|
|
|
|

“Giorgia Meloninin Bakıya səfəri Azərbaycan–İtaliya münasibətlərinin artıq sırf iqtisadi əməkdaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlıq mərhələsinə yüksəldiyini bir daha təsdiqləyir. Azərbaycanın əsas ticarət tərəfdaşı olan Italiya ilə əlaqələr bu gün, xüsusilə enerji təhlükəsizliyi kontekstində, Avropa üçün kritik əhəmiyyət daşıyır. Xəzərdən Avropaya uzanan Cənub Qaz Dəhlizi artıq təkcə enerji layihəsi deyil, Avropanın enerji arxitekturasının əsas sütunlarından birinə çevrilib. Bu dəhliz vasitəsilə İtaliya yalnız öz enerji təhlükəsizliyini təmin etmir, eyni zamanda Avstriya və Almaniya kimi ölkələr üçün mühüm tranzit mərkəzi rolunu oynayır”.
Bunu 525.az-a açıqlamasında nəqilliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib. Ekspert vurğulayıb ki, 2026-cı ildən etibarən Azərbaycan qazının yeni bazarlara çıxışı İtaliyanın rolunu daha da gücləndirərək onu Avropanın aparıcı qaz tranzit hablarından birinə çevirir. Bu isə Azərbaycan–İtaliya əməkdaşlığını regional çərçivədən çıxararaq qlobal miqyaslı strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir:
“Əlaqələrin strateji xarakteri yalnız enerji ilə məhdudlaşmır. Azərbaycan Dövlət Neft Fondu-nun BlackRock və onun platforması olan Global Infrastructure Partners vasitəsilə Italo – Nuovo Trasporto Viaggiatoriyə investisiya yatırması əməkdaşlığın artıq nəqliyyat və infrastruktur sahələrinə dərin inteqrasiyasını nümayiş etdirir. Eyni zamanda, “8 Noyabr” İES layihəsində Ansaldo Energia şirkətinin iştirakı sənaye əməkdaşlığı və texnologiya transferinin də bu tərəfdaşlığın ayrılmaz komponentinə çevrildiyini göstərir. Bütün bu amillər sübut edir ki, Azərbaycan–İtaliya münasibətləri klassik ticarət əlaqələrindən fərqli olaraq, enerji, nəqliyyat, maliyyə və sənaye sahələrini əhatə edən çoxşaxəli strateji tərəfdaşlıq modelinə transformasiya olunub. Bu model həm Azərbaycanın Avropadakı rolunu gücləndirir, həm də İtaliyanı Cənubi Qafqaz və Xəzər regionu ilə birləşdirən əsas geoiqtisadi körpülərdən birinə çevirir”.
Sevinc Qarayeva



