Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 10 illik fəaliyyəti ərzində məhz təhsil-tədris-təcrübə-tədqiqat modelində tələbələrin ölkəiçi və xaricdə yerləşən nüfuzlu otellərdə, həmçinin müvafiq strukturlarda 5 və 2 aylıq təcrübə semestrində iştirakına xüsusi önəm verir. Turizm Universitetində birmənalı olaraq istehsalat təcrübəsi uğurlu karyeranın başlanğıcı kimi dəyərləndirilir.
ATMU-nun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, ali təhsil müəssisəsinin 3-cü kurs tələbələrindən 30 nəfəri İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav tərəfindən qəbul edilib.
Diplomat Turizm Universiteti ilə “İsrOtel” mehmanxanalar şəbəkəsi arasındakı əməkdaşlıq çərçivəsində gerçəkləşən proqramın 9-cu fəaliyyət ilinin də səmərəli olacağına əminliyini bildirib. Görüş iştirakçılarına növbəti təcrübə semestrində uğurlar arzulayıb.
ATMU tələbələri 5 ay ərzində İsrailin Eilat şəhərindəki “İsrOtellər” şəbəkəsinin nüfuzlu otellərində peşəkarlıq vərdişlərinə yiyələnəcəklər.
Vəfa MƏMMƏDLİ