Dünən Azərbaycan Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev sentyabrın 20-də Avropa Şurasının Venesiya Komissiyasının "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsinə dair verdiyi ilkin rəylə bağlı mətbuat konfransı keçirib.
Ş.Əliyev bildirib ki, Venesiya Komissiyası çox möhtəşəm bir qurumdur. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu qurumla həmişə səmərəli əməkdaşlıq edib: "Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdu. O mənada ki, bir çox hallarda bir-birimizlə razılaşmasaq da fikirlərimizə çox hörmətlə yanaşmışıq. Yadıma gəlmir ki, bu və ya digər məsələylə bağlı Venesiya Komissiyası 3 aydan tez hər hansı bir rəyə gəlsin. Adətən qanun layihəsi ilə bağlı ilkin rəy hazırlandıqdan sonra elektron poçt vasitəsilə Azərbaycan tərəfinə göndərilir, rəsmi Bakının mövqeyi dinlənilir, arqumentlər öyrənilir və bundan sonra dərc edilirdi. Lakin məlum olmayan səbəblərdən bu dəfə Referendum Aktının layihəsinə dair rəy hazırlanarkən bu prosedur kobud şəkildə pozulub. Bu, bir fövqəladəlik hissi yaratmaya bilməz. Çünki Venesiya Komissiyasının rəyi AŞPA sədrinin məktubu, sorğusu əsasında hazırlanır. Bu sorğu Venesiya Komissiyasına sentybarın 6-da təqdim olunub. Cəmi 2 həftədən sonra ilkin rəy Azərbaycanın dinlənilmək hüququ əlindən alınaraq Venesiya Komissiyasının rəsmi saytında dərc olunub".
Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, biz fakt qarşısında qoyulmuşuq: "Venesiya Komissiyasının rəyində qeyd olunub ki, iki ay 29 düzəlişdən ibarət Referendum Aktının layihəsinin müzakirəsi üçün kifayət qədər vaxt deyil. Lakin həmin 29 dəyişikliyə dair 14 gün müddətində rəyin hazırlanması mümkündür? Belə bir fövqəladəlik səbəbindən Venesiya Komissiyasının rəyində kifayət qədər dəqiqsizliklər var. Hətta kobud səhvlərə də rast gəlinir. Məsələn, rəyin 25-ci bəndində Azərbaycan Konstitusiyasının 159-cu maddəsinə istinad edilib. Halbuki, Azərbaycan Konstitusiyasında 159-cu maddə yoxdur. Konstitusiya cəmi 158 maddədən ibarətdir".
Ş.Əliyev söyləyib ki, Venesiya Komissiyasının hazırladığı ilkin rəydə Konstitusiyada insan hüquqları ilə bağlı əlavə və dəyişikliklər dəstəklənir: "Lakin onların əsas narazılıqları icra hakimiyyəti strukturunun möhkəmləndirilməsi ilə bağlıdır. Söhbət Referendum Aktının qəbul edildiyi təqdirdə təsis ediləcək vitse-prezidentlik institutundan gedir. Əsas arqument ondan ibarətdir ki, təyinatlı vitse-prezidentlər institutu demokratik standartları pozur. Əslində isə normal müzakirələr keçirilsə, bizim rəyimiz öyrənilsəydi, onlara sual vermək olardı ki, bu demokratik standart hansı beynəlxalq sənəd, aktda mövcuddur. Belə demokratik standart mövcud deyil.
Bunu heç kim tapıb qarşımıza qoya bilməz. Halbuki, rəydə yazılıb ki, "Azərbaycan Respublikasının Prezidenti müxtəlif səbəblərdən öz vəzifə və səlahiyətlərini daimi icra edə bilmədiyi təqdirdə vitse-prezidentlərin Azərbaycan Respublikasının Prezidentini əvəz etməsi qeyri-demokratikdir. Ona görə ki, təyinatlı vitse-prezident seçkili vəzifə deyil". Həmin ekspertlərə bildirmək olardı ki, hər kəs tərəfindən demokratik dövlət kimi qəbul olunan ABŞ-da prezident öz səlahiyyətlərini icra edə bilmədikdə onun səlahiyyətlərini vitse-prezident icra edir. Vitse-prezident də icra edə bilmədikdə onun səlahiyyətlərini qeyri-seçki yolu ilə təyin olunmuş siyahı üzrə nazirlər icra edir. Heç kim bu proseduru qeyri-demokratik adlandırmır".
Prezident Administrasiyasının nümayəndəsi bildirib ki, vitse-prezidentlik institutunun təsisatı Azərbaycanda aparılan iqtisadi islahatların tələbidir: "Ona görə ki, Azərbaycan Respublikasının Prezidentinin iki iqtisadi məsələlər üzrə köməkçisi ölkə başçısının iqtisadi islahatlar siyasətini həyata keçirmək üçün kifayət deyil. Bu çox mürəkkəb və məsuliyyətli prosesdir. Bu prosesdə sahə-sahə siyasətin aparılması tələb olunur".
Ş.Əliyevin sözlərinə görə, mətbuatda dəfələrlə vurğulanıb ki, Nazirlər Kabineti ölkədə gedən islahatların lokomotivinə çevrilə bilməyib: "Bu fikirlə razılaşmaq olar. Ona görə ki, Nazirlər Kabineti uzunmüddətli proseslərdə özünü çox effektiv orqan kimi göstərib və kifayət qədər səmərəli fəaliyyət aparıb. Lakin hər ay dəyişən iqtisadi vəziyyətdə, maliyyə siyasətində Nazirlər Kabineti aparıcı rol oynaya bilməyib. Çünki Nazirlər Kabinetinin institusional mahiyyəti, struktur quruluşu, iş tərzi bu cür fəaliyyət üçün nəzərdə tutulmayıb. Çevik qərar qəbul etmək imkanı olan institut günün tələbidir".
Prezident Administrasiyasının nümayəndəsi deyib ki, Venesiya Komissiyasının digər narazılığı Referendum Aktının layihəsində Azərbaycan Respublikası Prezidenti tərəfindən Parlamentin buraxılması imkanının nəzərdə tutulmasıdır: "Bu maddənin Referendum Aktının layihəsinə salınması heç də kiminsə istəyi ilə olmayıb. Bu dövrün tələbatıdır. Ona görə ki, hər bir kollegial orqanın fəaliyyətində olduğu kimi, parlamentin fəaliyyətində də şahmat dili ilə desək pat vəziyyətləri olur. Çünki bu orqanda qərarlar səsvermə yolu ilə qəbul olunur. Mətbuatda qeyd olunub ki, bir sıra hallarda Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan qanun layihələri Konstitusiyanın 97-ci maddəsində nəzərdə tutulan müddətdə səsverməyə çıxarılmır. Orada yazılıb ki, qanunvericilik təşəbbüsü subyektinin parlamentə təqdim etdiyi layihə iki ay müddətində səsverməyə çıxarılmalıdır. Yəni, ya qəbul edilməli, ya rədd edilməlidir".
Ş.Əliyevin sözlərinə görə, çox maraqlıdır ki, Venesiya Komissiyası öz rəyində başqa ölkələrin təcrübəsini istinad etməyib: "Referendum Aktının layihəsində parlamentin buraxılma səbəbləri bir-bir sadalanıb. Əsas şərt kimi parlamentin yaranmış problemi aradan qaldırmaq imkanında olması götürülüb. Ancaq Fransa prezidenti Milli Assambleyanı çox asanlıqla buraxa bilər. Fransa Konstitusiyasının yeganə tələbi ondan ibarətdir ki, bu addım atılmamışdan qabaq Senat və Milli Assambleyanın sədri ilə məsləhətləşmələr keçirilməlidir. Bu məsləhətləşmələrin nəticəsinin nəzərə alınıb alınmaması Fransa Konstitusiyasında öz əksini tapmayıb".
Venesiya Komissiyasının Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılmasına narazı olduğunu deyən Ş.Əliyev bildirib ki, burada da qurum tərəfindən başqa ölkələrin təcrübəsinin kifayət qədər öyrənilmədiyi nəzərə çarpır: Hazırda İsrail, İslandiya, Kiprdə prezident 7 il müddətinə seçilir. Finlandiya ilə Avstriyada isə 6 il müddətinə seçilir. 2000-ci ilə qədər Fransada da prezidentlik müddəti 7 il olub. Bu dəyişikliyin əsas məğzi ondan ibarətdir ki, parlamentlə icra hakimiyyəti baçısının mandat müddəti üst-üstə düşməsin. Digər tərəfdən hər 5 ilin 3 ilini Azərbaycan seçki qızdırması şəraitində yaşayır. Bu müddət ərzində həm prezident, həm parlament, həm də bələdiyyə seçkiləri keçirilir. Bu vəziyyətdən çıxış yolu kimi Prezidentin mandat müddətinin 5 ildən 7 ilə artırılması təklif edilir".
Prezident Administrasiyasının əməkdaşınin sözlərinə görə, çox maraqlıdır ki, 2000-ci ildə Fransada prezidentlik müddətinin 7 ildən 5 ilə endirilməsi təşəbbüsü ilə çıxış edən sabiq prezident Jak Şrak bu barədə yalnız iki cümlə deyib: "7 il çoxdur. 5 il daha məqbuldur". Lakin Jak Şirak 5 ilin daha məqbul olmasına heç bir izahat verməyib".
Ş.Əliyev qeyd edib ki, Azərbaycana yönəldilən digər bir irad Referendum Aktının layihəsində Respublika Prezidentinə növbədənkənar prezident seçkilərinin keçirilməsini elan etmək səlahiyyətinin verilməsinin nəzərdə tutulmasıdır: "Bu onunla izah edilir ki, Prezidentin səlahiyyət müddəti 7 il olduğuna görə, onun özünə qarşı inam votumu üçün xalqa müraciət etmək imkanı olmalıdır. Bu da çox məntiqi bir addımdır".
Prezident Administrasiyasının şöbə müdiri deyib ki, Venesiya Komissiyasının fəaliyyət proseduru ilə tanış olan insanlarda belə bir təəssürat yaranır ki, bu yalnız siyasi sifarişdir: "Ona görə ki, iki həftə müddətində bu rəyin hazırlanması ağıla sığmır. Ümumiyyətlə Referendum Aktının layihəsi ilk dəfə iyulun 18-də dərc edilib. Lakin AŞPA sədrinin məktubu nə iyul, nə avqust, məhz sentyabrın 6-da, referenduma cəmi 20 gün qalmış Venesiya Komissiyasına ünvanlanıb. Bunun səbəbini yalnız siyasi sifariş kimi izah edə bilərəm. Başqa cür bunu izah etmək qeyri-mümkündür".
Ceyhun ABASOV