"Sentyabrın 1-də Ermənistan Silahlı Qüvvələri Tərtərin Qapanlı kəndində toy yerini atəşə tutaraq üç nəfər mülki şəxsi yaralayıblar.
Yaralananlardan Müşkünaz Tanrıverdiyevanın vəziyyəti hələ də orta ağır olaraq qalır. O, Bərdədə Diaqnostika Mərkəzindədir. Bacısı Mədinə Əhmədova və nəvəsi nisbətən yüngül yara aldıqlarından indi evə buraxılıblar. Demək olar ki, hər kəsin xəbəri olduğu bu olaydan ona görə təkrar bəhs edirəm ki, həmsədrlərdən heç biri bu erməni azğınlığına reaksiya verməyib. Halbuki, mən özüm də Tərtərdən seçilən millət vəkili olaraq onlardan buna reaksiya bildirmələrini istəmişdim, özü də hər birinə öz doğma dillərində müraciət etmişdim". Bu sözləri millət vəkili Sahib Alıyev deyib.
O bildirib ki, bu hadisədən sonra Azərbaycan ordusunun işğalçının mövqelərini artilleriya atəşinə tutmasını amerikalı həmsədr Ceyms Uorlik yolverilməz hadisə adlandırıb: "Anlamaq olmur, bu adam hansı ölkəni və hansı statusda təmsil edir. Əgər Ermənistanın Xarici İşlər Nazirliyi deyil, Minsk Qrupuna həmsədrlik edən ölkənin təmsilçisi kimi çıxış edirsə, nədən dinc adamların atəşə tutulmasını yox, bunu edənlərin mövqelərinin vurulmasını pisləyir?"
Millət vəkilinin sözlərinə görə, işğalçılar həmsədrlərin onlara tərəfkeşlik etdiklərini bildikləri üçün hər gün cəbhə xəttinə yaxın kəndlərimizi atəşə tuturlar: "Cəbhə xəttinin cəmisi 100 metrliyində yerləşən erməni gülləsi dəyməyən ev demək olar ki, yoxdur. Sentyabrın birində ağır güllə yarası alan Müşkünaz xanımın ailəsi bu vəziyyətlə birinci dəfə üzləşmir. Onun həyat yoldaşı Nofəl Əliyev də bir neçə il bundan əvvəl öz həyətində erməni snayperin atdığı atəş nəticəsində yara alıb. Keçən il bu vaxtı isə tarlada oğulları Namiqi qıçından vurublar. Təsəvür edirsinizmi, ermənilər müxtəlif vaxtarda Qapanlını atəşə tutarkən bir ailənin dörd üzvü - ata, ana, oğul və nəvəni yaralayıblar. Hərçənd, həmsədrlərdən heç biri indiyədək bu erməni azğınlığını pisləməyib. Ancaq bu azğınlığı edənlər yerlərində oturdulanda bəyanat bəyanat dalınca səsləndirilir. Elə isə sual olunur, bizə belə vasitəçilər lazımdırmı? Aydındır ki, bu sualı tək mən vermirəm. Onu qərbdəki bəlli çevrələrin xidmətlərində olan bir-iki nəfərdən başqa Azərbaycanda hər kəs səsləndirir. Belə getsə bu sual verilməyəcək, bir ağızdan deyiləcək ki, bizə həmsədrlik institutunu ancaq öz geosiyasi maraqlarının qurbanına çevirən, regiondakı vəziyyəti xristian təəssübkeşliyi prizmasından dəyərləndirən dövlətlərin vasitəçiliyi lazım deyil".
S.Alıyev əlavə edib ki, Ceyms Uorlikin yeni tvitləməsindən bəlli olur ki, o, ermənilərin minaölçənidir: "Azərbaycan ordusunun mövqelərini minaatanlardan vurduğunu deyən ermənilərin sözlərinin həqiqəti əks etdirib-etdirmədiyini tam dəqiqləşdirməyən Uorlik anındaca həmin minanın 120 mm olduğunu ölçərək bunu yolverilməz adlandırıb. Bəs mövqelərinin vurulmasından şikayətlənənlərin cəbhəyanı kəndlərimizi atəş altında saxlamaları necə, yolveriləndir, mister minaölçən? Son beş gündə Tərtərin Qapanlı kəndində üç, Tovuzun Əlibəylisində isə iki dinc adamı yaralayıblar. Üç yaşlı qadın, qoca bir kişi və körpə qızcığaz öz həyətlərində gülləbarana tutulublar. Minanın ölçüsünü millimetrinədək görən gözləriniz bunu niyə görmür. Görürsə niyə susursunuz?"
Ceyhun ABASOV