|
|
|
|

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib ki, yanğın binanın fasadından başlayıb: "Hava küləkli olduğundan qısa müddət ərzində geniş ərazini əhatə edib. Binanın fasad hissəsi tamamilə, iki mənzil və prospektə baxan hissədəki bir neçə eyvan yanıb"
APA-nın hadisə yerindəki əməkdaşının məlumatına görə, R. Xudiyev deyib ki, yanğınsöndürənlər 3 nəfər xilas ediblər:
"Onlara ilkin tibbi yardım göstərilib. Yanğının qarşısı tamamilə alınıb. Hazırda mənzillərdə yanğın kəşfiyyatı işləri aparılır".
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, binada 107 mənzil var: "Burda 408 nəfər yaşayır.
Hazırda neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq".
İcra başçısı deyib ki, sakinlərdən bəziləri yaxın qohumlarının evində gecələyəcəklərini bildiriblər: “İstəyənləri yerlə təmin edəcəyik”.
*** 10.04.15, 20:55
Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanındakı doqquzmərtəbəli yaşayış binasında baş vermiş güclü yanğın bütün binanı əhatə edib
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerində FHN-nin canlı qüvvəsi və texnikası işləyir.
Məlumata görə, binadakı sakinlərin hamısı təxliyyə olunub.
Hadisənin baş verdiyi binanın yerləşdiyi Nobel prospekti və Zığ şossesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzi Nobel prospekti, Zığ şosesi və Ramiz Quliyev küçəsində sıxlıq yarandığını, hərəkətin məhdudlaşdırıldığını bildirib.
*** 20:15
Bakıda yaşayış binasında güclü yanğın baş verib.
APA-nın məlumatına görə, yanğın paytaxtın Xətai rayonunda, Zığ şosesində baş verib.
Yağın doqquzmərtəbəli binada baş verir.
Hadisənin başvermə səbəbi məlum deyil.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.



