"Ümumiyyətlə, Azərbaycan beynəlxalq təşkilatlarda beynəlxalq ictimai rəyi bölgədə baş verən hadisə ilə bağlı yetərincə məlumatlandıra bilir".
Bu barədə millət vəkili Asim Mollazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, artıq dünyada anlmağa başlayıblar ki, Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan ərazisini işğal edib:
"Bununla yanaşı Azərbaycanın həyata keçirdiyi strateji layihələr də dünyanın diqqətini cəlb edir və ölkəmizə dəstəyi artırıb. Bu mənada hesab edirəm ki, Azərbaycanın dünyada nüfuzu getdikcə artır və Azərbaycan həyata keçirdiyi strateji layihələrin gücü durmadan yüksəlir".
Millət vəkili Elman Məmmədov isə bildirib ki, Azərbaycanın dövlət başçısı diplomatiya, dövlətlərarasında olan danışıqlar, qayda-qanunlar xatirinə, danışıqlarda müəyyən məsələlərin açıqlanmaması şərtlərinə ən yüksək səviyyədə həmişə əməl edirdi:
"Amma artıq bu işğalçı dövlətin, onun havadarları olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin son dərəcə göstərdikləri həyazıslıq, qeyri-səmimilik, riyakarlıq, ədalətsizlik prezidenti məcbur etdi ki, o fikirləri səsləndirsin.
Deputatın sözlərinə görə, ölkə rəhbərinin söylədikləri həm Azərbaycan ictimaiyyəti üçün idi, həm də elə o həmsədr dövlətlər, beynəlxalq təşkilatlar, işğalçı dövlət üçün idi:
"Bu həqiqətən belədir. Hətta deyərdim ki, işğalçı dövlətdən çox əsas problemin həll olunmasına həmsədr dövlətlər mane olur. Çünki həmsədr dövlətlər işğalçıya havadarlıq etməsələr, işğalçının o gücü yoxdur ki, Azərbaycan qarşısında tab gətirsin. İşğalçı Azərbaycanın bugünkü iqtisadi, siyasi, diplomatik və ən başlıcası hərbi gücü qarşısında həddindən artıq zəif və acizdir. Əgər o özünün havadarlarına, onu dəstəkləyən bu riyakar, qeyri-səmimi həmsədr dövlətlərə arxayın olmasa, o danışıqlarda təbii ki, məcburən konsruktiv mövqedə olacaq və Azərbaycan torpaqlarından çıxıb gedəcək. Amma buna baxmayaraq, bəziləri Ermənistana maliyyə, silah, siyasi yardım göstərilir və s. Yəni bu cırtdan, işğalçı, terrorçu dövlətin yaşamasının əsas səbəbkarları bu böyük ( xüsusən də 3 həmsədr) dövlətlərdir. Ona görə də nə qədər ki, bu həmsədrlik mandatı ABŞ, Rusiya və Fransaya tapşırılıb onlar heç zaman imkan verməyəcək ki, Dağlıq Qarabağ məsələsi ədalətli həllini tapsın".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə vurğulayıb ki, beynəlxalq qurumlar Azərbaycana qarşı təzyiq edir və ölkəmizi razı salmağa çalışırlar ki, Dağlıq Qarabağın müstəqilliyini tanısın: "Yəni onlar olmayan bir şeyi Azərbaycana diqtə etməyə çalışırlar.
QAT sədrinin sözlərinə görə, ümumiyyətlə, Dağlıq Qarabağ qurum deyil və onun müstəqilliyi yoxdur:
"Dağlıq Qarabağ qondarma Ermənistanın yaratdığı işğalçı bir rejimdir. Məsələnin mahiyyəti bundan ibarətdir. Amma görün, beynəlxalq qurumlar, təşkilatlar nə qədər ədalətsiz dünyadadırlarsa, DQ-nın müstəqilliyini tanıyırlar. Onsuzda onlar bilir ki, bu, Rusiyanın köməkliyi ilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma bir qurumdur. Amma artıq məsələ o həddə çatıb ki, Azərbaycan prezidenti də buna öz reaksiyasını verib.
Digər tərəfdən hesab edirəm ki, Prezidentin mövqeyi tamamilə düzgün bir mövqedir. Azərbaycan axıradək bu mövqeyində qalacaq. Bu diplomatik və hərb yolu ilə də ola bilər. Hesab edirik ki, bu daha çox hərbi yolla mövcuddur".
PƏRVANƏ