Dünən Zərdabi Mətbuat Mərkəzi Mingəçevir Turizm Kolleci ilə birgə yeni layihənin icrasına başlayıb.
"Turizm mövzusu Azərbaycan mediasında: mövcud durum və peşəkarlığın artırılması yolları" adlı bu layihənin təqdimatı həmin kollecdə keçirilib.
Tədbirdə təhsil ocağının müəllimləri, hər iki sahənin ekspertləri, gənclik şəhərində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Tədbiri kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov açaraq bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyinin, zəngin tarixinin, maddi-mədəni abidələrinin, füsunkar təbiətinin, adət-ənənələri ölkədə turizmin prioritet istiqamətlərdən birinə çevrilməsini şərtləndirir. Belə zərurətin həm də müstəqil dövlətimizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, müsbət imicinin, iqtisadi qüdrətinin yüksəlişi, mədəni irsinin tanıdılması ilə bağlı olduğunu vurğulayan direktor indiki məqamda kütləvi informasiya vasitələrinin bu vəzifənin reallaşdırılmasına müstəsna xidmətlər göstərmə imkanlarına diqqəti çəkib.
Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə layihə üçün tərəfdaşın regionlarımızda fəaliyyət göstərən yeganə turizm istiqamətli təhsil ocağının seçilməsini ölkənin bu sahə üzrə əsas potensialının bölgələrdə mövcudluğu ilə əlaqələndirib. KİV-lərimizin əksəriyyətində turizm mövusunun heç də qənaətbəxş işıqlandırılmadığını deyən jurnalist təşkilatının sədri əsas məqsədin belə passiv yanaşmanın aradan qaldırılması, mövzuların operativ, obyektiv və peşəkarlıqla təqdimatı olduğunu nəzərə çatdırıb. O, ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən 30 KİV-də aparılan monitorinqlərin, keçiriləcək "dəyirmi masa"ların, mövzunun müntəzəm və peşəkarlıqla işıqlandırılması üçün reallaşdırılan stimullaşdırıcı tədbirlərin buna təsirsiz qalmayacağını deyib.
Mingəçevir Media Mərkəzinin direktoru, əməkdar jurnalist Fərman Nəbili, Mingəçevir Televiziyasının əməkdaşı Ehtiram Muradlı, kollecin turizm şöbəsinin müdiri Aynurə Abbasova, direktor müavini Çinarə Allahverdiyeva, müəllim Füzuli Əsədov və başqalarının çıxışlarında layihənin sabahın mütəxəssislərinin turizm sahəsindən peşəkar yazılar qələmə almalarına da müsbət təsir göstərəcəyinə əminliklərini vurğulayıblar.
Çıxış edənlər Mingəçevir Turizm Kollecinin 10 illik yubileyi şərəfinə şəhərin şagird və tələbələri arasında "Azərbaycan turizm diyarıdır" mövzusunda yazı müsabiqəsinin mart ayından start götürəcəyini əhəmiyyətli addım kimi dəyərləndiriblər.