Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun Vilnüsdə keçirdiyi "Avropada əmək münasibətləri və iş zəmanətlərinin nizamlanmasında Sosial dialoqun əhəmiyyəti" mövzusunda beynəlxalq konfransda iştirak edib.
İyunun 18-19-u tarixlərində Vilnüsdə baş tutmuş konfransda "Effektiv fəal əmək bazarı siyasəti-ölkələr üçün Aİ-nin çağırışı", "Avropa əmək bazarlarının təhlükəsizliyi və uyğunluğunun axtarılması" və s. mövzular ətrafında müzakirələr aparılıb. Azərbaycandan beynəlxalq konfransa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov, Qadın Konsensus Mərkəzi ictimai birliyinin sədri, Aynur Camal, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası İcraçı Komitəsinin rəhbəri Sahib Məmmədov, eyni zamanda BAMF-ın sədri Umud Mirzəyev qatılıb.
Səfər çərçivəsində Azərbaycandan olan nümayəndə heyəti Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti ölkələrinin nümayəndələri ilə həm ayrı-ayrılıqda, həm də konfrans daxilində bir sıra səfər əhəmiyyətli görüşlər həyata keçiriblər. Əsasən də Ukrayna, Belarusiya, Moldova və Gürcüstandan olan Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti nümayəndələri arasında baş tutmuş görüşlərdə Azərbaycanda həyata keçirilən sosial proqramlar, sosialyönümlü fəaliyyətlər, vətəndaş cəmiyyətinin durumu və həyata keçirilən fəaliyyətlər, Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının əhəmiyyəti barəsində müzakirələr aparılmış və bu istiqamətdə verilmiş suallar cavablandırılıb.
Növbəti səfər əhəmiyyətli görüş Umud Mirzəyev, Sahib Məmmədov və Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırılması istiqamətində illərlə çalışıb, əslən litvalı olan BAMF-ın Litva təmsilçısı, fotojurnalist Riçard Lapaytisin iştirakı ilə Azərbaycan Respublikasının Litvadakı səfirliyində baş tutub. Səfir Həsən Məmmədzadə ilə baş tutan görüşdə səfir diplomatik missiyanın həyata keçirdiyi və gördüyü işlər, Azərbaycanın vətəndaş cəmiyyəti qurumlarının media qurumları ilə əməkdaşlığından söz açıb. Səfir görüş əsnasında Riçard Lapaytis və onun kimi jurnalistlərlə əməkdaşlıqlara önəm verdiklərini də vurğulayıb.