Azərbaycanda sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendum ərəfəsində bəzi xarici dairələr yenidən "hərəkətə" keçiblər.
Ölkəmizin inkişafını, Azərbaycan hakimiyyətinin apardığı uğurlu siyasəti, mövcud sabitliyi istəməyən həmin qüvvələr yerli havadarlarından istifadə etməklə öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Onlar hətta dindarlardan belə istifadə etməkdən çəkinmirlər. Milli Şura adlanan qurum xarici havadarlarının sifarişi ilə keçirdikləri mitinqlərdə din amilindən istifadə etməsi yolverilməzdir, eyni zamanda dinimizin prinsiplərinə zidddir.
Təsadüfi deyil ki, radikal müxalifət başçıları Qərb ölkələrinin səfirliklərinə çağırılaraq təlimatlandırıldıqdan sonra Milli Şura və Müsavat mitinq keçirmək haqda qərar verdilər. Müxalifətin təşkil etdiyi mitinqdə radikal dindarların müəyyən siyasi şüarlar səsləndirməsi və dövlətçilik əleyhinə fikirlər bildirməsi diqqət çəkməyə bilməzdi. Əslində, buna -radikal müxalifətlə radikal dindarların eyni mövqedən çıxış etmələrinə- qeyri-adi məsələ kimi baxmaq lazım deyil. Ona görə ki, həm radikal dindarların, həm də radikal müxalifətin təkcə ideoloji yox, həm də maliyyə qaynaqları eynidir. Onların fəaliyyətinə bələd olan şəxslər bilir ki, həm radikal müxalifət, həm də radikal dindarların arxasında kimlər dayanır, onların maliyyəsi haradan gəlir. Cəmil Həsənlinin Strasburqa səfəri, ABŞ Konqresində, Haaqada Azərbaycanla bağlı müzakirələrin təşkili də bəzi Qərb dairələrinin ölkəmizdə vəziyyəti gərginləşdirmək üçün yenidən hərəkətə keçməsinin sübutudur.
Təəssüf ki, bir çox xarici KİV, o cümlədən, ABŞ-ın dövlət büdcəsindən maliyyələşən "Azadlıq" radiosu, "Amerikanın səsi", BBC və "5-ci kolon"un əsas tribunalarından olan "Meydan TV" müasir jurnalistikasının ən elementar şərtlərini, media ilə bağlı qanunvericilik tələblərini, hətta öz nizamnaməsini belə kobud şəkildə pozaraq aksiyaların həm təbliğatçısı, həm də təşkilatçısı kimi çıxış edir, canlı yayım, iştirakçılardan müsahibələr, sosial şəbəkələrdə aktiv müzakirələr vasitəsilə müxalif kəsimi yönləndirir.
Lakin radikal müxalifətin keçirdiyi üç mitinqin fiaskoya uğraması, 3 milyon əhalisi olan paytaxtda aksiyalara 500-800 iştirakçının qatılması radikal anti-milli qrupların və onların xaricdəki havadarlarının planlarını alt-üst etdi. Əli Kərimli, İsa Qəmbər və digərləri növbəti dəfə öz riyakar, düşmən simalarını xalqa göstərdilər.
Mövzu ilə bağlı fikirlərini açıqlayan siyasi ekspertlər, millət vəkilləri hesab edirlər ki Azərbaycan güclü dövlətdir, onun rəhbərinin arxasında xalq var. Bu radikalların arxasında isə öz havadarlarından başqa heç kim durmur. Ona görə də onlar iflasa uğrayacaqlarını öncədən anlamalı idilər.
Alternativ AXCP-nin sədr müavini Ehtiram Mehdiyevin sözlərinə görə, hər kəs yaxşı bilir ki, Əli Kərimli sonuncu mitinq şousu ilə ona verilən missiyanı uğurla başa çatdırmış oldu: "Həmişəki kimi yenə də xalqın və müxalifətin birliyindən sui-istifadə etdi. Yenə də "həbs etdirmək" siyasətini işə salaraq bir neçə zavallı gəncləri həbsə atdırdı. Ölkədə sosial-iqtisadi vəziyyətin gərgin olduğu bir zamanda şəxsi ambisiyalarını xalqın mənafeyindən üstün tutan Yurd sədri özünün necə bir riyakar, satqın və "saxta müxalifətçi" olduğunu bir daha sübut etdi".
Onun sözlərinə görə, bu gün hər kəs bir daha əmin oldu ki, məhz Əli Kərimlinin Milli Şurası xalqın ən çətin məqamlarında belə müxalifətin bir araya gəlməsinə imkan vermədi: "Hətta 18 sentyabr tarixinə mitinq müraciəti ola-ola sentyabrın 17-nə mitinq təyin edib Müsavatın mitinqini fiaskoya uğratdı. Bu azmış kimi sentyabrın 24-nə mitinq müraciətini ləğv etdilər. Gedişat onu göstərdi ki, Yurd sədri bütün məqamlarda iqtidara növbəti "pasını ötürdü". Çünki belə mitinq xalqa deyil, birbaşa iqtidara lazım idi".
E.Mehdiyev bildirib ki, Yurd sədrinin bir neçə sifəti olduğunu hamı yaxşı bilir: "Mitinqdə əzbərlənmiş, pafoslu və radikal çıxışlar, "Əli bəy" şüarları, Kərimlinin özünə vurğunluğu, gülüşü xalqın problemlərindən çox-çox uzaq idi. Adam bir yandan Qərbə və ona bağlı təsisatlara işləyir, digər yandan dini rejim qurmaq üçün insanları dövlətçiliyə qarşı çıxmağa çağırırdı. "Biz dini çağırışlara dözümlə yanaşmalıyıq", "İmkan verməliyik ki, inanclı insanlar öz mövqeyini ifadə edə bilsinlər", "Rejimə qarşı hər kəs, o cümlədən, dindarlar da birləşməlidir" kimi bəyanatlar Əli Kərimlinin "sifət dəyişkənliyi"nin daha bir ifadəsidir. Yurd sədri bununla cəmiyyətdə itirilmiş etimadını inanclı insanların hesabına geri qaytarmaq istəyir və özünü dindarların qarşısında "molla" kimi göstərirdi.
Düşünürəm ki, bütün maskaların cırılması üçün hakimiyyətin mitinqə icazə verilməsi çox düzgün qərar idi. Hakimiyyət konstitusiyaya söykənərək və hər kəsin sərbəst toplaşmaq azadlığı mövcudluğunu nəzərə alaraq növbəti qələbəsini elan etdi. Bu qələbədə Əli Kərimlinin əvəzsiz rolu oldu".
Millət vəkili Hikmət Babaoğlu isə bildirib ki, Azərbaycanda mitinqlərin keçirilməsini zəruri edən siyasi, yaxud ictimai-siyasi şərtlər yoxdur:
"Ölkəmizdə mühüm iqtisadi siyasi islahatlara hüquqi əsas yaradacaq Konstitusiya dəyişiklikləri və əlavələri referendum vasitəsilə qəbul ediləcək ki, bu da özlüyündə müvafiq hüquqi prosedur çərçivəsində siyasi aktivlik üçün zəmin yaradır. Yəni bütün demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da istənilən siyasi partiya yaxud təşkilat Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən müəyyən edilmiş qaydada təşviqat qrupu yaratmaqla bu prosesdə iştirak edə bilər və siyasi mövqeyini ifadə edə bilərdi". Onun sözlərinə görə, ancaq nə AXCP, nə də Milli Şura deyilən və sadəcə adı olan oyuncaq təşkilat heç buna təşəbbüs də etmədi: "Yalnız antiazərbaycançı mərkəzlərdən siyasi sifariş aldıqdan sonra tez tələsik mitinq etmək niyyətinə düşdülər və bu da fiaskoya uğradı. Əhali tərəfindən rədd edildi. Müsavat-AXCP münasibətlərinə gəldikdə isə bilmək lazımdır ki, hər iki təşkilat AXC-yə xəyanət üstündə qurulub və xəyanət etmək onlarda bir növ siyasi ənənədir. İndiki mərhələdə isə bu bir qədər də bariz görünür. Çünki Əli Kərimli direktiv aldığı antiazərbaycançı mərkəzlərə nümayiş etdirmək istəyir ki, yeganə real müxalifət guya ki, odur. Gələcəkdə yalnız ona stavka etmək olar, çünki Azərbaycanda yalnız o qeyri-stabillik yarada bilər. Bax, bu siyasi korluq və eqoizm də elə AXCP -ni Müsavatla düşmən edir. Ona görə də Azərbaycan xalqı hər iki təşkilatdan imtina edir".
H.Babaoğlu sentyabrın 17-də xarici sifarişlə həyata keçirilməyə çalışılan mitinq cəhdinə də toxunub və deyib ki, bunu baş tutmuş hesab etmək olmaz. Onun sözlərinə görə, müsəlman Şərqində sabitliyi pozmaq, bütövlukdə bu siyasi-mədəni coğrafiyada idarəolunan xaos nəzəriyyəsinə əsaslanan konflikt ocaqları yaratmaq və nəticədə milli dövlətləri dağıtmaq Qərb imperializminin bir layihəsidir. Millət vəkili mitinqdə iştirakçıların sayının az olmasının başlıca səbəbini vətəndaşlarımızın ölkəmizdə mövcud olan sabitlik və inkişafın davam etməsində maraqlı olması ilə izah edib: "İkinci əsas səbəb kimi isə Azərbaycan cəmiyyətinin yüksək intellektual səviyyəyə sahib olmasını göstərmək olar. Hər bir orta statistik azərbaycanlının kifayət qədər obyektiv siyasi məntiqi var və bu əsas yaradır ki, sıradan azərbaycanlı regionda və dünyada baş verən hadisələri doğru və real şəkildə qiymətləndirsin. Yəni, adi vətəndaş görür və dərk edir ki, avqust ayının 15-dən 30-dək hansı xarici ölkələrin rəsmi statuslu şəxsləri kimlərə necə ideoloji təlimat və bunu reallaşdırmaq üçün nə qədər maddi vəsait verdi. Ona görə də heç bir azərbaycanlı öz əli ilə öz ölkəsini yıxmaq üçün istifadə edilən alətə çevrilmək istəmir".
İçərişəhər Cümə məscidinin axundu, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli də məsələ ilə bağlı bəyanatla çıxış edib. O qeyd edib ki, son vaxtlar radikal müxalifətin bu və ya digər şəkildə dindar kəsimi siyasi alətinə çevirərək xəyanətkar siyasi ambisiyalarını reallaşdırmağa cəhd etməsi Azərbaycanda fəaliyyət göstərən ilahiyyatçıları və din xadimlərini də narahat etməkdədir. Qeyd olunur ki, radikalizm və dağıdıcılıq üsulları ilə xarici qüvvələr qarşısında nökərçilik edənlər bu çirkin əməllərindən əl çəkməli, ictimai rəydə çaşqınlıq yaratmamalıdırlar:
"Biz, son vaxtlar dünyada cərəyan edən müxtəlif hadisələri, savaşları, eləcə də dini, irqi diskriminasiyaları müşahidə etdikcə bir daha şahidi olmaqdayıq ki, bütün bunlara rəğmən, Azərbaycan bir sabitlik adası kimi digər ölkələrə nümunədir, örnəkdir. Lakin təəssüflər olsun ki, bəzi Azərbaycanı istəməyən daxili və xarici qüvvələr ölkəmizdəki sabitliyi pozmağa cəhdlər edir, bu kimi çirkin niyyətli addımları ilə şəhidlərimizin qanları və canları bahasına əldə etdiyi müstəqilliyinə zərbə vurmağa çalışırlar.
Əsasən ateistlik üzərində köklənmiş radikal təfəkkürlü müxalifətin indi də dindarları özlərinin siyasi alətinə çevirmək, onlardan öz çirkin siyasi məqsədləri üçün istifadə etmək cəhdləri qətiyyən yolverilməzdir. Əlləri minlərlə soydaşımızın qanına bulaşmış erməni ekstremistlərinin, işğal olunmuş ərazilərimizdə qondarma separatçı rejimin nümayəndəsi - Bako Saakyanın oğlu ilə birlikdə Vətəninə qarşı qərəzli dinləmələrdə iştirak edənlərdən, düşmənlərlə əlbir olub, onlarla eyni mövqeni bölüşənlərdən Azərbaycan xalqına nə fayda ola bilər. Belələri, şəhid qanlarını batıranlardır. Bu, haqq mücadiləmiz üçün qanlarını axıtmış şəhid soydaşlarımızın ruhlarının təhqiridir.
Qəhrəman şəhidlərimizin ailələrinin heysiyyatına toxunmaqdır. Bütün Azərbaycan xalqının müqəddəs şəhidlərlə bağlı ülvi hisslərinə toxunmaqdır. Bu, müstəqilliyimiz uğrunda fəda olmuş, ərazi bütövlüyümüz, Qarabağ uğrunda canlarından keçmiş, Xocalıda vəhşicəsinə qətl edilmiş soydaşlarımızın ruhlarını narahat etməkdir. Bu, həm də doğma yurd-yuvasından qovulmuş, məcburən köç etmiş qaçqın, köçkün həmvətənlərimizin təhqir olunması, onların nisgilinə hörmətsizlik deməkdir. Dini şüarları siyasətlə istifadə edənlərin mənfur niyyətləri puçdur.Dinimiz haqqı-nahaqdan, batildən, doğrunu-əyridən seçməyi vacib buyurur. Doğru yalanı kəsməlidir mütləq. Gah ateist, lazım olanda dindar, din təəssübü çəkən olan, əqidə, məslək məsələlərini belə siyasi oyunbazlıq elementinə çevirməkdən utanmayan müvafiq qüvvələrə Azərbaycan xalqı layiqli qiymət verəcək".
PƏRVANƏ