|
|
|
|
Dünən prezident İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" fərmanın 1-ci hissədə "məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər" sözlərindən sonra "(fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla)" sözləri əlavə edilsin.
Eyni zamanda dəyişikliyə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunmalıdır. Bundan başqa fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilməlidir.
Bu fərmanın 1-1-ci və 1-2-ci hissələrində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün sənədin 1-ci hissəsində nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20,0 (iyirmi) manat məbləğində müəyyən edilib.
Fərmana əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limiti üç gün müddətində müəyyən etməlidir.
Bu fərmanın 3.1-ci bəndində nəzərdə tutulan yerlərin qazlaşdırılması ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmalıdır.
Həmçinin, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bundan əlavə, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sayını, məskunlaşma yerlərini və adlı siyahılarını aidiyyəti şəhər (rayon) icra hakimiyyətləri, "Azəriqaz" İstehsalat Birliyi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə birgə müəyyən etməlidir. Komitə bu fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların mərkəzləşmiş qaydada birbaşa "Azəriqaz" İstehsalat Birliyinə, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə və məişət tullantılarının daşınmasını həyata keçirən müvafiq xidmət təşkilatlarına ödənilməsini təmin etməlidir, habelə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Məsələ ilə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli "525"ə bildirib ki, prezident İlham Əliyev ölkənin bütün sosial təbəqələrinin problemlərinin həllinə xüsusi diqqət və qayğı ilə yanaşır. Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərə münasibətdə isə bu diqqət və qayğı xüsusi çəkiyə malikdir: "Təkcə bu fərman deyil, eyni zamanda Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamlar da ölkə başçısı İlham Əliyevin məcburi köçkünlərin problemlərinə sadəcə sosial məsələ kimi baxmadığını, eyni zamanda onların gələcək talelərinə də xüsusi həssaslıqla yanaşdığını göstərir".
E.Mirzəbəyli vurğulayıb ki, qəbul olunan son fərman prezidentin atdığı növbəti humanist addımdır.
Ceyhun ABASOV