BAKI SEVDALISI RATİB SUKKƏR
Nəriman QASIMOĞLU
– Salam, Ratib. Necəsən, işlərin necədir? Ailən? Salamatçılıqdırmı, hər şey qaydasındamı? Nəriman
– Darıxmışıq səndən ötrü, Nəriman! Ratib
– Biz də səndən ötrü darixiriq, Ratib. Ailənə salamlarımı çatdır. Allah hamınızı qorusun! Nəriman
– Necəsən, Ratib? Vəziyyətin barədə yaz!
– Təşəkkürlər, Nəriman. Dəməşqdəyəm, çətin bir durumda. Hamıya salamlar! Ratib
– Olduqca təəssüf edirəm, Ratib, hazırda çətin durumda olduğuna. Telefonun var? Dəməşqdəki telefon sayını mənə yaz səninlə əlaqə saxlaya bilim. Özündən muğayat ol.
Yuxarıdakılar Ratib Sukkərlə son qısa elektron yazışmalarımın tərcüməsidir...
Ratib Sukkər Suriyanın məşhur şairi, ədəbiyyat çəfakeşi, filoloqudur. Sonralar dostluğa çevrilən tanışlığımızın tarixçəsi ötən əsrin 80-ci illərinin ikinci yarısına gedib çıxır. Ratiblə Moskvada Elmlər Akademiyasının yataqxanasında tanış olmuşdum. Həmin yataqxanada ərəbdilli bir poeziya ab-havası yaşanırdı. Bu mühiti tanınmışlarla yanaşı, yaradıcılığa yeni başlayan ərəb şairləri yaratmışdı. Hər biri ayrıca olaraq ədəbiyyata aid araşdırmalarla da məşgul idi, dissertasiya üzərində işləyirdi. Tez-tez toplaşar, şeir məclisləri qurar, şeir gecələri keçirər, poeziyaya dair fikirlərini bölüşər, bir-birilərini tənqid edərdilər. Prosesin qızğın iştirakçılarından biri də məndim. Ərəb olmaya-olmaya ərəb ədəbi dilində və üstəlik suriyalı, livanlı və fələstinlilərin ortaq şivəsində sərbəst danışmağıma görə ərəb şairləri üçün uzaq Moskvada bir növ tapıntı idim. Aralarında ədəbi rəqabət də, mübahisələr də gedirdi. Əvvəl-əvvəl kənar bir şəxs olaraq ədəbi mübahisələrə münsif kimi qatılmışdım. Sonradan özüm də hiss etmədən bir də baxdım bu mikropoeziya mühitinə tam qaynayıb qarışmışam, elmi işimdən “oğurladığım” vaxtımı beləcə ərəb şairlərilə bir keçirirəm və hətta ədəbi qısqanclıqların, dedi-qoduların, umu-küsülərin, zarafatların tamhüquqlu iştirakçılarından, hədəflərindən birinə çevrilmişəm. Və indi mənə həqiqətən gülməli gələn də odur ki, bütün bunların mənim aid olduğum milli mədəniyyət mühitinə heç bir dəxli yox idi. Bu da təbiidir ki, mən o mühitdə özümü heç də həmişə “ərəbləşmiş” azərbaycanlı kimi aparmırdım. Fürsət düşdükcə Azərbaycanı, tarixini, mədəniyyətini təbliğ edirdim. Bu mənada təsirim altına sala bildiyim daha çox Ratib Sukkər oldu.
1985-ci ildə Diməşqdə onun ilk şeir kitabı çapdan çıxmışdı. Ərəb ədəbi qəzet və dərgilərində şeirləri tez-tez dərc olunurdu. Bir neçə şeirini türkcəmizə çevirib “Azərbaycan gəncləri” qəzetində çap etdirdim. Qəzeti Moskvada ona çatdıranda elə sevinirdi ki... Bunun müqabilində məndən şeirlərimin tərcüməsini istədi. Bir neçə şeirin öz qələmimdən çıxan sətri tərcüməsini ona verdim. Az müddət sonra həmin şeirlər Ratib Sukkərin təqdimatında Suriyanın “Əl-fidə” qəzetində çıxdı. Ratiblə ədəbi dostluğumuzun sonrakı məhsulları öz əksini onun haqqımda yazıb Suriyanın mərkəzi ədəbiyyat qəzeti olan “Ədəbiyyat həftəsi”nin bütöv bir səhifəsində şeirlərim və Livan fədailərinə ünvanladığım iri həcmli məktubumla birgə dərc etdirdiyi məqalədə, ərəb tənqidçisi Ömər Bəkri Əs-Sərminin şeirlərimi ərəb həmkarlarımın poeziyası kontekstində müqayisəli təhlil edən məqaləsində, həmin yazının “Azərbaycan gəncləri”ndə tərcüməsində, eləcə də Ratibin poeziya məclislərində, şeir gecələrində etdiyi çıxışlarda tapdı. Bir neçə dəfə də Bakıda oldu, şəhərimizə heyranlıqla bağlandı. Bu heyranlığını çox sonralar mənə ithafən yazdığı “Bakı naxışları” şeirində ifadə etdi. “Dostlardan daha yaxın, rəqiblərdən daha uzaq...” adlı şeir kitabında gedən həmin şeiri dilimizə çevirdim...
Son zamanlar vətəndaş savaşının faciələr, ölümlər, dağıntılar girdabına yuvarlatdığı Suriyada baş verənləri izlədikcə fikrim gedirdi Ratib taleyinə, narahatlıq onun həyatı sarıdan idi. Yazışdıq. Sonra telefon sayını mənə yazdı. Onun Dəməşq telefonuna zəng etdim. Dedi özün bilirsən vəziyyət necədir. Döyüşlər gedir. Dedim bəlkə küçəyə-filana çıxmayasan. Bildirdi ki, hələlik salamatçılıqdır, çalışırıq sağ qalaq. Onu və ailəsini ölkədən çıxarmaqla bağlı mümkün variantı müzakirə etməyə başlamışdım ki, sadəcə minnətdarlığını bildirdi, istəmədi. Və bu vurhavur içində olan Ratib birdən məni kövrəldərək qayıtdı ki, yeni şeirlərindən varsa sətri tərcümələrini göndər işləyib Dəməşqdə çap etdirim. Təbii ki, imtina edib özündən, ailəsindən muğayat olmasını, bir də ətraflı məktub yazmasını dilədim. Onun telefonuna qulaq asa bilərdilər deyə ayrıntılara varmadım, dedim ziyanına olar, haradan zəng etdiyimi də hər ehtimala qarşı bildirmədim. Telefon sayını qeyd etdiyi sonuncu məktubunda Bakı üçün darıxdığını yazırdı.
Elə bilirəm hazırda başı bəlalı Dəməşqə Ratib Sukkərə mənəvi dəstək və onun Bakı sevgisinə bir qarşılıq verməyin ən gözəl ifadəsi onun şeirinin “525-ci qəzet”də dərci olardı.
ABŞ, Kembric şəhəri,
21 dekabr 2012
BAKI NAXIŞLARI
Ruhdaşım, Azərbaycan şairi Nəriman Qasımoğluna
1
Bakı...
Sübh mehindən gözləri xumar-xuma
axır, axır pəncərələrdən yerə.
Söz-söz bitən nəmli-nəmli baxışlar
dönür dualara qalxır göylərə
Bu xumar baxışlar bir sübh çağında
oxlarıyla tuşlanır dan yerinə.
Yırğalanır göylərin qucağında,
dalır itən qaranlığın seyrinə.
2
Bakı...
Bir xalı üzərində
bir ağac naxışlanır.
Əl-qol atır budaqlar,
rəqs edir, xoşhallanır.
Bu rəqsin kölgəsində
bitir sevgi otları,
ilmə-ilmə gülüşür
şəhərin xatunları.
3
Gül üzləri qələmimlə çəkilmiş
qəlbimdə olanın təfsiri kimi,
zaman da kor olmuş, donub dayanmış
ən gözəl günümün təsviri kimi.
Çatdırır Xəzərin sevgilərini
dalğalar, çalınır bir sevgi marşı.
Qoşmaq istəyirəm eşqimə doğru,
mey kimi içirəm bu ismarışı.
4
Bakı... Sabahın xeyir,
ey dəniz sevdalısı!
Duyurursan, səslənir
həzin günəş laylası.
Sularda Günəş əksi,
nurdan ocaq çatılar.
Bir eşq maviliyində
qayıqlar, qaraltılar...
5
Bakıyla dan yeri iki sevgili...
Tanrımı ucaltmış bu cüt xilqəti.
Sübh çağının yaxasında səslənir
bir könül söhbəti, bir hal söhbəti.
Qumlarının hər dənəsi eşq dolu
bir kəlmədir işıldayır, danışır.
Bu səhər yelinin zümzümələri
rəqs eləyən duyğulara qarışır.
6
Bakı...
Qapısı önündə Xəzər keşikçi,
neft sızan yarası qan qaraltısı.
Kim sancmış köksünə dərd nizəsini?!
Pozmuş əhvalını pul parıltısı.
Sevgili çöhrəsi bir örtük imiş
Xəzərin dərdinə, halsız halına.
Təni bir əğyarın əsirliyində,
aldanır aşiqlər öz xəyalına.
7
Bakı...
Naxışlanır bu şəhərdə
şeirlərim şəkillənir.
Yersiz-yurdsuz sətirlərim
bir gecənin sakinləri.
Qələmdir dirəklər küçələrində,
gecənin bəxtinə nələri yazar?
Dərdini işıqla yazıb göndərər
işığı azalan kor ulduzlara.
8
Bakı...
Gözəl vədlər toxunur
şadlıq ilmələrilə.
Şən nəğmələr oxunur
sağlıq kəlmələrilə
Bir laylamı səslənir
beşiyinin başında.
Yuxudadı, yox səmir
torpağında, daşında.
9
Bax, qiyamət saatı,
aşkarlamış sirləri.
Bu, azadlıq büsatı,
qoparmış zəncirləri.
Bax rəqslə dinər, gəzər
kölgələr, parıltılar.
Bu, ən gözəl mənzərə,
yoxluğu hey baltalar.
10
Səsləyib Xəzər məni,
görüşünə gəlmişəm.
Axıdıb göz yaşımı
özüm də göllənmişəm.
Yuyuram qollarından
Neft daşıyan tankerin
Kirli qalıqlarını
Yuyuram gözlərindən
Bulanıq zamanların
Sirli qalıqlarını.
11
Bakı...
Bir quş cəhcəhinin qanadlarında
ucalır göylərə şeirimin səsi.
Dan yeri açılan səhərə həsrət,
yırtır sözlərimlə zülmət qəfəsi.
12
Bakı...
İtmiş Azərbaycan gözümdən indi,
bir həsrət içində qəlbim qovrulur.
Bir acı rüzgarın önünə düşüb
ruhum qərib-qərib göyə sovrulur.