Dünən Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi məqsədilə keçiriləcək referendumla bağlı rəhbərlik etdiyi komissiyanın tədbirlər planı hazırlanıb, 3 təşviqat qrupu qeydiyyatdan keçib: "Növbəti mərhələdə təşviqat prosesinə başlanılacaq. Referendumqabağı təşviqat prosesi sentyabrın 3-də start götürəcək və səsverməyə bir gün qalmış - sentyabrın 25-i saat 08:00-da başa çatacaq".
M.Pənahov bildirib ki, ümummilli əhəmiyyət kəsb edən bu cür tədbirlərdə mətbuatın üzərinə böyük məsuliyyət düşür: "Keçirilən bütün ictimai tədbirlərin məğzində cəmiyyətin məlumatlandırılması amili dayanır. Ona görə də, bizim də əsas tərəf müqabilimiz kütləvi informasiya vasitələridir. Biz media ilə sıx əməkdaşlıq mühitində birgə fəaliyyət göstərir, seçki və referendumla bağlı əhalinin məlumatlandırılması istiqamətində zəruri tədbirlər görürük".
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri, Prezidentin köməkçisi Əli Həsənov isə oktyabrın 18-i müstəqilliyimizin 25 illiyinin tamamlandığını xatırladaraq bu dövr ərzində Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində zəngin inkişaf yolu keçdiyini söyləyib. O bildirib ki, ölkəmiz referendum və seçkilərin təşkili sahəsində böyük təcrübə əldə edib: "1991-ci ildən bəri Azərbaycanda 6 dəfə prezident, 5 dəfə parlament, 4 dəfə bələdiyyə seçkiləri və 5 dəfə referendumla bağlı ümumxalq səsverməsi keçirilib. 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasına ilk dəfə 2002-ci il və daha sonra 2009-cu ildə əlavə və dəyişikliklər edilib. Hazırda isə müasir dövrün tələbləri, ölkə reallıqlarını nəzərə alaraq Prezident İlham Əliyev Konstitusiyaya növbəti dəfə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüs göstərib".
Ə.Həsənov qeyd edib ki, dünyada heç bir dövlətin konstitusiyası sabit deyil: "Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan ABŞ Konstitusiyasına nə az, nə çox 27 dəfə əlavə və dəyişiklik edilib. Həmçinin, müasir Avropa ölkələrindən olan Fransa Konstitusiyası da kifayət qədər dəyişikliklərə məruz qalıb. Son dövrlər Türkiyə Konstitusiyasına edilən dəyişikliklər də ölkədə prezident iradə üsulunun gücləndirilməsinə hesablanıb. Digər qonşu ölkələr - Rusiya və Gürcüstan konstitusiyalarına edilən əlavə və dəyişikliklər də bu və ya digər səbəblərdən irəli gəlib və atılan bu addımların qayəsində müasir dövrün tələblərini əldə rəhbər tutaraq ölkənin dayanıqlı inkişafını təmin etmək olub".
Prezidentin köməkçisi qeyd edib ki, 2009-cu ildə baş tutan konstitusiya dəyişikliklərindən 7 ildən sonra Azərbaycanda baş tutacaq növbəti ümumxalq səsverməsi də zərurət kimi qiymətləndirilməlidir: "Məqsəd dövrün tələblərinə uyğun olaraq həyata keçirilən hərətəfli islahatların çevikliyini daha da artırmaq, prosesə dinamizm gətirməkdir".
Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin aktiv fəaliyyət göstərməsinin dövlətin maraq dairəsində olduğunu deyən Ə.Həsənov bildirib ki, media müstəqil şəkildə bu prosesdə iştirak edəcək: "Azərbaycanda media ilə bağlı heç bir problem yoxdur. Söz, ifadə və mətbuat azadlığı tam təmin edilib. Mətbuat mənsubları dövlət tərəfindən yaradılan bu imkanlardan sərbəst şəkildə istifadə edə bilirlər. Lakin aparılan fəaliyyət qanun çərçivəsində olmalı, heç bir qanunsuz əmələ yol verilməməlidir".
Prezidentin köməkçisi qeyd edib ki, təşviqat prosesində medianın rolu və vəzifələri Seçki Məcəlləsində, "KİV haqqında" qanunda öz əksini tapıb: "Jurnalistlər seçki prosesinin bütün mərhələlərini izləməkdə sərbəstdirlər".
Ə.Həsənov vurğulayıb ki, cari ilin əvvəlində ölkə Prezidenti İlham Əliyev 2016-cı ili islahatlar ili elan edib, maliyyə-iqtisadi münasibətlərin daha operativ tənzimlənməsi məqsədilə yeni qurumlar təsis edib: "Bu mənada, ümumxalq səsverməsi yolu ilə Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişiklikləri ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək lazımdır. Yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu qəbul edilən qərarların icrasını təmin etmək üçün optimal institut kimi nəzərdə tutulub. Dəyişiklik və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin funksiya və vəzifələrin sərhədləri dəqiq müəyyən edilib. Seçkili orqanlarda yaş senzinin aradan qaldırılması da mühüm addımdır".
1997-ci ildə Heydər Əliyev tərəfindən ölkədə senzuranın aradan qaldırıldığı, Mətbuat Nazirliyinin ləğv edildiyini xatırladan Prezidentin köməkçisi qeyd edib ki, bunun əvəzində kütləvi informasiya vasitələri arasında münasibətlərin tənzimlənməsi məqsədilə müstəqil şəkildə fəaliyyət göstərən Mətbuat Şurası, eləcə də dövlət səviyyəsində azad medianın qorunması və inkişafına töhfə vermək üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb: "Ötən dövr ərzində mətbuata 30 milyon manatdan çox yardım göstərilib. Əlavə yardımları da nəzərə alsaq, mediaya dövlət yardımının ümumi məbləği 40 milyon manata çatıb".
Ə.Həsənov əlavə edib ki, ölkədə qəzet nəşr etmək üçün heç bir problem yoxdur: "Bunun üçün lazım olan sənədləri Ədliyyə Nazirliyinə təqdim etdikdən 7 gün sonra nəşrə başlamaq mümkündür. Hazırda Azərbaycanın kütləvi informasiya vasitələri sayına görə, MDB və Avropa məkanında qabaqcıl ölkələrdən hesab olunur. Ölkəmizdə 5 mindən çox mətbu orqan qeydiyyatdan keçib, real yayımı olan 200-dən çox qəzet, 100-ə yaxın jurnal, 500-dən çox televiziya və radio kanalı, 300-dən artıq fəal internet informasiya resursu, onlarla mətbuat yayımı şirkətləri fəaliyyət göstərir. Əhalinin hər min nəfərindən 767 nəfərinin internetə çıxış imkanı var. Media istədiyi informasiyanı, o cümlədən, hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi və ya dəstəkləyici münasibət ifadə edə bilər. Bu sahədə Azərbaycanda heç bir problem yoxdur və bundan sonra da olmayacaq".
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi müasir dövrün tələbinə çevrilib: "Əsas etibarilə Referendum Aktı insan hüquqlarının qorunması istiqamətində dövlətin səylərinin artırılmasına imkan verəcək".
MSK rəhbərliyinin seçki keçirmək təcrübəsindən danışan N.Məhərrəmli qeyd edib ki, qurum daim mətbuatla sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir, seçkiqabağı hazırlıq proseslərini yüksək səviyyədə həyata keçirir: "MSK-nın fəaliyyətində bugünə qədər ciddi bir xətaya rast gəlindiyinin şahidi olmamışıq. Sözügedən qurum seçkilərdə iştirak edən tərəflərə həmişə bərabərhüquqlu yanaşıb, təşviqat məqsədilə ödənişli və ödənişsiz əsaslarla ayrılan efir vaxtlarında da bərabərlik prinsiplərini pozmayıb".
Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev isə deyib ki, konstitusiyaya əlavə və dəyişikliklər ölkədə sabitliyin qorunması, həyata keçirilən hərtərəfli islahatların daha da dərinləşdirilməsi, sosialyönümlü proqramların daha sürətlə icrası, ordu quruculuğunun daha da təkmilləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasında media və vətəndaş cəmiyyəti institutlarının üzərinə mühüm vəzifə düşür: "Mətbuat Şurası medianın səsvermənin qərəzsiz, ədalətli işıqlandırılması, mətbuat mənsublarının üzləşə biləcəkləri maneələrin aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. Mətbuat Şurasında səsvermə günü "Qaynar xətt" təşkil ediləcək. Jurnalistlər səsvermə günü üzləşəcəkləri hər hansı bir problemlə bağlı Mətbuat Şurasına müraciət edə biləcək. Öz növbəsində Mətbuat Şurası MSK ilə müntəzəm əlaqə saxlayaraq səsvermə prosesi zamanı problemlərin aradan qaldırılması istiqamətində operativ addımlar atılacaq".
Çıxışlardan sonra MSK sədrinin müavini Natiq Məmmədov "Referendumqabağı təşviqata dair ümumi tələblər və referendumqabağı təşviqat subyektləri. Ödənişli və ödənişsiz əsaslarla aparılan referendumqabağı təşviqata şərait yaradılması prosesində KİV-lərin üzərinə düşən vəzifələr" mövzusunda məruzə oxuyub.
Qeyd edək ki, seminar-müşavirədə dövlət orqanları nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri, media mənsubları və digər ictimai-siyasi xadimlər iştirak ediblər.
Ceyhun ABASOV