı və xeyirxah adam kimi həmişə xatırlayacağam.