|
|
|
|

Banklara borcalan vətəndaşlar gəlirin azalması, iş yerinin itirilməsi, sağlamlıq problemləri və ya digər sosial-iqtisadi çətinliklərlə üzləşdikdə təbii olaraq onların öz büdcələrindən kredit ödənişlərinə ayırdıqları pay da azalır. Bu isə kredit ödənişlərini çətinləşdirir, gecikmələrə və borcların yığılmasına səbəb olur. Borcların vaxtında ödənilməməsi bir sıra mənfi nəticələrə gətirib çıxarır. İlk növbədə, gecikmələrə görə əlavə cərimələr və faizlər hesablanır. Bu isə borcun daha da böyüməsinə səbəb olur. Bundan başqa, şəxsin kredit tarixçəsi pisləşir və gələcəkdə yeni kredit əldə etmək çətinləşir. Bəzi hallarda məsələ məhkəmə müstəvisinə keçə bilər ki, bu da həm maddi, həm də psixoloji baxımdan əlavə yük yaradır.
Bir sıra dünya ölkələrində müəyyən səbəblərdən kreditini ödəyə bilməyən insanlar üçün kreditlərin dondurulması (yəni ödənişlərin müvəqqəti dayandırılması və ya təxirə salınması) həyata keçirilir. Bu gün kreditlərin dondurulması dünyada tətbiq olunan real bir mexanizmdir.
Bəs Azərbaycanda necə, borcunu ödəyə bilməyən insanlar üçün bu kimi imkanlar yaradıla bilərmi? Borclu olan banklara müraciət edərək kreditini müəyyən müddətlik dondura bilərmi?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, kreditin dondurulması bankların özlərindən asılı olan məsələdir. Bank vətəndaşlardan əmanət qəbul edir və əmanətlər üzrə hər ay onlara faiz ödəyir. Bankın verdiyi kredit bir qayda olaraq onun öz pulu deyil. Bank da kimdənsə faiz alır. Əgər bank öz verdiyi kredit üzrə faizi dondurursa, o, öz öhdəliyini verə bilmir. Bu baxımdan da məsələ bankdan asılıdır: "Bir məsələ də var ki, bankın gəliri onun xərcindən çoxdur və bank əgər kreditlərin ödənilməsini dondurursa, deməli, bank bilə-bilə ziyana gedir. Bəs bank bunu hansı hallarda edə bilər? Birincisi, kiməsə öz xoş niyyətini göstərmək üçün edə bilər. Bu gün Azərbaycanda əhalinin müəyyən hissəsinin sosial durumu yaxşı deyil. Buna görə də bank xoş niyyətini göstərə bilər. Digər amil isə o ola bilər ki, bank buna məcburdur. Banklar bu gün başa düşməlidir ki, işini itirən, gəliri azalan, maliyyə çətinliyi olan insanlar bu vəziyyətdə kreditləri ödəməyəcəklər. Bu da problemli kreditlərin sayının daha da artması deməkdir. Kritik məqamlarda bankların kreditlərin ödənilməsini dondursalar, daha yaxşı olar".
Əkrəm Həsənov qeyd edib ki, kreditlərin dondurulması üçün alternativ variant onu dövlət hesabına etməkdir: "Yəni müştərilərin banka ödəyəcəyi faizi dövlət ödəyir. Hazırda Almaniyada, İtaliyada, ABŞ-da belədir. Bu halda artıq banklar özləri dondurmur, dövlət faktiki olaraq müştərinin ödəməli olduğu pulu banka verir. Görünən odur ki, bəzi hallarda biz də gərək bu variantdan istifadə edək".
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, istənilən şəxs istənilən orqana müraciət edə, öz arzu və istəklərini, həmçinin mövcud vəziyyətini ifadə edə bilər: "Lakin kreditin müəyyən müddətə dondurulması yalnız bankın razılığı əsasında mümkündür. Bu məsələdə iki tərəf mövcuddur: biri maliyyə çətinliyi yaşayan şəxs, digəri isə bankdır. Kreditin dondurulması yalnız tərəflər arasında razılaşma olduğu halda həyata keçirilə bilər. Başqa sözlə, şəxs məktubla vəziyyətini əsaslandıraraq banka müraciət edə bilər. Lakin bu, mütləq nəticə verəcək demək deyil. Əgər banka təqdim olunan məlumatlar qənaətbəxş olarsa, kreditin şərtlərinə yenidən baxıla və restrukturizasiya (kreditin restrukturizayası) həyata keçirilə bilər. Əks halda, müraciət qəbul olunmaya bilər. Bu zaman ödəniş gecikərsə, cərimə faizləri tətbiq olunacaq və bu da maliyyə vəziyyətinin ağırlaşmasına səbəb olar".
İqtisadçı ekspert Asif İbrahimov bildirib ki, kredit öhdəliklərinin vaxtında yerinə yetirilməsi maliyyə sabitliyinin əsas sütunlarından biridir: "Lakin qlobal iqtisadi dalğalanmalar, sosial risklər və fövqəladə hallar fonunda borcalanların bu öhdəlikləri icra etmək imkanları bəzən ciddi şəkildə məhdudlaşır. Belə hallarda bir çox ölkədə tətbiq edilən kredit tətilləri və ya kreditlərin müvəqqəti dondurulması mexanizmi aktuallaşır. Azərbaycanda isə bu sahədə vəziyyət çox fərqlidir. Hazırkı qanunvericiliyə əsasən, kredit tətilləri ayrıca hüquqi mexanizm kimi təsbit olunmayıb. Təsbit edilməsi barədə də heç bir düşüncə yoxdur, zənnimcə. Kredit münasibətləri əsasən müqavilə prinsipləri üzərində qurulduğundan, ödənişlərin təxirə salınması və ya şərtlərin dəyişdirilməsi yalnız tərəflər arasında razılaşma əsasında mümkündür. Bu isə o deməkdir ki, kredit tətilləri ölkədə sistemli və avtomatik tətbiq edilən alət deyil və bundan sonra da edilməyəcək. Praktikada bank sektoru müəyyən çevik yanaşmalar tətbiq edir. Ən geniş yayılmış mexanizm kreditlərin restrukturizasiyasıdır. Bu çərçivədə kredit müddətinin uzadılması, aylıq ödənişlərin azaldılması və ya müəyyən dövr üçün əsas borcun ödənişinə fasilə verilməsi kimi addımlar atılır. Ayrı-ayrı hallarda isə banklar fərdi qaydada qısamüddətli kredit tətili tətbiq edə bilirlər. Qeyd edim ki, fövqəladə iqtisadi və sosial vəziyyətlərdə tənzimləyici qurumların tövsiyələri ilə bank sektorunda daha yumşaq yanaşmalar müşahidə olunub. Nümunə kimi qeyd edim, pandemiya dövründə borcalanlara dəstək məqsədilə restrukturizasiya imkanları genişləndirilib və cərimə mexanizmlərinə daha elastik yanaşılıb. Lakin bu addımlar davamlı mexanizm deyil, situativ xarakter daşıyırdı. Beynəlxalq təcrübə göstərir ki, bir çox ölkələrdə kredit tətilləri dövlət siyasətinin bir hissəsi kimi qanunvericiliklə tənzimlənir və kütləvi tətbiq olunur. Bu yanaşma sosial yükün azaldılmasına və iqtisadi aktivliyin qorunmasına xidmət edir. Bizdəki reallıq isə onu göstərir ki, Azərbaycanda kredit tətilləri sahəsində daha sistemli və institusional mexanizmlərin yaradılması məsələsi aktuallığını qoruyur. Bu istiqamətdə hüquqi çərçivənin təkmilləşdirilməsi həm borcalanların müdafiəsi, həm də bank sektorunun dayanıqlılığı baxımından balanslı həllərin formalaşmasına töhfə verə bilər.
Hazırda Azərbaycanda kredit tətilləri daha çox fərdi yanaşmalar və bazar mexanizmləri çərçivəsində tətbiq olunur. Gələcəkdə isə bu sahədə daha aydın və sistemli qaydaların müəyyən edilməsi iqtisadi sabitliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
İqtisadçı Rəşad Həsənov deyir ki, kredit öhdəliklərinin dondurulması və ya kredit tətillərinin verilməsi həm dünya, həm də Azərbaycan təcrübəsində mövcuddur. Bu halları müxtəlif aspektlərdən nəzərdən keçirmək mümkündür və onları əsasən iki qrupa ayırmaq olar: "Birinci qrup kütləvi şəkildə kredit qaytarma qabiliyyətinə mənfi təsir göstərən hallardır. Qanunvericilikdə də bu vəziyyətlər öz əksini tapır. Buraya təbii fəlakətlər, epidemiyalar, pandemiyalar və iqtisadi böhran dövrləri daxildir. Belə hallarda çoxsaylı kredit alanların öhdəliklərini vaxtında yerinə yetirməsi çətinləşir. İkinci qrup isə fərdi vəziyyətlərlə bağlıdır. Məsələn, şəxs muzdlu əmək müqaviləsi ilə çalışır, gəlirini təqdim edərək kredit götürür, lakin sonradan ixtisara düşür və ya işdən çıxarılır. Nəticədə kreditini ödəmək imkanını itirir. Azərbaycanda kreditlərin dondurulması və ya tətillərin verilməsi məsələsi xüsusilə pandemiya dövründə aktuallaşıb. Banklar da fəaliyyətləri çərçivəsində fərdi hallara uyğun müvafiq qərarlar qəbul edildi. Hazırkı vəziyyətdə, yəni borcunu ödəyə bilməyən insanlar üçün bu proses bir neçə formada reallaşa bilər. Bəzən banklar əsas borcun ödənilməsində müəyyən güzəştli dövr - 3-6 ay, bəzən 1 il - tanıyırlar. Bu dövr ərzində bəzən yalnız faiz ödənilir, bəzən isə heç faiz də ödənilmir və ödəniş tam dayandırılır. Bəzi hallarda həm kredit tətilləri verilir, həm də vəziyyəti idarə etmək məqsədilə kredit resürprizasiyası tətbiq olunur: aylıq ödəniş daha uzun müddətə bölünərək optimallaşdırılır. Bu proses Azərbaycan qanunvericiliyində Bankın qaydaları və digər normativ aktlarla tənzimlənir. Ümumiləşdirsək, kredit borclarının dondurulması Azərbaycan qanunvericiliyində mümkündür və bu, təbii olaraq öhdəliyin yerinə yetirilməməsi hallarına cavab olaraq ortaya çıxan bir mexanizmdir. Əgər borcalanın bütün resursları tükənibsə - girov və zamin yoxdur, aylıq gəlir yetərsizdirsə - bu zaman alternativ yollar, o cümlədən kredit tətillərinə müraciət etmək zəruridir".
Sevinc QARAYEVA



