|
|
|
|

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının “İdman hüququ” və “Turizm hüququ” ixtisaslaşmalarında təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib.
Müdafiə prosesi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovun sədrliyi ilə baş tutub.
Bu barədə 525.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Sədr Anar Bağırov çıxışında son illər BDU da daxil olmaqla, ölkənin Hüquq fakültələri fəaliyyət göstərən ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumlarının imzalandığını bildirib. Bu əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar hazırlığının gücləndirilməsi, təcrübə proqramlarının təşkili, birgə tədbirlərin keçirilməsi və gənc hüquqşünasların vəkillik peşəsinə marağının artırılması istiqamətində bir sıra faydalı təşəbbüslərin uğurla həyata keçirildiyi diqqətə çatdırılıb.
Hüquq elmi sahəsində tanınmış alimlərin, professor-müəllim heyətinin və Magistr Dissertasiya Şurasının üzvlərinin iştirakı ilə keçirilən iclasda 3 magistrantın dissertasiya işləri müdafiəyə təqdim edilib. Müzakirələrin yekununda dissertasiya işləri yüksək qiymətləndirilib və magistrantlar müdafiə mərhələsini uğurla başa vurublar.
Kollegiyanın sədri Anar Bağırov BDU-nun Hüquq fakültəsinə və hüquq təhsilinə göstərdiyi dəstəyə görə 50 illik yubileyi münasibətilə Hüquq fakültəsinin Fəxri fərmanı ilə təltif edilib.
Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov həm Bakı Dövlət Universitetinin, həm də Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquq fakültələri üzrə Magistr Dissertasiya Şuralarına rəhbərlik edir.



