"SERGEY LAVROVLA ELMAR MƏMMƏDYAROV ARASINDA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ İLƏ BAĞLI DETALLAR MÜZAKİRƏ OLUNUB"
"Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri ilə cəbhə xəttində baş verən hadisələri əlaqələndirənlərin sayı kifayət qədərdir. Bu barədə müxtəlif fikirlər səsləndirilir. Lakin birmənalı şəkildə Lavrovun Bakı səfəri ilə Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində davamlı olaraq atəşkəsi pozması faktını əlaqələndirmək olmaz". Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, artıq üzün müddətdir Ermənistan qoşunları intensiv şəkildə cəbhə xəttində atəşkəsi pozur: "Faktiki olaraq bu müddət ərzində Rusiyanın dövlət və hökumət rəsmiləri Azərbaycana səfər etməyiblər. Ona görə də, bu hadisələri birmənalı şəkildə əlaqələndirmək olmaz. Ancaq dolayı yolla əlaqəsi var. Çünki Ermənistan tərəfi Azərbaycan-Rusiya münasibətlərinin kəskin pisləşməsində maraqlıdır. Onlar çox arzulayırlar ki, cəbhə xəttində baş verən istənilən insidentə görə, məhz "Rusiyanın tövsiyəsi ilə baş verdi" fikri məqsədyönlü şəkildə tirajlansın və daha çox yayılsın və bu da ictimai rəydə Azərbaycan-Rusiya münasibətlərinin kəskin pisləşməsinə gətirib çıxarsın". E.Mirzəbəylinin sözlərinə görə, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində konkret tərəfdir: "Yəni, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir. Bütün bunlara baxmayaraq, Sergey Lavrovun Bakı səfərinin cəbhə xəttində yaşanan son hadisə ilə əlaqələndirilməsi təhlilin ən asan yoludur. Yəni, bu hadisə ortalığa çıxan, göz önündə olan bir faktdır. Ona görə də, Lavrovun Bakı səfəri ilə ermənilərin törətdiyi son təxribatı əlaqələndirirlər. Lakin məlumdur ki, cəbhə xəttində atəşkəs hər gün pozulur, işğalçı Ermənistan qoşunları Azərbaycanın mülki vətəndaşlarını atəşə tutur. Bu mənada, Lavrovun səfəri ilə məlum insidenti əlaqələndirmirəm. Amma bu səfərdən Ermənistan tərəfinin istifadə edəcəyini ehtimal etmək olar".
Politoloq Qabil Hüseynli hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etmək fikrində deyil. Onun sözlərinə görə, Sergey Lavrovun Bakı səfəri bundan xəbər verir: "Təxminən iki ay bundan əvvəl isə Rusiya xarici işlər naziri təmtəraqlı vədlər verir, problemin həllinin vaxtının yetişdiyini bildirirdi. Hazırda isə tamam başqa tempdə fikirlər bildirir. Guya problemin həllinin açarı Azərbaycan və Ermənistan prezidentlərinin əlindədir".
Politoloq bildirib ki, iyirmi il bundan əvvəl Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını təmin edən Rusiya indi heç olmasa ətraf yeddi rayonun qaytarılması üçün öz imkanlarını səfərbər etməlidir: "Dağlıq Qarabağın məsələsinə ərtaf rayonlar qaytarılandan sonra baxmaq olar. Hətta bu barədə Kreml Azərbaycana vəd verib. İndi isə sözlərindən geri çəkildiklərinin şahidiyik. Belə görünür ki, Rusiya Cənubi Qafqazda təsir imkanlarını artırmaq üçün təzyiq yolunu seçib. Ermənilər isə Rusiyanın bundan əvvəlki hərəkətlərindən şübhələnməyə başlayıblar. Onlar narahat olurlar ki, Moskva yeddi rayonu Ermənistanın nəzarətindən alaraq həqiqi sahibinə qaytara bilər. Bu mənada, səfər zamanı cəbhə xəttində baş verən insident Rusiyaya mesaj xarakteri daşıyıb. Eyni zamanda, Ermənistan prezidenti Serj Sarkisyan da həmin vaxt Dağlıq Qarabağda idi. Bu zaman işğalçı ölkənin qoşunları təkcə Tərtər deyil, Tovuz və Qazax istiqamətlərində də hücunlar təşkil ediblər. Ermənilər bu cür alçaq fəndlərdən istifadə edərək Rusiyanı Azərbaycanla sövdələşmədən imtina etməyə çağırırlar".
Lavrovun Bakıya səfərində tutarlı heç nə ilə yadda qalmadığını deyən Q.Hüseynlinin fikirlərinə görə, yəqin ki, Rusiyanın xarici işlər naziri Azərbaycanın Türkmənistanla qaz nəqli sahəsində apardıqları danışıqlarına münasibət bildirib. O bildirib ki, Lavrov eyni zamanda, Azərbaycan-NATO münasibətlərinin təhlükəli ola biləcəyindən xəbər verib: "Onsuzda Azərbaycanın NATO ilə geniş əlaqələri yoxdur. Buna baxmayaraq, NATO rəhbərinin Azərbaycana gəlmək istədiyi haqda xəbərlər yayılandan sonra Rusiyanın narahatlığı daha da artıb. Nəticədə Lavrov Bakıya səfər edib. Bizim isə əsas problemimiz Dağlıq Qarabağdır. Bunun üçün Rusiyanın maraqlarına cavab verən müəyyən güzəştlərə getməyə hazırıq. Hətta Avrasiya və Gömrük birliklərinə də üzv ola bilərik. Lakin bir şərtlə ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Bunu da Rusiya bacara bilər. Problemi yaradan Rusiyadır və o da həll etməlidir".
Politoloq əlavə edib ki, Lavrovun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü sırf Dağlıq Qarabağ münaqişəsi ilə bağlı idi və ona görə də, bu görüşün təfərrüatlarını mətbuata ötürülməyib: "Bu barədə xeyli vaxtdır danışıqlar getsə də, intensiv fazaya üç ay bundan əvvəl keçib. Bu müddət ərzində Elmar Məmmədyarov iki dəfə Moskvaya səfər edib. Proseslə bağlı nikbin bəyanatlar da o zaman səsləndirilib. İndi də həmin görüşlər davam edir. Bəlkə də Lavrovun bəyanatlarının xarakterini dəyişməsi bir növ erməni ictimai rəyinə təsir etmək üçündür. Hər halda Rusiyanın Azərbaycana ciddi ehtiyacı var. Kreml Azərbaycan kimi dövlətin onun yanında olmasını çox istəyir. Lakin bu istəyin müqabilində Azərbaycanın da tələblərinə cavab vermək lazımdır. Başqa cür mümkün deyil".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə qeyd edib ki, cəbhə xəttindəki insidentləri hər hansı bir hadisə ilə əlaqələndirmək düzgün deyil: "Artıq dünyada bir çox siyasi dairələr başa düşür ki, Dağlıq Qarabağ münaqişəsini dinc yolla tənzimləmək mümkün deyil. Hazırda hərbi yol əsas variantdır. Cəbhə xəttində baş verən hadisələr demək olar ki, spontan şəkildə işə düşür. Bunu hər hansı bir hadisə ilə qarşılaşdırmağa ehtiyac yoxdur. Əgər son insidenti Lavrovun səfəri ilə əlaqələndirsək, bundan əvvəl və sonrakıları kim və nə ilə bağlayacağıq?"
Politoloq hesab edir ki, Lavrovun Bakıya səfəri Azərbaycan üçün təkcə siyasi güc deyildi, eyni zamanda hərbi güc idi: "Ermənilər son vaxtlar Lavrovla bağlı belə bir misal çəkirlər ki, Rusiya xarici işlər naziri Bakıya səfər edərək Azərbaycanı silah sərgisinə dəvət edir, onlara silah satışını təşkil etmək istəyir, bundan bir gün əvvəl isə ermənilər üçün mahnı oxumağa opera müğənnisi Lyubov Kazarnovskayanı göndərir. Bunu deməkdə məqsədim odur ki, Lavrovun Bakıya səfərində hərbi dəyişiklik müşahidə olunursa, bu da yeri gəlsə Azərbaycanın xeyrinədir".
M.Əhmədoğlu bildirib ki, Sergey Lavrovla Elmar Məmmədyarov arasında görüşün məxfi keçirilməsinin əsas səbəbi danışıqlarda Dağlıq Qarabağla bağlı detalların müzakirə olunmasıdır: "Lavrovun Bakı səfəri ilə bağlı çox nadir hallarda müşahidə olunan hadisə baş verib. Lavrov səfərdən qayıdandan sonra Rusiya Xarici İşlər Nazirliyi görüş barədə yenidən məlumat yayıb. Məlumatda xüsusi olaraq qeyd olunub ki, görüşdə Dağlıq Qarabağ məsələsi də müzakirə olunub. Bu onu göstərir ki, Lavrovun Bakıya səfəri əsas etibarıyla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub. Sergey Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünün məxfi keçirilməsinin əsas səbəbi də məhz detalların müzakirə olunmasıyla bağlı ola bilər".
Mərkəz sədri onu da əlavə edib ki, hazırda Rusiya istiqamətində Azərbaycanın əleyhinə heç nə baş vermir və bu müzakirələr rəsmi Bakının maraqlarına tam uyğundur.
Ceyhun ABASOV