Bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olub.
APA-nın məlumatına görə, müdafiə naziri Zakir Həsənov dövlət başçısı İlham Əliyevə raport verib.
Bildirilib ki, bina Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncama uyğun olaraq tikilib. Yeni bina bir girişli olmaqla, 14 mərtəbəlidir. Burada ümumilikdə 65 mənzil var. Onlardan 39-u iki otaqlı, 26-sı isə üç otaqlıdır. Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış olub. Sonra dövlətimiz başçısı hərbçilərlə görüşüb və onların qarşısında çıxış edib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərin bir qrupuna mənzillərin orderlərini təqdim edib.