Duyğusal
Tətildən qayıdanda atama bağışlanmış bir kitab-albomu götürdüm. Qazaxıstan təbiətindən danışırdı. Fikirləşdim ki, uçaqda vərəqləyərəm. Amma özünə demədim. Çünki onun stolüstü kitabıydı. Hərdən vərəqləyirdi. Mənə də maraqlıydı ki, görəsən, nəyə baxır.
Amma uçaqda baxmağa vaxt olmadı. Ankarada təhsil alan, vaxtı ilə bir yerdə məşğələ keçdiyimiz Nərgizlə bir yerdə uçduğumuza görə. İstanbula getməyinə səbəb Topqapıya baxmaq arzusuydu. Səhərisi mən də onunla getdim. Bələdçi kimi.
Bu günlərdə həmin albomu varaqladım. Gözəl təbiət təsvirləriydi. Bir rəsm mənə doğma gəldi: talada çiyələklik təsvir olunmuşdu, qıpqırmızı çiyələklik. Bu mənzərə mənə uşaq vaxtı başımıza gələn bir hadisəni xatırlatdı.
Atam bizi yayda tez-tez gəzməyə aparırdı: dağa, bağa, meşəyə. Ən çox getdiyimiz yer Şəmkir idi. Bir dəfə yenə də meşəyə getdik. Qaramoylu deyilən yerə. Ata təbiəti sevəndi axı. Dayının maşınıyla. İndi də yadımdadır, çünki şəkli də var. Biz onun yanında yolüstü şəkil çəkdirmişik. Göy rəngli "Jiquli"ydi.
Meşədə ən çox yadımda qalan qarağacdı. O birilərinin adını bilmirəm. Ata həmişə onları göstərib deyərdi ki, bu ağaclardan bizim bağlarda çox idi. Ona görə yadımda qalıb, yəqin. Yerdən süfrə salıb oturmuşduq. Hardasa bir quş oxudu. Atam dedi ki, o quşu bura çağıra bilər. Sonra quş kimi fit verməyə başladı və quş budaqdan-budağa qona-qona düz yanımıza gəldi, amma yanıldığını görüb uçdu.
Çörəyimizi yeyəndən sonra ata dedi ki, sizə bir şey göstərmək istəyirəm və mənimlə Orxanı meşəyuxarı apardı. Anam getmədi, həmişəki kimi tənbəllik elədi. Ayaqlarını uzadıb oturdu. Baba dedi ki, çox uzağa getməyin, burda canavar, ya da ayı ola bilər. Ana onda lap dəli oldu. Atama dedi ki, uşaqları aparma. Ata da ki, belə şeylərə baxan deyil.
Meşəylə bir az üzü yuxarı gedəndən sonra bir talaya çıxdıq. Ata bizi bir qayanın üstünə gətirdi və dedi ki, aşağı baxın, görün necə gözəl mənzərədi. Bizim vətənimizdi. Lap aşağıda Şəmkir şəhəri görünürdü, ətrafına isə kəndlər səpələnmişdi. Kür çayı da boz dağın dibiylə axırdı. Meh əsirdi. Bu da xoşuma gəldi, çünki meşə kölgə olsa da, bürküydü.
Orxan aşağı baxandan sonra qayıdıb dedi ki, xəritəyə oxşayır. Bu uşaq həmişə belədi də, nəsə uydurur. Yaxşı fantaziyası var. Yadımdadır ki, ata bizə uşaq ensiklopediyası almışdı. Mən dərs oxuyurdum, qaqaşımdan dörd yaş böyüyəm axı, o isə kitablara baxırdı. Hər dəfə nəsə kəşf edirdi. Hətta yumru Ayı da şirin kökəyə oxşadırdı. İndi fikirləşirəm ki, nə əcəb o yazıçı olmadı. Bəlkə də ataya görə. O bizim yazıçı olmağımızı istəmirdi. Amma Orxan yeddinci-səkkizinci siniflərdə oxuyanda yazırdı. Sonra tərgitdi.
Geri qayıdanda bir tala gördük. Qıpqırmızı çiyələklərlə doluydu. Ata dedi ki, ən dadlı və təmiz çiyələklər bunlardı. Nə qədər istəyirsiniz, yeyin. Biz də görməmiş kimi daraşdıq çiyələkliyə. Başımız çiyələyə necə qarışmışdısa, bir də gördük ki, bizi çağırırlar. Babayla anaydı. Getmək istəyirdik ki, onlar talaya çıxdılar. Babanın əlində balta vardı. Elə zənn eləmişdi ki, bizi ya canavar, ya da ayı parçalayıb. Ana bizi sağ-salamat görəndə rahat nəfəs alıb oturdu. Orxan ona çiyələk yığıb apardı. Ana çiyələyi görən kimi hər şeyi unutdu və özü də taladan çiyələk dərdi. Qayıdanda nə görsək yaxşıdı: dayım maşında oturub, qapı-pəncərəni də bərk-bərk bağlayıb...
Mən həmin rəsmə baxa-baxa fikirləşirdim ki, o talada iki uşağın və atayla ananın da rəsmi olsaydı, tam bizə oxşayardı...