Dostluq çağdaş zamanın sıradan çıxarmaqda olduğu dəyərlərdən biridi. Bir az dərin fikirləşəndə başa düşürsən ki, deyəsən elə “dost” sözünün özü də mənasını dəyişib.
Əgər müasir insan üzünü belə görmədiyi minlərlə adamla sosial şəbəkələr vasitəsiylə “dost” ola bilərsə və bu anlayış sadəcə foto bəyənmək, nəyəsə şərh yazmaq kimi qavranırsa... bütün bunları düşünəndə adamın ürəyi sıxılır.
Hələ hisslərin ibtidai gözəlliyinin, kövrəkliyinin itməsini, paxıllığın artmasını demirəm, dinamik zamanda canlı ünsiyyətin azalmasından danışmıram. İndiki dövrdə kiminsə hansısa xoş bir hadisəyə ürəkdən sevinməsini görəndə təəccüblənirsən. Bu mənada millət vəkili, əməkdar jurnalist, Dövlət mükafatı laureatı Elmira Axundovanın kitabı adamı elə ilk olaraq adı ilə cəlb edir: “Dostlarımın gözəl cizgiləri”. Kitabı oxuduqca bu adın nə qədər dəqiq seçildiyini, ümumi ruhu ifadə etdiyini görürük. Çünki Elmira xanım bir çox müsahibələrində, çıxışlarında da dediyi kimi məhz yaxşını görməyə çalışır, oxucularına da “gözəl cizgiləri” göstərmək istəyir.
Kitabdakı üç - “Portretlər”, “Resenziyalar”, “Esselər” - bölümlərində yer alan məqalələri, esseləri oxuduqca adama bir anlıq elə gəlir ki, Elmira Axundova hamını tanıyır. Və bu “hamı” sözündə heç bir mübaliğə yoxdur. Görünür lap yeniyetməlik, gənclik illərindən mühitin, cəmiyyətin içərisində olması, müxtəlif xarici ədəbi orqanların müxbiri kimi çalışması, həm də zəhmətkeşliyi, işgüzarlığı bu məsələdə xüsusi rol oynayıb. Amma hər halda cəmiyyətin ən fərqli, müxtəlif qütblərdə duran adamlarını tanımaq, onlar haqda dəqiq, mənalı, dərin yazılar yazmaq üçün sadəcə istedad, intellekt deyil, xarakter və daxili zənginlik də tələb olunur. Bunu da Elmira xanımın təkcə yazılarında yox, tədbirlərdəki davranışında, çıxışlarında da müşahidə etmək olar.
Ötən il Azərbaycan Yazıçılar Birliyinin Qurultayındakı çıxışı da bu mənada düşündürücü, yaddaqalan idi. Yüzlərlə qələm adamının toplaşdığı Qurultayın tribunasından hər kəsə müraciət edən, mətbuatın, ədəbiyyatın bu günü ilə bağlı problemləri bölüşən xanım nələrinsə düzələcəyinə, nələrisə dəyişməyin mümkünlüyünə inanır və “Dostlarımın gözəl cizgiləri”ni oxuduqca o da aydın olur ki, Elmira Axundova bu dediyim “dəyişmə, yaxşılaşma” yolunda öz üzərinə düşəni də dəqiq bilir. Görünür, təbiətindən gələn bir məqam da onun fəaliyyətinə, həyatına təsir edir. Bu da susa bilməməkdi. Gördüyü naqisliklər haqda da susa bilmir, onları dilə gətirir, təkrar-təkrar deməklə düzəltmək istəyir. Amma bundan daha gözəli odur ki, yaxşını da, maraqlını da, qeyri-adini də görəndə susmur. Və sadəcə haqqında yazdığı adama, yaxud kitabın, tamaşanın, əsərin müəllifinə xoş olmasıyçün yox, kütləni bu hadisəyə cəlb etmək, cəmiyyətin diqqətini yönəltmək üçün danışır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov kitaba yazdığı geniş və çox maraqlı ön sözdə Elmira xanımın özünün gözəl cizgilərindən bəhs edir. Onun kitaba bağlılığını, musiqi duyumunu, ziyalı xarakterini, dostlarına münasibətini, özünə, qələminə sadiqliyini, dəqiq müşahidələrini ifadə etmək, sözə çevirmək istedadını, mərdliyini, zəhmətkeşliyini vurğulayır. Və ön sözü oxuduqca bir anlıq çaşırsan, bütün bunların qadın haqda yazılmasına təəccüblənirsən. Çünki nədənsə adama elə gəlir ki, çətin işləri görmək üçün təbiət kişiyə daha böyük güc verib. Amma Elmira xanımın bioqrafiyası qadına aid olunan “zəif, gücsüz” bəzən hətta “çətinlikdən, zəhmətdən qorxan” kimi ifadələri inkar edir. Təkcə elə “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildlik roman-tədqiqatın arxasındakı zəhməti təsəvvürə gətirmək yetər.
Esselərindən birində Elmira xanım jurnalistika peşəsi haqda yazır: “Jurnalist peşəsi - peşəkar yararlılığa daimi imtahandır. O, hər dəfə təmiz vərəqdən başlamalıdır, zira əgər o, dezinformasiya verməyi, ya yalan söyləməyi özünə rəva görərsə, nə məşhurluğu, nə onlarla gurultulu məqaləsi jurnalistin reputasiyasını xilas edə bilməyəcəkdir”.
“Dostlarımın gözəl cizgiləri” kitabında müəllifin məhz yuxarıda gətirdiyim prinsiplərə sadiqliyini, reputasiyasına arxalanıb qərəzli, zəif yazmağı özünə rəva görmədiyini açıq-aydın hiss etmək olar. Və o da aydındır ki, hər dəfə təmiz vərəqdən başlamaq (bu ifadənin həqiqi və məcazi mənasında) öz işinin bilicisi üçün çətin deyil. Eyni zamanda maraqlı olan budu ki, illər, istər Sovet dövrünün sərt qanunları, isərsə də müstəqilliyin gətirdiyi azadlıq Elmira xanımın qələminə, üslubuna o qədər ciddi təsir etməyib. Hazırkı söz azadlığı həvəskarları, azadlıq sözünün mənasını yanlış qəbul edənlər üçün bu xanımın yazılarındakı kübarlıq, səviyyə örnək ola bilər.
Kitabın xüsusən də “Portretlər” və “Resenziyalar” fəsillərinə daxil edilmiş yazıları oxuyanda müəllifin söz səxavətinə heyran qalırsan. İndiki dövrdə gözəl cizgilərdən, həm də bu qədər səxavətlə, ürəkgenişliyi ilə yazmaq?! Bax bu təəccüblüdür... Amma onu da etiraf etmək lazımdı ki, bu esselərin bəzilərində Elmira xanımın avansları da hiss olunur. Sanki haqqında yazdığı adamı, (əlbəttə hamını yox) bir az da çox sevindirmək, həvəsləndirmək, onu daha gözəl işlərə sövq etmək üçün Elmira xanım xoş sözlərin sayını artırır. Ancaq elə bunun özü də onun özünəməxsusluğundan, ürək açıqlığından xəbər verir.
Elmira Axundovanın istər bu yeni kitabını - “Dostlarımın gözəl cizgiləri”ni, istərsə də bura daxil edilməmiş başqa yazılarını, məqalələrini oxuyanda onun maarifləndirmək həvəsini, arzusunu duymaq olar. Əslində, ilk baxışdan hamını narahat edən məqamları yazır, deyir. Məsələn, elə yaxın vaxtlarda “525-ci qəzet”də işıq üzü görən “Plagiat epidemiyası və unutqanlığımız haqqında... “ məqaləsində Elmira xanım plagiatlarla bağlı narahatlığını bildirir, kimlərinsə başqasının zəhmətini utanmadan öz adına çıxarması haqda fikirlərini bölüşürdü. Nədənsə bu problem hamını narahat eləsə də, bu haqda çox az danışılır. Amma Elmira xanımın yazısından sonra bir növ bu məsələyə diqqət cəlb olundu. Bir sözlə, məncə, Elmira Axundova qələminin əsas vəzifəsi cəmiyyətin diqqətini, fikrini lazımi nöqtələrə, mövzulara cəlb etməkdi. Bu mənada Xalq yazıçısı Anarın “LİK Azerbaydjana” üçcildliyi haqda yazdığı məqalələr xüsusi vurğulanmalıdır.
Elə bu kitaba daxil edilmiş başqa bir yazısında, “Yaddaş yerinin qoruyucu” essesində Elmira xanım Anar müəllimin təvazökarlığından “şikayət” edir, “təvazökarlığın da bir əndazəsi olmalıdır” - deyir. Və illər sonra yəqin elə təvazökarlıq üzündən “LİK” kimi qeyri-adi, möhtəşəm bir işi cəmiyyətə təqdim etməyən, az qala gizlədib heç kəsə göstərməyən Anar haqda yenə Elmira xanım yazır. “Azərbaycanın gözəl SİMAsı” nı oxucuya tanıtmaq, geniş ictimaiyyətə anlatmaq istəyir, özü bildiyi, duyduğu, anladığı şəkildə. Bu da əslində elə ziyalılığın təcəssümüdür ki, insan bəyəndiyi, təsirləndiyi əsəri hamıya oxutmaq, tanıtmaq istəyir.
“Dostlarımın gözəl cizgiləri” kitabını bütöv əsər də adlandırmaq olar. Buradakı ən fərqli yazılarda müəllifin özünün də cizgiləri, ömrü, həyat, zəmanə, insanlıq, gənclik haqda düşüncələri əks olunub. Yazıların hər biri haqda ayrıca danışmaq, onların məziyyətindən xeyli söz açmaq olar. Amma indi Elmira xanımın təhlil etdiyi, araşdırdığı mövzuları, insanları, hadisələri yenidən yazmaq niyyətində deyiləm. Çünki kitab haqda ən gözəl sözü elə kitabın özü deyir...
Sadəcə son olaraq müəllifin zövqü haqda da bir neçə söz demək istərdim. Kitabın dizaynından, poliqrafik səviyyəsindən tutmuş, yazıların düzülüşünə, fotoların seçiminə qədər hər şeydə zövq hiss olunur, qadın səliqəsi duyulur. Və nədənsə əminəm ki, bunların hamısıyla müəllif şəxsən özü məşğul olub. Əlbəttə, ilk öncə vurğulanmalı olan məqalələrin, esselərin səviyyəsidir, dərinliyidir, amma bununla yanaşı o maraqlı yazıların necə təqdim olunması da şərtdir. Xüsusən də əgər müəllif qadındırsa... Elmira Axundova kimi ziyalı, zövqlü, kübar qadındırsa...