
Xalq artisti, aktyor Fəxrəddin Manafovla söhbət mənim üçün təkcə müsahibə deyildi. Bu görüş həm sənətə, həm də həyata başqa gözlə baxmağa vadar edən bir təcrübə idi. Onun hər cümləsində insanı düşündürən bir məna var. Uzun illərdir ekranlardan heyranlıqla izlədiyim sənətkarla üz-üzə söhbət etmək həm maraqlı, həm də həyəcanlı oldu. Sənət insanın yalnız peşəsini deyil, dünyagörüşünü də formalaşdırır - Fəxrəddin Manafovla söhbət zamanı bunu bir daha hiss etdim.
- Müsahibələrinizin birində qeyd etmisiniz ki, rejissor Rasim Ocaqov sizi nizam-intizamlı olduğunuza görə çox istəyib. Sizcə, aktyorda önəmli olan daha çox istedaddır, yoxsa nizam-intizam?
- Mənim nizam-intizamlı olduğumu yəqin ki, siz də gördünüz. Dünən mənə zəng etmişdiniz, mən sizə zamanı da, ünvanı da dedim. Hətta düşündüm ki, bu böyük binanı axtarana kimi sizə əziyyət verdim. Özü də göz qabağında olan bir binanı... Amma olur. Yəqin ki, siz həyəcanlı idiniz. Həmçinin mən də ünvanı göndərəndə düşünürəm ki, ünvan da bir az həyəcanlı olub. Nəysə. Soruşursunuz ki, intizam, yoxsa istedad? Dəfələrlə demişəm, sualları dəyişirlər, amma eyni nəticəyə gəlirlər. İstedadsız insan, canlı yoxdur. Hətta dördayaqlılar da, üzənlər də, qanadlılar da, quyruqlular da istedadlıdır. İstedad elə bir şeydir ki, Tanrı tərəfdən hər bir canlıya verilib. İnsan isə digər canlılara nisbətən bir az qəddardır. Amma bizim əlbəttə ki, empatiyamız var və biz onu qoruyuruq. Yenə deyirəm, istedad hər bir canlıda var. Elə meymunlar var ki, ağacdan-ağaca on beş-iyirmi metrə qədər uçur. Bizim təbiətdə yoxdur, amma Hindistanda və digər diyalarda var. Onlar on beş-iyirmi metrə kimi uçurlar - bu, böyük bir istedad, bacarıqdır. Amma biz qəddar insanlar meymunu sirkə gətirəndə onu başlayırıq öyrətməyə ki, bunu burdan yox, ordan et. O yazıq da bir tikə yemək və azadlıq üçün (çünki onu qəfəsdə saxlayırlar) bunu edir. İndi mən bir az haşiyə çıxdım. Daxilimdə bəzi təlaşlar var, bəlkə buna görədir. Peşəni sevmək və peşəyə fədakarlıq etmək olmasa, istedadın heç bir mənası olmayacaq. Bu, təbiidir. Ona görə ki, nədir nizam-intizam və nədir çalışmaq? Nizam-intizam öz yerində, hər şey vaxtı-vaxtında olmalıdır. Nizam-intizam gecə və gündüz, hətta yuxuda da öyrənmək, çalışmaqdır. Gülməli gəlir ki, yuxuda sən necə çalışasan? Deyirlər ki, peşəni sevmək lazımdır. Hə, sevirəm. Sükan arxasında əyləşib maşın sürməyi, sürətlə getməyi, at çapmağı sevirəm. Amma sevmək azdır, bunun mahiyyətinə varmaq lazımdır. Mən öz peşəmə bir neçə tərəfdən yanaşıram. Aktyorluq sənəti, dəfələrlə demişəm, bir riyaziyyatdır, bir mühəndislikdir. Necə ki biz insanlar, hər hansı bir peşənin nümayəndəsi nəyisə düzəldəndə, yaradanda əlbəttə ki, onun bütün konsepsiyasını, nəyə qulluq edəcəyini bilirik. Və bunun hamısını yaradıb, ərsəyə gətirəndən sonra deyirlər: Allah, Allah, bu nə böyük sənətkardır! Bir "şedevr" sözü var. "Şedevr" sözünün mənası artıq müasir dünyada belə qəbul olunur - bundan o tərəfə "ideal", "mükəmməl" nəsə mümkün deyil. Yəni bu, tam idealdır. Amma zamanında şedevr sözünün mənası belə idi: tutaq ki, Rembrandt tələbəsini rəssamlığa öyrədir. Tələbə nəhayət, bir rəsm çəkir və müəlliminə göstərir. Müəllimi rəsmə baxdıqdan sonra deyir ki: əla, şedevr! Şedevr - yəni sən artıq qəbul olundun. Qəbul olunmaq çox vacib şeydir. Görürsünüzmü, biz xırda bir istedad və intizamla bağlı sualdan hara gedib çıxırıq. Bu, mütləqdir. Çünki hər bir işin daxili mahiyyəti var və sən onu öyrənməsən, mümkün deyil. Sözləri öyrənib səhnəyə, kamera qarşısına çıxmaq o demək deyil ki, sən artıq peşəkarsan. Xeyr. Nə var sözləri oxuyub öyrənməyə? Bunu balaca uşaq da öyrənir. Hətta bağışlayın, "tutuquşu" adlı quş da öyrənir. Nə olsun, o da təkrar edir. Amma özün olmaq tamamilə başqa şeydir. Özün olmaq üçün isə uzun bir sistem, metodologiya var. Mən bu barədə danışmağa başlasam, ilk növbədə nəinki dinləyiciyə, oxucuya da çətin olacaq. Danışmağa ehtiyac da yoxdur. Bu, heç lazım da deyil. Bunları təhsil ocaqlarında öyrətməlidirlər. Sizin sualınıza son olaraq cavab verirəm ki, istedad hər kəsdə var. Ümumiyyətlə, istedadla bağlı bu sual çox qəribədir. Gəncədə, hətta Qarabağ Universitetində də verilmişdi. İstedad hər kəsdə var. Amma istedad qapılar arxasında olmamalıdır. Şüurumuzun altından istedadın nə olduğunu və hansı ölçüdə olduğunu çıxartmaq üçün çalışmaq lazımdır. Çalışmaq isə uzun prosesdir. Mahnıda deyildiyi kimi: uzun, incə bir yol. O uzun, incə bir yol sona qədər gedir. Hətta mən indi də hər gün olmasa belə, iki gündən bir nəsə özüm üçün yenilik aça bilirəm.

- Elə rol var ki, aktyor onu oynamır, rol aktyoru seçir. Oynadığınız rollardan hansı sizi özü seçib?
- Bu suallar cürbəcür formada o qədər verilib ki. Heç bir rol heç vaxt səni seçmir. Heç sən də rolu seçmirsən. Belə yanaşsaq, teatrda, kinoda, əlbəttə ki, səni ilk növbədə aktyor kimi seçirlər. Rejissor böyük sənət adamı, peşəkardırsa, o bilir istədiyi xarakter üçün hansı aktyoru seçir - burada aspektlər çoxdur - görünüş, danışıq tərzi, həyatda tutduğu mövqe, davranış, xasiyyət, hətta antropologiya - yəni çox şeylər var. Mən böyük rejissorlardan, peşəkarlardan danışıram. Burada ilk növbədə iki ustadımı nəzərdə tuturam - biri teatr ustadım Vaqif İbrahimoğlu, digəri isə böyük kino ustadım - hansı ki, məni ümumiyyətlə Azərbaycana tanıdıb (tanıdan deyəndə kino elə bir formadır ki, onun auditoriyası teatr auditoriyasından dəfələrlə geniş olur) - Rasim Ocaqov. Mənim ustadlarım istər tamaşa, istərsə də film olsun, görəcəkləri işə elə-belə yanaşmırdılar. Onlar çox böyük rejissorlar, eyni zamanda çox böyük mütəfəkkirlər idilər və nəyi nəyə görə etdiklərini dəqiq bilirdilər. Hərəsinin də öz dəst-xətti, öz yolları var idi. Rejissorun dəst-xətti onun fəlsəfəsidir. Mən Vaqif müəllimin fəlsəfəsi ilə tanış idim. Çünki faktiki olaraq bir yerdə başlamışdıq. O, mənə səhnədə yeriyib danışmağı öyrətdisə, Rasim müəllim mənə kinonun bütün sirlərini, nağılı öyrətdi. Əslində o, nağıl da deyil, bir həqiqətdir. Amma tamaşaçı üçün hər film bir nağıldır. Bu da yaradanın - o rejissorun, o ustadın öz fəlsəfəsi, mövqeyidir. Ona görə nə mən rolu seçirəm, nə də rol məni seçir. Rejissor seçir. Amma əlbəttə ki, sənətlə məşğul olan aktyor və ya aktrisa nə zamansa hansısa bir əsərə, o əsərin qəhrəmanına vurğun olur. Ola bilsin, daxilində o xarakter daha qabarıqdır deyə, onu oynamaq istəyir. Mən gəncliyimdə "Balaca şahzadə"ni oynamaq istəyirdim. Amma oynaya bilmədim. Çünki bir az böyüdüm. Və bir az böyüyəndən sonra həmin o "Balaca şahzadə" tamaşası ustadım Vaqif İbrahimoğlu tərəfindən İncəsənət İnstitutunun nəzdində olan "Tədris" teatrında tamaşaya qoyuldu. Amma mən orada "Şahzadə"ni oynamadım, aktyor Vaqif Azəryar ilə birgə eyni tamaşada iki başqa rolu dəyişik oynadıq - mən təyyarəçini oynayırdım, o tülkünü, yaxud da əksinə. Ondan başqa mən Romeonu oynamaq istəyirdim. O da alınmadı. Birincisi, elə bir tamaşa olmadı, ikincisi isə dünya miqyasında elə romeolar çəkilib ki, o filmlər artıq zirvədə olan filmlərdir. Alınmadı. Daha sonra "Hamlet"i oynamaq istədim. Bəlkə də bunlar hamısı - Şahzadə, Romeo, Hamlet - o qədər üzdədirlər ki, biz də bir stereotip formada onları oynamaq istəmişik. Hamlet də alınmadı. Tələbatmı olmadı o pyese, yoxsa Vaqif müəllimmi yanaşmadı ona? Amma Vaqif müəllim bir tamaşa qoydu - Füzulinin "Leyli və Məcnun" tamaşası - mono tamaşa idi, rus dilində, "Tədris" teatrında qoymuşdu, mən oynadım, 1978-ci ildə. On miniatürdən ibarət mono tamaşa idi. Dəqiq yadımda deyil, səhv etmirəmsə, Pasternakın, ya da Starostinin tərcüməsi idi. Çox gözəl tərcümə idi. Hətta SSRİ dövründə "Teatr" jurnalında baş redaktor olan Nina Velikova şəxsən gəlib Bakıda "Tədris" teatrında o tamaşaya baxmışdı. Bu, görünməyən bir hal idi. Bax, o tamaşada mən on miniatürün içində Məcnun (Qeys), Leyli, Nofəl, ana, ata və digərlərini oynayırdım. Bütün pyesi Vaqif müəllim o miniatürə yığmışdı. Və mən heç bir libas olmadan, Adəm formasında səhnədə belə deyim, toxundum - Məcnuna toxundum. Amma bu, yenə də avtonom bir iş deyildi, konkret Məcnun rolu deyildi. Ondan sonra o dövrlərdə Vaqif müəllim Aktyor evində bir tamaşa qoymuşdu. Orada mən Hamletin monoloqunu deyirdim. Hamletdən sonra mənim bu günə kimi də böyük arzularım var: Əbdürrəhim bəy Haqverdiyevin Qacarı və bir də qəribə də olsa, Hacı Zeynalabdin Tağıyev. Zeynalabdin Tağıyevə mənim münasibətim, şəxsiyyətinə münasibətim tam fərqlidir. Mən ona bir tacir, bir milyonçu kimi deyil, çox maraqlı düşüncəsi olan, onun xeyriyyə işlərinin haradan gəlməyinin səbəbini özüm özlüyümdə həll edib tapmış biri kimi yanaşıram.
O ki qaldı Əbdürrəhim bəy Haqverdiyevin Qacarı, o da mənim üçün çox maraqlıdır. Onu həmişə zalım, diktator kimi göstərirlər, amma onun konseptual olaraq istəyi dövlətçilik idi. Dövlətçiliyin arxasında məhz bu insan durmalı idi. Bu baxımdan o, bir hökmdar, dövlət adamı kimi qardaşını öldürür Haqverdiyevin əsərində. Qardaşı deyir: məni Xorasana göndərirdin, indi də öldürürsən. Timsah göz yaşı tökərək deyir ki: qardaş, mən bunu etməliyəm, çünki dövlətçilik, dövlət səndən irəlidir. Bu, böyük bir düşüncədir.

- Əgər həyatınızın bir səhnəsini kəsmək imkanınız olsaydı, bu, hansı hissə olardı?
- İnanırsınız Aynur xanım, hamı hər dəfə elə bilir ki, yeni sual verir. Amma elə deyil... Mən yenə eyni şeyi təkrar edəcəyəm. Yəqin ki, siz bu cavabı həm bilir, həm də gözləyirsiniz. Heç bir hissəsini kəsməzdim... Çünki bunların hər bir hissəsi Fəxrəddin Manafovdur. Mən onu niyə kəsib atmalıyam?! Heç buna haqqım da yoxdur. Çünki mən bu həyata öz haqqım, istəyim ilə gəlməmişəm. Bilmirəm, yaradan nəyə görə məni bu dünyaya gətirib və sonra buradan niyə gedəcəyəm... Onu da mənə deməyib. Qarabağ Universitetində dedim: ilk dəfə gözümü açıb anamı gördüyüm an da, indi sizinlə danışmağım da həyatımın hansısa hissəsidir. Və son ana qədər də hamısı mənimdir. Heç bir hissəsini kəsib atmaram. Bu düşüncəm yoxdur və buna haqqım da çatmır. Heç kim ideal həyat yaşamır. Ona görə də yalanım da, doğrum da hamısı mənə əzizdir. Səhvlər olur... Amma bir şeyi deyə bilərəm ki, mənim səhvim olubsa, onlar da məişət səhvləridir. Tutduğum mövqeyi əzəldən necə tutmuşamsa, elə də davam edir. Mən vətənimi, mədəniyyətimi, xalqımın hər tərəfini sevən bir insanam.
- Zaur obrazı bu gün yaşasaydı, sizcə, yenə eyni səhvləri edərdi, yoxsa zaman onu dəyişərdi?
- Gözləyirəm ki, içimi titrədən, məni tərpədən bir sual olsun. Amma yenə də eyni tipli suallar. Adəm və Həvvadan bu günə heç nə dəyişilmir. İnsana Tanrı tərəfdən verilən nə varsa, hamısı bəllidir. Sadəcə bir çoxu təbii ki, bacarırsa, gücü çatırsa, çalışmalıdır. Bütün aspektləri - ailə, ətraf-mühit, tərbiyə, düşüncə, aldığı təhsil və s. - saysan bitməz, ona görə də çalışmalıdır ki, yaxşı və dürüst cəhətləri olsun. O ki qaldı sizin sualınıza, mən istəmirəm sizin sualınızı kiçildim. Sualdır da, verdiniz. Faktiki olaraq sualınızın cavabını verdim. Heç nə heç vaxt dəyişilməyəcək...
- Hazırda sizi ən çox nə kövrəldə bilər?
- Məni musiqi kövrəldir. Mən musiqini çox sevirəm. Baxın, siz girdiniz içəriyə və mənim televizorum susmur. Televizorda isə gördüyünüz kimi, xüsusi proqramı tapıram və yalnız musiqi dinləyirəm. Mən klassik musiqini çox sevirəm. Hətta bir-bir adlarını sadalaya bilərəm. Əlbəttə ki, ən çox sevdiyim də Baxdır. Baxın bir fikri var, deyir: musiqi mənim üçün bir varlıqdır və bu varlıqdan mən Tanrı ilə danışa bilirəm. Baxdan əlavə, mən Şopeni, Hendeli, Çaykovskini, Ştrausu, Sviridovu da sevirəm. Hamısının adlarını çəksəm, o qədərdirlər ki... Amma bunlarla yanaşı, dediyim kimi, mən ümumiyyətlə, musiqini sevirəm. Gənc zamanlarımda Santana, Bek, Billie Holiday dinləyirdim. Nəysə, adlarını bir-bir çəkməyim. Azərbaycan muğamını xüsusilə çox sevirəm. "Qarabağ şikəstəsi" məni dəhşətli dərəcədə kövrəldir. Qırx dörd günlük müharibə ərzində bizim cənab Prezidentimiz, bizim sevimli Ali Baş Komandanımız İlham Əliyev hər dəfə yumruğunu qaldırıb deyəndə ki, biz filan yeri azad etdik, mən onda uşaq kimi ağlayırdım. Qırx dörd gün mən hər bir şeyə ağlamışam. İnsan insanın əlindən tutub yol keçirəndə mən kövrəlirəm. Mən bir quşu digər quşun ardınca "civ-civ" edib uçan görəndə kövrəlirəm. Hətta çiçəyə də baxıb kövrəlirəm. Ümumiyyətlə, kövrəlmək üçün çox şeylər var. Özüm üçün heç vaxt kövrəlmirəm. Mən özümə görə kövrəlməyi çox sevmirəm. Artıq altı ildir ki, zövcəmi itirmişəm. Bu, mənim üçün çox çətindir. Mən ümumiyyətlə, qardaşlarımı, anamı, atamı itirmişəm. Artıq mən o yaşdayam ki, bu, həyatın qanunudur, itkilər çox olur. Odur ki, hərdən səhər yuxudan oyanıb yeməyimi hazırlayanda və yaxud paltaryuyan maşına nəyisə atanda kövrəlirəm ki, axı, sən niyə bunu tək edirsən? Hardasan, ay Vahidə? Bax, onda kövrəlmək gələndə mən saxlayıram özümü. Çünki bu, artıq düz olmaz. Yaşamaq lazımdır və yaşamaq vacibdir. Biz bu dünyaya yaşamaq üçün gəlmişik. "Pəncərə" adlı veriliş var idi. Verilişi Nərgiz xanım Cəlilova aparırdı. Layihəyə Günel Anarqızı rəhbərlik edirdi. Mən də bir dəfə o verilişdə olmuşam. Mənim ustadım Vaqif İbrahimoğlunu da həmin verilişə dəvət etmişdilər. Nərgiz xanım ona sual verdi ki, Vaqif bəy, nəyə görə yaşayırsınız? Ustadım düşünmədən gözəl bir cavab verdi: yaşamaq üçün. Biz bu dünyaya yaşamaq üçün gəlirik. Odur ki, insanın özünə kövrəlməyi haqsız olar. Məni ən çox kövrəldən ədalət və dürüstlükdür. Bunu həyatım boyu hiss edirəm. Qırx dörd günlük müharibə dövründə məhz insanın bu cəhəti (kövrəlmək) məndə özünü daha çox idarəolunmaz formada büruzə vermişdi.

- Əgər yenidən başlamaq şansınız olsaydı, yenə eyni yolu seçərdiniz?
- Eh, hələ də o sualı gözləyirəm, amma o sualı vermirsiniz. Mən isə hər dəfə bunları deyəndə heç nəyi kəsib atmayın. Çünki mən bunu təkidlə deyəcəyəm. Öncə yazını oxuyub, sonra deyəcəm çapa vermək olar, ya yox. Bu dediklərimi də yazın ora. Ona görə ki, sizin dürüstlüyünüz məhz burada bilinəcək. Yəni biləcəyəm ki, dürüstsünüz. Sualınız oldu ki, əgər yenidən başlamaq şansım olsaydı... Mən bilmirəm axı, yenidən gələcəmmi, yoxsa gəlməyəcəmmi? Mən yenə bu haqqa layiq olacammı, yoxsa olmayacammı? Ruslarda belə bir cümlə var: "Əgər"i tabloda yazmırlar. Mən "əgər"lə yaşasaydım, bəlkə də nə bu yaşa çata, nə də bu peşənin sahibi ola bilərdim. Mən buna cavab verə bilmərəm. Çünki mən bilmirəm bir də gələcəmmi, yoxsa gəlməyəcəmmi? Gəlsəm də, hansı formada gələcəm. Bəlkə mən bir daş, quş, hüceyrə, toz formasında gələcəm. Mən indidən nə deyə bilərəm? Amma bu gəlişimdə mən bu peşəni seçmişəm. Və niyə peşman olmalıyam? Hətta məndən müsahibə alırsınızsa, deməli, nəyisə etmişəm.
- Sənət sizə nə öyrətdi?
- Sənət məndə olan nə varsa, bütün nəyə nailəmsə, məndə nə varsa (mənim ilk növbədə insani mövqeyim), mənə onu öyrətdi. Mən demirəm cəmiyyətdə mövqeyim-filan... Kim necə istəyir, qəbul etsin. Mənim insani mövqeyimin bir çox görüntülərini məndən götürdü və göstərdi. Siz belə deyək də, həm müsbəti, həm də mənfini gördünüz. Tutaq ki, mənfi rollar da orada olub. Sənət mənim içimdə olan, üzə deyə bilmədiklərimi daha açıq və cəsarətlə demək üçün bir məkandır. Və nəyə görə gəlib bu peşəni seçmişəm - eyni zamanda teatrı, kinonu, aktyorluğu. Mən səhnəyə və yaxud çəkiliş meydanına çıxanda artıq rəsmiləşirəm. Mən rəsmiyəm. Teatr meydançasında nə deyirəmsə, haqq və həqiqətdir. Orada mənim qarşımı heç kəs ala bilməz. Eyni zamanda tamaşaçı da zala gələndə istər filmə, istərsə də teatra gəlib baxanda orada haqlı olur, bütün daxilində olanları səhnədə görür - pisi, yaxşını, zülmkarı, cinayətkarı, qəhrəmanı... Hamısı da səhnədə olur. Sizin sualınızın faktiki olaraq cavabı budur.
- İnsanı həyatda sevgi, yoxsa itki daha çox dəyişir?
- İnsanın özü dəyişir. Nə sevgi, nə də itki insanı dəyişir. Onların hamısı səni insan edir. Sən gözünü açıb, ananın gözlərini görən andan onlar səninlə gedəcək. İstər sevgi, istərsə də itkilər olsun... Sevgi mənim üçün birmənalı o dediyimiz sevgi deyil. O sevgi faktiki olaraq, sən valideyn olacaqsanmı, valideyn olmayacaqsanmı - bu, ən vacibindən biridir. Ona kimi də əlli min dənə sevgi ola bilər: orta məktəbdə, hətta bağçada olur sevgilər. İnsan sevmək üçün yaranıb. Biz bu dünyaya sevmək üçün gəlmişik. Biz bu dünyaya yalnız sevməyi əldə tutub, daşımaq üçün gəlmişik. Mən bir şeyi anlayır, bilirəm ki, sevgini daşıyıb, özünlə aparmalısan. Bu bizə verilən böyük, vacib bir vergidir. Hətta mən deyərdim ki, təkcə insanlara yox, bütün canlılara. Çünki canlılar da həm sevir, həm də itirir. Düzdür, dilim gəlmir bunu deməyə, ovçu da olmuşam. Amma ondan sonra tüfəngi asmışam. Mən görmüşəm ki, quşu vuranda o biri quş gəlib yaxınlaşıb, dimdikləyərək deyib: dur, qalx gedək... Yəni belə şeylər də görmüşəm. Dovşan vurmuşuq və o dovşan necə çabalayıb, onu da görmüşəm. Bunlardan sonra tüfəngi tamamilə qoydum kənara və dedim ki, mən bir də bununla məşğul olmayacağam. Balıq ovlamağı sevirəm. Onu da yəqin ona görə ki, balıq dilsiz-ağızsızdır. Balıq bir söz deyə bilmir. O ki qaldı itki... İtki adama əlbəttə ki, ilk növbədə çox böyük kədər verir, çox böyük əzab verir. Amma zaman qəribədir. Zaman həll yoludur, dərman olmadan, səni görmədən və toxunmadan səni sağaldır. Burada isə təbii ki, zaman gedir, amma səni sağaldan da sənin özünsən. Sənin öz düşüncən, öz beynindir. İtki də, sevgi də səni sən kimsən, sən nəsən edəndir. İtki həll yoludur. Zaman sanki sağaldır, yox, dözməyi, yaşamağı öyrədir...
- Özünüzlə bağlı hansı həqiqəti qəbul etmək sizə çətin olub?
- Bu əbədi bir şeydir. Bunu sən heç vaxt nə qəbul edə, nə də ata bilirsən. Bu, sən gözünü açandan, eyni zamanda düşünməyi bacaran andan, bəlkə də birinci dəfə "ana", "ata" deyəndən, hətta "mənə su, yemək ver" dediyin vaxtdan etibarən başlıyır. Mən isə onları heç cür ayırd edə bilmərəm. Onlar mənimlədir və mənimlə də gedir.

- Uğur qazanmaq yolunda nəyi qurban vermisiniz?
- Mən həyatım boyunca düşünməmişəm ki, uğur qazanım. Yenə deyirəm, dəfələrlə cavabını verdiyim sualdır. Təbii ki, peşəmi nəzərdə tutursunuz. Əgər bu, uğurdursa, deməli, mən nəsə etmişəm. Əlbəttə ki, uğurun da ölçüləri var. Hər halda mənə elə gəlir ki, öz peşəmdə istədiklərimi deyil (çünki istədiklərimin hamısı ola bilməz), bacardıqlarımı etmişəm və əlimdən gələni hələ də edirəm, edəcəyəm. Mən yeriyirəm, nəfəs alıram, gözlərim işıq görür. Mən bunları edəcəyəm. Yenə təkrar edirəm: mən bu peşənin vurğunu, fədaisiyəm. Mən zamanında idmançı olmuşam, futbol oynamışam. Deyirlər istedadlı insan hər sahədə istedalı ola bilər. Və mən bunun tərəfdarıyam. Çünki hiss eləyirdim ki, mən futbolda da pis oynamırdım. Hətta musiqi ilə məşğul olsaydım, gözəl musiqiçi olardım. Mən rəssam da ola bilərdim. Mən hətta bənna olsaydım, gözəl evlər tikərdim. Bunlara heç bir şübhəm yoxdur. Uğur haqqında isə heç bir zaman fikirləşə bilməmişəm. Uğur haqqında fikirləşənlər heç vaxt gəlib uğura çata bilmirlər. Sən öz işini gör, peşən ilə məşğul ol, yaşa və yarat. Uğur özü gəlib səni tapacaq.
- Sonuncu sualımı vermək istəyirəm, amma qorxuram deyəcəksiniz ki, təkrar suallardandır.
- Eşidəndən sonra deyəcəm.
- Qarşınızda iyirmi beş yaşlı Fəxrəddin Manafov əyləşsəydi, ona bir cümləlik hansı məsləhəti verərdiniz?
- Yol yolunu davam elə... Mən bir şeir yazmışdım: "Bir içim su ver içim". Xalq artisti Mehriban xanım Zəki çox gözəl aktrisadır, eyni zamanda çox da gözəl ifaçıdır. Mehriban xanım mənim bu şeirimə bir mahnı yazmışdı. Əgər istəsəniz, onu da buraya əlavə edərsiniz. Ancaq bunu deyərdim: yol yoluna davam elə. O, iyirmi beş yaşlı deyil. Balaca birisi var. Mən bunu demişdim, yenə də təkrar edim: gözümü açandan bəri uşaqlığımla bir yerdəyik. Sonra mən başladım böyüməyə, uşaqlığım isə necə varsa, elə də durur yanımda. Mənim əlimdən tutur bu günə kimi, gedirəm. Mən gedəndən sonra o qalacaq. Mən onu qoruyuram. Mən çalışıram ki, necə gəlmişəmsə, hər zaman elə də yaşayım.
Aynur ƏDİL



