“Azərbaycan tarixi olaraq müsəlman dünyasının bir parçası olsa da, burada müxtəlif dini, etnik qrupların nümayəndələri birlikdə yaşayıblar və nəticədə Azərbaycan multiketnik, çoxkonfessiyalı ölkəyə çevirilib”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə mübarizə komitəsinin Azərbaycanla bağlı iclasında çıxışı zamanı deyib.
Azərbaycanın insan haqları məsələsinə çox önəm verdiyini söyləyən X. Xələfov bildirib ki, bu məsələ bütün təhsil pillələrində nəzərə alınır.
Nazir müavini qeyd edib ki, Azərbaycanın cari qanunvericiliyi beynəlxalq standartlara cavab verir:
“İnanırıq ki, qanunvericiliyimiz beynəlxalq normalara cavab verir, qoşulduğumuz bütün beynəlxalq sazişlərlə üst-üstə düşür. Azərbaycan suverenliyini 25 il burdan əvvəl bərpa edib. Və bundan sonra beynəlxalq institutlar, insan haqları təşkilatları ilə fəal əməkdaşlıq edib. 90-cı illər, hətta 2010-cu illə müqayisə etsək, görərik ki, Azərbaycanın praktikası beynəlxalq praktikalara cavab verir”.