"Bu gün Azərbaycan Avropa Şurası ilə 12 illik, lakin müqəddiməsini də nəzərə alsaq, 15 illik əməkdaşlığının növbəti hesabatını verir. Bu isə yalnız son dövrlərin deyil, bütövlükdə irəlilədiyimiz yolun bir daha nəzərdən keçirilməsini zəruri edir”.
525.az-ın məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti qış sessiyasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin üzvü , professor Rafael Hüseynov deyib.
Onun sözlərinə görə, XX əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasını quranlar milli bayrağımızın 3 rəngində ölkənin və millətin keçməli olduğu yolları müəyyənləşdirmişlər: “Qırmızı rəng rəmzi olaraq – milli kimliyə, köklərə sədaqəti, yaşıl rəng – milli-mənəvi dəyərlərə daim bağlı olmağı, göy rəng isə Avropalaşmanı, müasirləşməni nəzərdə tutur. Mən Azərbaycanın Avropa Şurasına qəbul olunması üçün ilk təşəbbüslər etdiyi illəri xatırlayıram. O vaxt Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Şurasından gələn ekspertlərin, mətbuat nümayəndələrinin iştirak etdiyi bir görüşdə demişdi ki, bizdən xeyli əvvəl Avropa Şurasına üzv olan dövlətlərdən birinin başçısı guya xeyirxahlıqla mənə söylədi ki, niyə o təşkilata belə can atırsınız? Ora qəbul ediləndən sonra hər dəfə cürbəcür tənqidlərlə, təzyiqlərlə qarşılaşacaqsınız”.
Millət vəkili çıxışında qeyd edib ki, H. Əliyev bu əhvalatı xatırlayaraq ardınca, Azərbaycan və Avropa Şurası münasibətlərinin fəlsəfəsini ifadə edən vacib bir fikir söyləmiş və bildirmişdi ki, biz totalitar rejimin buxovlarından yenicə qurtulmuş ölkəyik, bizim məqsədimiz müasir, demokratik bir dövləti yaradıb inkişaf etdirməkdir: “Ona görə də yolumuzun uğurlu olması naminə nə qədər çətinlik, nə qədər tənqid olsa da, dözəcəyik. Çünki Avropa Şurası bir demokratiya məktəbidir.Sonrakı illər Azərbaycanın bu seçimə nə qədər etibarlı olmasını əyani şəkildə nümayiş etdirib. Azərbaycan Avropa Şurasına üzv olduğu 2001-ci ilin yanvarından indiyədək - 12 il müddətdə, əslində daha uzun olan bir yol keçmiş, çox ciddi irəliləyişlərə nail olub. Bu, ilk növbədə cəmiyyətin və dövlətin demokratikləşməsi, insan haqlarına hörmətin daha artıq bərqərar olması, bir silsilə demokratik təsisatların yaranması və uğurlu fəaliyyəti ilə bağlıdır”.
Tənqidlərə gəlincə, millət vəkilinin fikrincə, onlar həmişə olacaq və bu, təbiidir:
“Fransa, Böyük Britaniya, Almaniya və digər ölkələr Avropa Şurasının qurucusu olan dövlətlərdir. Hətta onlar belə bu gün burada tənqiddən sığortalanmamışlar və yeri düşdükcə bu və ya digər problemlə əlaqədar tənqidlərə məruz qala bilirlər. Bu baxımdan Azərbaycan kimi gənc üzvün və yeni demokratiya ölkəsinin oxşar aqibətlə qarşılaşması gözlənilməz deyildir. Sağlam tənqid həmişə lazımdır. Əslində bu, ümumi işə kömək edən bir vasitədir. İstək ondan ibarətdir ki, tənqid qərəzli olmasın, çox tez-tez müşahidə edildiyi kimi, ikili standartlara əsaslanmasın, məntiqsiz olmasın, hansısa çirkin niyyətlərə xidmət etməsin.
Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə sadiqdir, onlara ardıcıl şəkildə əməl edir və bu yolla da daim irəliləyəcək. Çünki o dəyərlər ki, onlara əməl etməyi Avropa Şurası tələb edir, onu bizdən daha əvvəl ölkəmizin milli bayrağında əks olunmuş dövlətçilik fəlsəfəsi tələb edir. Biz bu yolda həmişə mübariz və dönməz olacağıq!”
Kamil Həmzəoğlu