31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Xalça Muzeyində “Xeyr deməyin, xeyir eləyin!” adlı xeyriyyə aksiyası keçiriləcək.
Muzeydən 525.az-a verilən məlumata görə, akisyanın açılışı dekabrın 18-də saat 18:00-da baş tutacaq və 19, 20-i tarixlərində də davam etdiriləcək. Aksiya çərçivəsində satış-sərgi də təşkil olunacaq.
Xeyriyyə aksiyasında “Sehrli Aləm” Cəmiyyətinin üzvü rəssam dizayner, Moldovalı, əslən Qaqauz türkü olan Kirçu Yekaterina tərəfindən hazırlanmış “Yeni il aksesuarları”nın sərgi və satışı həyata keçiriləcək.
Müəllif parça, şüşə və taxta üzərində işləmə, dekorasiya, yenil il üçün uşaq oyuncaqları və nağıl personajlarına illüstrasiyalar işləyib.
Muzeyin direktoru Röya Tağıyeva bildirib ki, sərgini keçirməkdə məqsəd uşaqları sevindirmək, onlarda bayram əhval- rühiyyəsi yaratmaqla yanaşı, aksiyadan əldə olunan vəsaiti tam olaraq Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının hesabına köçürməkdir.
Sərgi – aksiya 19 və 20 dekabr 2015-ci il tarixlərinədək saat 10:00-dan 20:00-dək davam edəcək.
Xeyriyyə aksiyası ilə yanaşı Azərbaycan Xalça Muzeyində “Uşaq Muzeyi”nin hazırladığı müxtəlif yaş təbəqələrini əhatə edən rəngarəng proqramlar da təqdim olunacaq.
Cavid QƏDİR