Uruqvayın “La Republica” qəzetinin və Uruqvay Xəbərlər Agentliyinin (UYPRESS) internet portallarında Azərbaycanın diplomatik nümayəndəliyinin təşəbbüsü ilə ölkəmizin mövqeyini əks etdirən “Ermənistan Azərbaycan ərazilərini işğal edir” və “Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir” adlı məqalələr yayılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən525.az-a verilən məlumata görə, məqalələr sentyabrın 2-də Montevideoda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “25-ci müstəqillik günü” ilə bağlı keçirilmiş “Dağlıq Qarabağ Forumu” adlı tədbirlə əlaqədar Ermənistan-Azərbaycan münaqişəsi və ölkəmizlə bağlı qərəzli və təhrif edilmiş məlumatlara əsasən dərc edilmiş məqalələrə cavab olaraq yazılıb.
Məqalələrdə Xarici İşlər Nazirliyinin 30 avqust tarixli bəyanatına uyğun olaraq Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olması və beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanınması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz edərək Dağlıq Qarabağ və yeddi rayon da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal etməsi, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirərək bir milyon azərbaycanlını qaçqın və məcburi köçkünə çevirməsi, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistandan öz qoşunlarını ölkəmizin işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarmağı tələb edən sənədlər barədə danışılır.
Habelə erməni icmasının keçirdiyi “Dağlıq Qarabağ Forumu” adlı tədbirin təxribatçı məqsədlərlə təşkil edildiyi, bu tədbirin münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri tərəfindən aparılan danışıqlar prosesinə xələl gətirdiyi, regionda davamlı sülhün təmin olunması istiqamətində atılan səylərə fayda vermədiyi, xüsusilə indiki həssas məqamda vəziyyətin gərginləşməsinə və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə xidmət etdiyi bildirilir.
Məqalələrə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərini əks etdirən xəritə də əlavə edilib.