AŞPA-nın qış sessiyası çərçivəsində jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayev Azərbaycanda və eləcə də Avropada insan hüquqlarının vəziyyəti və siyasi məhbuslar haqda məruzəni təqdim edib.
APA-nın Avropa bürosunun məlumatına görə, Eynulla Fətullayev sabah AŞPA-da Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin müzakirə ediləcəyini müsbət hal saysa da, quruma üzv digər ölkələrdə də siyasi məhbuslar olduğunu deyib: “Onlarla bağlı belə hesabatların hazırlanmamasını təəccüblə qarşılayıram. Gəldiyim nəticə ondan ibarətdir ki, bu gün Azərbaycanda faktiki olaraq 30-a qədər ehtimal edilən siyasi məhbus qalıb. Bu siyahı elə Kristof Ştrasserin hazırladığı qətnamədə də öz əksini tapıb. Çünki 45 nəfər məhkəmə yolu və Prezidentin fərmanları nəticəsində artıq azadlığa buraxılıb. Burada bir məsələ qalır, bu da 30 nəfərin azadlığa buraxılmasıdır. Kristof Ştrasserin hesabat hazırlaması pis hal deyil, amma bununla yanaşı Türkiyədə 200-ə yaxın jurnalist və siyasi məhbus həbsdədir, Rusiyada 70-dən artıq siyasi məhbus var, Gürcüstan parlamenti yaxın günlərdə bu ölkədə 180 siyasi məhbusun mövcud olduğuna qərar verib. Onda bu ölkələr haqda da hesabatlar hazırlanmalı, ədalətli mövqe hamı üçün sərgilənməlidir”.
Eynulla Fətullayev bildirib ki, beynəlxalq təşkilatlar son zamanlar daha çox insan hüquqlarının müdafiə məsələsini siyasiləşdirirlər: “Hesab edirəm ki, bu, qəbuledilməzdir. Kristof Ştrasserin hesabatı hələ ortalıqda olmayanda Azərbaycanda həmin siyahıda siyasi məhbus hesab olunan 150 nəfərdən 120 nəfəri azadlığa buraxıldı. İndi bu qətnaməni qəbul etdikdən sonra Azərbaycan hökumətini qıcıqlandırıb, Avropa Şurası ilə Azərbaycan hökuməti arasında yeni gərginliyin meydana gəlməsi nəyə lazımdır? Bizə indi bu 30 nəfərin azad edilməsi vacibdir və hesab edirəm ki, bu, əməkdaşlıq yolu ilə edilməlidir. Qeyd olunan qətnamənin qəbulu isə heç şübhəsiz müsbət nəticələrlə sonuclanmayacaq. Biz bilirik ki, AŞPA-nın bütün qətnamə və qərarları tövsiyə xarakteri daşıyır, mütləq deyil. Ona görə də mən bu qətnamənin əleyhinə çıxış etdim. Mən o zaman bu təşəbbüsün tərəfdarı olaram ki, beynəlxalq təşkilatlar xüsusi araşdırma qrupları yaradıb, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və digər ölkələr üzrə də siyasi məhbuslar haqqında hesabatlar hazırlasın və onların adlarını bu siyahılara salsınlar. Məsələni yalnız Azərbaycanın üzərinə gətirmək, açıq-aşkar insan hüquqlarının müdafiəsi məsələsini siyasiləşdirməkdir. Mən insan hüquqlarının siyasiləşdirilməsinə qarşıyam. Necə olur ki, 30 nəfərə görə səs-küy qalxır, amma qeyd etdiyim ölkələrdə o qədər siyasi məhbus var, amma heç kim bir söz demir. Niyə məhz Azərbaycan? Mənim üçün insan hüquqları məsələsi müqəddəsdir və bu hüquqları dünyanın hər yerində müdafiə etmək lazımdır”.