Keçən həftə Fransa prezidenti Fransua Ollandın erməni diasporunun nümayəndələri ilə keçirdiyi görüş və orada səsləndirdiyi fikirlər Azərbaycan dövləti və ictimaiyyətinin kəskin etirazına səbəb olub.
Prezidentlik səlahiyyətlərini təhvil verməyə hazırlaşan F.Ollandın həmin görüşdə "Madrid prinsipləri" tətbiq olunarkən Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər" bəyanatı heç bir halda Fransanın təmsil olunduğu ATƏT-in Minsk qrupunda məqsəd və missiyasına uyğun gəlmir. Birmənalı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində vasitəçilik missiyasını həyata keçirən dövlət atdığı bu addımı ilə tərəfsizliyini pozaraq ermənipərəst mövqeyini ortaya qoymuş oldu. Eyni zamanda, F.Ollandın səsləndirdiyi bu fikir beynəlxalq hüququn norma və prinsiplərinin ayaqlar altına atılması, separatizm və terrorçuluğa dəstək verilməsi anlamına gəlir ki, bu da heç bir halda vasitəçilik missiyasına uyğun gəlmir.
Üstəlik, Fransa prezidenti erməni həmkarı Serj Sarkisyanı martın 8-də Parisə dəvət edib. Olland erməni diasporunun nümayəndələri ilə görüş zamanı qeyd edib ki, bu il Fransa-Ermənistan əlaqələrinin qurulmasının 25-ci il dönümüdür və o, bu münasibətlə erməni həmkarını Fransaya səfərə dəvət edib.
Azərbaycan prezidenti İlham Əliyevin ötən ay söylədiyi "Azərbaycan torpaqlarında heç vaxt ikinci uydurma erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik, bunu gözləyənlər boşuna gözləyir" bəyanatından az sonra F.Ollandın erməni diasporu nümayəndələri ilə görüşdəki nitqində "Dağlıq Qarabağ xalqı" ifadəsini işlətməsi isə ikiqat diqqət cəlb edir. Fransa prezidentinin bu yanaşması faktiki surətdə Azərbaycanın dövlət başçısının, rəsmi Bakının prinsipial mövqeyi ilə ziddiyyət təşkil edir. Bunu ilk növbədə Fransa prezidentinin vəzifəsindən getməyə iki ay qalmış "kiçik bacısı" Ermənistana reveransı, ermənilərin könlünü almaq cəhdi, Bakıya münasibətdə isə neytral vasitəçilik missiyası ilə bir araya sığmayan təxribat kimi qiymətləndirmək lazımdır. Əvvəla, ona görə ki, F.Ollandın istinad etdiyi "Madrid prinsipləri" deyilən sənəd Azərbaycan və Ermənistan parlamentlərində təsdiq edilməyib ki, onun hüquqi qüvvəsi olsun. Azərbaycan tərəfi həmin sənədə 10-a yaxın əlavə və düzəlişlər edib, çünki ilkin variantda o, ölkənin Konstitusiyası ilə ziddiyyət təşkil edirdi. İkincisi, "Madrid prinsipləri"ndə ərazi bütövlüyü məsələsi də var - hansını ki, Fransa prezidenti nədənsə görməzlikdən gələrək, "öz müqəddəratını təyinetmə hüququ"nu qabardır.
Bununla da bir daha rəsmi Parisin Dağlıq Qarabağ məsələsində qərəzli, qeyri-obyektiv mövqedə olmadığı aşkar olunur. Digər tərəfdən, erməni xalqı öz müqəddəratını artıq "Ermənistan" şəklində müəyyən edibsə, Olland hansı haqla Azərbaycandakı bir ovuc erməniyə öz müqəddəratını təyinetmə hüququ istəyir?
Hərçənd, saxta erməni soyqırımını ilk tanıyan və onun inkarına görə cəza tətbiq etməyə çalışan Fransadan ədalətli mövqe gözləməyə də dəyməz. Xüsusilə də bu layihənin müəlifinin məhz F.Olland olması fikirlərimizdə nə qədər düz olduğumuzu təsdiqləyir. Əfsuslar olsun ki, vaxtilə bu dövləti Minsk Qrupu həmsədrliyinə gətirməklə, onun problemin həllinə töhfə verəcəyi barədə ümidlərimiz var idi. Lakin biz gözləntilərimizin tamam əksinə müşahidə etdik. Halbuki, rəsmi Bakı üçüncü həmsədr dövlət kimi Türkiyə və ya Almaniyada təkid edə bilərdi.
Yada salaq ki, Ollandın prezidentlik dönəmində artıq bir dəfə, 2014-cü ilin oktyabrın 27-də Parisdə prezidentlərin görüşü keçirilib. Ancaq həmin görüşdən cəmi bir həftə sonra erməni silahlı qüvvələri Azərbaycanın işğal altındakı ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlamaqla sülh anlaşmasına olan kövrək ümidləri də basdırdılar. Erməni hərbi vertolyotu məhz həmin təlimlər zamanı Ağdam üzərində Azərbaycan qüvvələri tərəfindən vurulmuşdu. Bundan aylar sonra F.Olland təzədən prezidentlərin görüşünü təşkil etməyə cəhd göstərdi. Ancaq təşəbbüs boşa çıxdı. Əslində elə yaxşı ki, boşa çıxdı. Saxta soyqırımın iddiasının 100-cü ildönümündə Ermənistana getmiş cəmi üç prezidentdən biri olan Fransua Olland münaqişənin ədalətli həllinə hansı töhfəni verə bilərdi ki? Belə bir şəraitdə Fransanın Minsk qrupunda vasitəçiliyinə nə ehtiyac var?
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, faciə budur ki, son dövrlər Fransada dəyərlər mühitində böyümüş şəxs prezident olmayıb: "Yəni, bu ölkənin son prezidentlərində ailə-məişət problemləri ön planda olub. Həmin prezidentlərin şəxsi problemlərə münasibəti necədirsə, prezidentliyə də münaisbətləri eyni qaydadadır. İndi Olland fikirləşir ki, bu gün-sabah prezidentlikdən gedəcək və ona görə də, gələcək planlarını qurmağa başlayıb. O, ermənilərə yarınır ki, bəlkə onlardan nəsə qoparda bildi. Bu baxımdan, Olland erməni diasporunun tədbirində iştirak edərək onlar haqqında "yüksək" fikirlər səsləndirib. Lakin Fransa prezidenti ermənilərdən heç vaxt nəsə ala bilməyəcək. Çünki ermənilərin sözünü tutan millət deyil. Onlar həmişə vədlərinə xilaf çıxıblar".
Fransa prezidentinin Dağlıq Qarabağ münaqişəsilə bağlı səsləndirdiyi fikirlərə gəldikdə isə politoloq bildirib ki, Ollandın "Dağlıq Qarabağ xalqı" ifadəsi işlətməsi və münaqişənin həllində "xalqların öz müqəddəratını həlletmə prinsipini" önə çıxardığına inanmır: "Çox güman ki, Olland bu fikirləri işlətməyib. Ola bilər ki, bütün bunlar erməni mətbuatının uydurmalarıdır. Amma istənilən halda Fransa prezidentinin erməni diasporunun tədbirinə qatılması onun ermənipərəst mövqeyindən qaynaqlanır. Lakin sonunda o da, sabiq prezident Nikola Sarkozi kimi bu əməllərinin peşimanlığını çəkəcək".
Milli Məclisin deputatı Elman Nəsirov isə qeyd edib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi münaqişənin həlli ilə bağlı prosesdə olduqca ehtiyatlı davranış nümayiş etdirməlidir. O, APA-ya bildirib ki, Fransadakı ermənilərin Əlaqələndirmə Şurasının üzvləri ilə görüşdə F. Ollanda ermənilərin münaqişəsinin həlli ilə bağlı real proses haqda qeyri-obyektiv məlumatlar çatdırdıqlarını vurğulayıb: "Bu haqda məlumatlar var. Amma Ollandın da bir çox hallarda reallıqdan uzaq yanaşmaları diqqəti cəlb edir. Həmin görüşdə Fransa prezidenti münaqişənin tənzimlənməsində xalqların öz müqəddəratını təyin etmək hüququna istinad edib. Kütləvi informasiya vasitələrində bu məsələ qabardılıb. Olland həqiqətən ərazi bütövlüyü prinsipi məsələsini deməyib, yoxsa bu erməni mətbuatının növbəti dezinformasiyasıdır, bunları söyləmək bir qədər çətindir. Fransa prezidenti bu ilin yazında öz postundan gedəcəyinin fərqindədir. Bu nöqteyi-nəzərdən bəzən Qərb ölkələrində vəzifəsi ilə vidalaşan yüksək rütbəli dövlət məmurlarının çıxışlarında obyektivlikdən bir qədər uzaq, qərəzli yanaşmalar daha çox özünü göstərir. Bunu biz ABŞ-ın sabiq dövlət katibi Con Kerrinin timsalında görmüşük. Bəlkə də Olland Fransadakı çox güclü erməni diasporunun xoşuna gəlmək üçün ehtiyatsız bəyanatlarla çıxış edir".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, prezidentlik dövrü başa çatmaq üzrə olan Fransa dövlət başçısı Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı belə bir mövqe ortaya qoyacağı gözlənilən idi. O, SİA-ya bildirib ki, Fransada böyük erməni diasporu var və bu diasporun nümayəndələri ilə fransız siyasətçilərinin bir çoxunun əlaqələri mövcuddur: "Erməni diasporu həmin siyasətçilərin seçki kampaniyasında aktiv şəkildə iştirak edirlər. Bu, bəzən fransız siyasətçilərinin dövlətlərinin maraqlarından çox şəxsi və ya korporativ maraqlarından çıxış etməyə sövq edir. Bunun arxasında da əksər Avropa ölkələrində olduğu kimi islamafobiya, ksenofobiya faktorları dayanır. Təəssüf ki, multikultural ənənələri təbliğ edən və bu dəyərlər üzərində iştirak edən Azərbaycana qarşı bir çox hallarda bu münasibət sərgilənir".
E.Mirzəbəylinin fikrincə, yaranan vəziyyət sübut edir ki, hazırda Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyası yerinə yetirməyə mənəvi haqqı yoxdur: "Birtərəfli qaydada sərgilənən mövqe konkret olaraq, separatizmə işğala haqq qazandırması anlamına gəlir ki, bu da nəinki Fransanın, bütövlükdə ATƏT-in Minsk qrupunun missiyasını şübhə altına alır. Yürüdülən bu siyasətin təbii ki, hansısa bu formada perspektivi yoxdur. Azərbaycanın son dövrlərdə atdığı addımlar, ölkənin silahlı qüvvələrinin gündən-günə güclənməsi və öz torpaqlarının işğaldan azad edilməsi istiqamətində ciddi potensial ortaya qoyması Ermənistanın təxribatlarına qarşı atılan addımlar, eyni zamanda bu gün düşmənin ölkənin öz daxilində mövcud cinayətkarlara qarşı etirazların ortaya çıxması mahiyyət etibarı ilə Ermənistanı himayə edən dairələrin də açıq şəkildə ölkəmizə qarşı hücuma keçmələrinə zəmin yaradır ki, bu prosesləri müəyyən qədər kompensasiya etsinlər. Bu baxımdan əslində Ollandın fikirlərindən hər hansı bir formada təəccüblənmədim. Qənaətimə görə, bundan sonrakı prosesdə Fransanın hər hansı bir formada vasitəçilik missiyasını icra etməsi inandırıcı görünmür".
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə deyib ki, Fransa prezidenti problemin həllinə vasitəçi kimi yox, separatizmin dəstəkçisi kimi yanaşma nümayiş etdirib. O, "musavat.com"a bildirib ki, bu hadisə bir daha göstərir ki, Minsk qrupunun hazırkı həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməsi mümkün deyil:
"Fransa həmsədrlərdən biri olsa da, münaqişənin qızışmasına stimul verən mövqe sərgiləyir. Nə qədər ki, özünü vasitəçi kimi sırıyan dövlətlər bu cür mövqedə olacaqlar bölgədə sülh olmayacaq.
Separatçılığa dəstək vermək o deməkdir ki, artıq Fransa Minsk qrupu həmsədri olaraq etimadı tamamilə itirdi. Bu ölkədən ədalətli vasitəçilik gözləmək üçün zərrə qədər əsas qalmadı. İndiyə kimi ATƏT-in Minsk qrupunun həmsədri olan Fransadan təcavüz faktına siyasi qiymət verilməsinin şahidi olmamışıq. Üstəlik münaqişə ilə əlaqədar Qərb dövlətlərinin ikili standartla yanaşma tərzinin şahidi oluruq. ABŞ-da ərazi bütövlüyü ilə öz müqəddəratını təyin etmək hüququnun sintezi formatında Dağlıq Qarabağın statusunun müəyyən edilməsi fikri var idi. Bu fikir mümkünsüz görünsə də, hər addımda Azərbaycanın ərazi bütövlüyü vurğulanırdı. İndi birdən-birə, hakimiyyətdən gedən zaman Fransua Olland "Qarabağ xalqı" ifadəsini işlədir.
Əvvəla belə xalq yoxdur. Cəmi-cümlətanı 30-40 minlik ermənini xalq səviyyəsinə qaldırmağı Ollandın bu sahədə biliklərinin nə qədər yetərsiz olduğuna dəlalət edir. Fransada yarım milyondan çox erməni yaşayır.
Olland əgər millətlərin öz müqəddəratını təyin etmək hüququna belə hörmət bəsləyirsə, Fransada ermənilərə lazım olan müstəqilliyi verər?! Dünyada 5000-dən çox xalq var və bu xalqlardan cəmi 202-si öz müqəddəratını təyin edib, öz dövlətini yaradıb. Ermənistan artıq bir dəfə Qərbi Azərbaycan torpaqlarında digər dövlətlərin köməyi ilə öz müqəddəratını təyin edib və dövlətlərini yaradıblar. Bir millət bir dəfə öz müqəddəratını təyin edə bilər. Xalqların öz müqəddəratını təyin etmək hüququ vaxtilə kommunistlərin uydurduğu və ortaya atdığı məsələdir. Münaqişələrin həllində ərazi bütövlüyü ön plandadır. 5-6 ay öncə Polşanın paytaxtı Varşavada Fransua Ollandın da iştirak etdiyi NATO sammitində iştirakçı dövlətlərin hamısı yekdilliklə qərara aldılar ki, postsovet məkanındakı bütün münaqişələr yalnız ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir. İndi onun 6 ay qabaq dediyi fikirlərlə hazırda dediyi fikir hansı məntiqə sığır? Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü niyə dəstəkləyirsiniz bəs? Bu ayrı-seçkilik nəyə lazımdır? Azərbaycan heç zaman belə yanaşma ilə barışmayacaq".
Q.Hüseynli onu da vurğulayıb ki, Azərbaycanla Avropa Birliyi arasında saziş üçün danışıqlar başlandığı bir dövrdə Fransa prezidentinin hərəkətini təsadüfi saymaq olmaz: "Ola bilsin ki, Olland bununla həm də dolayısı ilə Avropa Birliyi ilə Azərbaycanın yaxınlaşmasına mane olmaq istəyir. Bunu da ermənilərin istəyi ilə edir".
Ceyhun ABASOV