Ermənistan Azərbaycana qarşı növbəti təxribat cəhdlərini həyata keçirməyə davam edir.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlara məhəl qoymayan, müxtəlif bəhanələrlə problemin həllini yubatmağa çalışan işğalçı ölkə rəhbərliyi təmas xəttində atəşkəsi pozaraq vəziyyəti gərginləşdirməklə yanaşı, zəbt olunmuş torpaqlarda yaradılan qondarma rejimin adını dəyişərək "Artsax" elan etmək istəyir. Bu məqsədlə erməni separatçıları "konstitusiya" dəyişikliyi etməyi planlaşdırırlar.
Məsələ ilə bağlı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, biz Ermənistanın, o cümlədən, Dağlıq Qarabağ ermənilərinin atdığı addımları diqqətlə təhlil etməliyik. Onun sözlərinə görə, bu məsələdə təxribatla yanaşı, ermənilərin çox vacib iki iflas etirafı var: "İlk növbədə ermənilər ad dəyişdirməklə etiraf edirlər ki, Dağlıq Qarabağın onlara heç bir aidiyyatı yoxdur. Prezident İlham Əliyevin ifadə etdiyi əsas arqumentlərdən biri budur ki, "Dağlıq Qarabağ" sözünün erməni dilinə nə aidiyyatı var? 1805-ci ildə Kürəkçay, 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələrində "Qarabağ" sözü işlədilib. Bundan qabaqkı bütün mənbələrdə də bu ərazilər "Qarabağ" adlandırılıb. Bütün dünya ictimaiyyəti də bu bölgəni "Dağlıq Qarabağ" kimi tanıyır və qəbul edir".
Politoloq hesab edir ki, ermənilər bu məsələni gündəmə gətirməklə özlərinin biabırçı iflasını göstəriblər: "Bölgənin adını dəyişmək cəhdi ilə onlar həm də 25 il ərzində Dağlıq Qarabağın üzərinə "müstəqillik" etiketi vura bilmədiklərini etiraf edirlər".
Ermənilərin bununla növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa çalışdığını deyən Mərkəz sədri qeyd edib ki, Ermənistanın təxminən 57 ölkədə səfirlik-nümayəndəliyi fəaliyyət göstərir: "Bu dövlətlərdən 25-də Ermənistanın rəsmi nümayəndəliyi cəmi iki, təxminən 15-də isə üç adamdan ibarətdir. İndi onlar Dağlıq Qarabağın adını dəyişərək beynəlxalq birliyi öz yalanlarına inandıra biləcəklərini düşünürlərsə, yanılırlar. Çünki belə zəif diplomatiya ilə onlar çox uzağa gedə bilməyəcəklər. Hətta, hazırda Ermənistan dövləti ilə erməni diasporu arasında narazılıqların hökm sürməsi vəziyyətin onlar üçün nə qədər acınacaqlı olduğunu göstərir".
M.Əhmədoğlu əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan diplomatiyası uğurlu fəaliyyət aparır: "Güclənən Azərbaycan diplomatiyası ermənilərin dünya ictimaiyyətini aldatmasına imkan verməyəcək".
"Erməni separatçılarının "yeni Konstitusiyalarında" Dağlıq Qarabağ əvəzinə "Artsax Respublikası" ifadəsini salmalarından niyə bu qədər narahat oluruq ki? Guya buna qədər onlar "Artsax" ifadəsi işlətmirdilər və ya biz separatçıları, onların qondarma konstitusiyalarını tanıyırıq ki, deyək ki, "yox əvvəlkitək Dağlıq Qarabağ ifadəsini işlədin". Biz Xankəndi, onlar Stepanakert deyirlər, bu ki, illərdir belədir. Yəni, dəyişən bir şey yoxdur. Bizdən başqa beynəlxalq aləm də Dağlıq Qarabağ ifadəsi işlədir, xarici diplomatlardan heç biri, hətta İrəvan və Xankəndidə olanda da "Artsax" ifadəsi işlətmir. Yox, əgər hansısa biri çaşsa, Dağlıq Qarabağ əvəzinə, separatçıların istəyi əsasında "Artsax" kəlməsini işlətməyə başlasa, demək onunla ayrıca danışmalı olacağıq". Bu sözləri isə "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan prezidenti xarici müsahibələrinin hamısında deyir ki, Dağlıq Qarabağ ifadəsinin özü Azərbaycan kökənlidir və ermənilər köçəri xalq kimi tək elə bu səbəbdən onlara aid olmayan torpaqlara iddia edə bilməzlər: "Bu arqument Qərbdə qəbul olunduğundan separatçıları narazı salırdı. Ona görə bundan çıxış yolunu "ad dəyişdirməkdə" gördülər. Ancaq toplananların yerini dəyişəndə cəm dəyişmir".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə qeyd edib ki, separatçı ermənilərin bu addımı danışıqlar prosesini pozmağa hesablanıb. O "musavat.com"a bildirib ki, nə qədər ki, Azərbaycanın tarixi torpaqlarında Azərbaycanın suveren hüquqları təmin olunmayıb, ermənilər hələ çox oyunlardan çıxacaqlar: "Artsax" sözünü ermənilər münaqişə yeni başlayanda da işlədirdilər. Sonradan azərbaycanlı mütəxəssislər kifayət qədər əsaslandırdılar ki, hətta "Artsax" sözü də türk sözü olan "Ərsaq"dır, ermənilərin dilində "artsax" deyə səslənir. Bundan sonra ermənilər bu addan imtina elədilər. İndi yenidən bu adı gündəmə gətirirlər. Burada bir neçə məqsəd güdülür. Birincisi, onsuz da donmuş vəziyyətdə olan danışıqlar prosesini daha uzun müddətə dondurmaq, ikincisi, Azərbaycanın diqqətini Qarabağın azad edilməsindən çox indi də ad mövzusuna yönəltmək, söz oyununa çəkmək, üçüncüsü isə məsələ ilə bağlı beynəlxalq danışıqlarda, vasitəçilərlə təmaslarda Dağlıq Qarabağ adını "Artsax"la əvəz etməkdir".
A.Nağı hesab edir ki, Azərbaycan bu məsələ ilə bağlı diplomatik istiqamətdə öz səylərini artırmalıdırlar: "Beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupu həmsədrlərinə dövlət səviyyəsində müraciətlər olunmalıdır ki, danışıqlarda qətiyyən "Artsax" sözü işlənməməlidir. Sözsüz ki, Azərbaycan nə qədər diplomatik istiqamətdə addımlar atsa da, ermənilər də çalışacaqlar ki, öz istədiklərinə nail olsunlar. Separatçı ermənilərin bu addımı bir daha Azərbaycana siqnaldır ki, Ermənistan heç bir halda danışıqlar yolu ilə məsələnin həllinə razı deyil, mənasız danışıqlar uzandıqca ermənilər daha da azğınlaşır, arxayınlaşırlar. Ona görə də mənasız danışıqlar prosesinə son qoyulmalı və Azərbaycan öz ərazilərinin terrorçulardan, separatçılardan təmizlənməsi üçün hərbi əməliyyatlara başlamalıdır. Ermənilərin bütün oyunlarına yalnız bu yolla son qoymaq olar".
Politoloq Qabil Hüseynli də bildirib ki, ermənilər "Artsax" sözünü işlətməklə Dağlıq Qarabağın onlara mənsubiyyətinin olması haqqında tarixi cəhətdən özünü doğrultmayan bir uydurmanı siyasi dövriyyəyə buraxmaq istəyirlər: "Dağlıq Qarabağ" adlanan ərazilərin və bu adın tarixən Azərbaycana aid olduğu minlərlə tarixi, hüquqi sənədlərdə əksini tapır. Dağlıq Qarabağ Ermənistanın indiki ərazilərinə daxil olan tarixi Azərbaycan torpaqları Zəngəzur mahalını öz tərkibində uzun müddət saxlayıb. Dağlıq Qarabağ deyəndə biz az qala Azərbaycanın üçdən bir hissəsi qədər ərazini nəzərdə tuturuq. Sadəcə olaraq Sovet hakimiyyəti illərində süni şəkildə Dağlıq Qarabağ Muxtar Vilayəti statusu verilərkən Qarabağın dağlıq hissəsini götürüblər".
Q.Hüseynli vurğulayıb ki, "Dağlıq Qarabağ" kəlməsi bu regionun Azərbaycana məxsusluğunu öz adı ilə isbatlayır: "Ermənilər uzun müddət qıcıqlanırdılar ki, Dağlıq Qarabağ sözü məsələnin tarixi köklərini araşdırarkən ermənilərin bu ərazilərə gəlmə olduğunu, bu ərazinin tarixi Azərbaycan torpaqları olduğunu bir daha isbatlayır. Tarixi araşdırmalarda ermənilər bu məsələdə həmişə uduzur. İndi ermənilər "Artsax" sözünü buraya pərçimləməklə bir çox tarixi mənbələrdə təsbit edilmiş Dağlıq Qarabağ, Qarabağ adını heç kimə unutdura və ya qəbul elətdirə bilməzlər. Bu ərazilərin adı bütün dünyada da Dağlıq Qarabağ və Azərbaycan sözü, ərazisi olaraq tanınır".
Politoloqa görə, ermənilər danışıqlar prosesində də "Dağlıq Qarabağ" sözünü "Artsax" sözü ilə əvəzləməyə çalışacaqlar: "Amma bu, mümkünsüz bir məsələdir. Çünki beynəlxalq qanunlarda mübahisəli ərazilərin toponimlərinin dəyişdirilməsi yolverilməz hesab olunur. İkincisi, isə Azərbaycanın danışıqlar prosesində "Artsax" adının işlədilməsini qəbul etməsi mümkün deyil. Hətta SSRİ dövründə də bu torpaqlar rəsmi sənədlərdə də Dağlıq Qarabağ adlanıb. Ona görə də, ermənilərin bu manevri və təxribat xarakterli hərəkəti heç kim tərəfindən qəbul edilməyəcək. Bununla həm də ermənilərin saxtakarlıqları bir daha dünya ictimaiyyətinə bəlli olacaq".
Ceyhun ABASOV