|
|
|
|

Orta əsrlər Azərbaycan tərcümə əsərlərinin mətnşünaslıq və dilçilik baxımından tədqiqində xüsusi yerə və mövqeyə malik olan görkəmli elm adamı, filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun öz zəngin və çoxşaxəli elmi yaradıcılığı, saysız-hesabsız elmi araşdırmaları Azərbaycan dilçilik elminə böyük töhfələr verib.
Onun XV-XVI əsrlər Azərbaycan tərcümə abidələrinin tekstoloji tədqiqi, tərcümə və dil xüsusiyyətləri ilə bağlı neçə-neçə əsəri bir-birinin ardınca işıq üzü görüb. Belə ki, "Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti" (2000), "M.Füzulinin "Hədiqətüs-süəda"əsəri" (2002), "XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə" (2003), "Əhmədinin "Əsrarnamə" tərcüməsi" (2005), "Həzininin "Hədisi-ərbəin" tərcüməsi" (2008), "A.Bakıxanovun "Riyazül-qüds" əsəri klassik tərcümə nümunəsi kimi" və digər kitabları Azərbaycan milli humanitar elminin inkşafında mühüm rol oynayıb, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Elmi araşdırmaları əsasən orta yüzilliklərdə fars dilindən Azərbaycan türkcəsinə edilmiş tərcümə əlyazmalarının mətnşünaslıq və dilçilik baxımından tədqiqinə həsr edilib, bəzi tərcümə əsərlərinin tərtibçisi və izahlarının müəllifi olub. Bu silsiləni yorulmadan və gərgin zəhmətlə davam etdirən alimin bu yaxınlarda "Şirazi və onun Gülşən-i Raz Tərcüməsi" adlı monoqrafiyası Türkiyənin Ankara şəhərində "Manas" yayım evində işıq üzü görüb. Bu kitabın redaktoru Könül Mirzədir. M.Nağısoylunun Türkiyə oxucularına ilk dəfə təqdim olunan bu kitabında "Gülşən-i raz" tərcüməsilə bağlı filoloji və linqvopoetik tədqiqatla bərabər əsərin mətni də yer almışdır.
Məlumdur ki, Azərbaycan ədəbiyyatı tarixi, ədəbi tərcümə sənətinin qədim və zəngin ənənələrini qoruyub saxlamış və getdikcə inkişaf etdirmişdir. Qeyd edək ki, ədəbi tərcümə sənəti XV və XVI əsrlərdə daha çox inkişaf etmişdir. Həmin dövrlərin ən geniş yayılan əsərlərindən biri də Şirazinin "Gülşən-i Raz" tərcüməsidir. Orta əsr Azərbaycan tərcümə ədəbiyyatının nadir incilərindən sayılan və dünyanın müxtəlif muzey və kitabxanalarında 50-yə yaxın əlyazmasının tapıldığı bu əsər üzünün köçürülməsi və yayılma arealına görə Füzulinin "Hədiqətüs-süəda" əsərindən geri qalır. Bu fakt əsərin öz dövrü üçün ən qiymətli əsərlərdən olduğunu bir daha sübut edir.
Şirazi XV əsr Azərbaycan-Türk ədəbiyyatının az tanınmış söz ustalarından biridir. Şairin günümüzə qədər çatmış, təsəvvüf mövzusunda yazdığı türkcə şeirlərinin sayı çox deyildir. Lakin Şiraziyə böyük şöhrət qazandıran əsəri "Gülşən-i raz" tərcüməsidir. Əsrlərdir ki mühafizə olunan və əlimizə gəlib çatan lirik şeirlərin ruhu saxlanılmaqla mətnaltı duyğuları qorunan bu tərcümə əsəri Şirazinin nə qədər yetkin, şair tərcümə sənətinin incəliklərinə dərindən bələd olmasından xəbər verir.
Azərbaycan tərcümə ədəbiyyatının dəyərli nümunələrindən olan bu əsər 3 fəsildən ibarətdir.
Birinci fəsil "Şəbüstərinin "Gülşən-i raz" əsəri və onun türkçəyə ilk klassik tərcüməsi" adlanır. Bu fəslin ilk yarımfəslində Şeyx Mahmud Şəbüstəri və onun fars dilində yazdığı Gülşən-i Raz əsəri haqqında geniş və təfsilatlı məlumatlar verilir ki, onlar da çoxsaylı mənbələrə əsaslanır.
Müəllifin "Gülşən-i raz"ın türkçəyə ilk klassik tərcüməsi və onun mütərcimi haqqındakı tədqiqatından aydın olur ki, Azərbaycan ədəbiyyatında Şirazinin "Gülşən-i raz" əsəri haqqında ilk qısa məlumata elmimizin qarşısında böyük xidmətlər göstərən Məhəmməd Əli Tərbiyətin "Danişməndan" kitabında rast gəlinir. Alim həmin əsərində 829 / hicri 1426-cı ildə böyük Azərbaycan təsəvvüf şairi Şeyx Mahmud Şəbüstərinin təsəvvüf haqqında qələmə aldığı "Gülşən-i raz" məsnəvisinin Şirazi adlı bir şair tərəfindən Türkiyə türkçəsinə çevirdiyini və həmin tərcümənin onun şəxsi kitabxanasında mühafizə olunduğunu qeyd edir.
Bu əhəmiyyətli klassik tərcümə əsərinin sonrakı aqibətini araşdıran müəllif qeyd edir ki, XIX əsrin ikinci yarısında və XX əsrdə Avropanın Vyana, Berlin, Paris, Sankt-Peterburq, Visbaden və Vatikan şəhərlərindəki Şərq əlyazmaları kataloqlarında da rast gəlinir. Həmçinin həmin kataloqlarda Şirazi, Əlvan Şirazi və Əlvan Çələbi Şirazi və sair göstərilməsini müzakirə müstəvisinə gətirir, elmi təhlillər aparır. Yeri gəlmişkən qeyd edək ki, ilk qaynaq olan Sehi bəyin təzkirəsində də müəllifin nisbəsi qısaca Şirazi kimi qeyd olunur. Möhsün müəllimin uzun illərdən bəri apardığı gərgin araşdırmalarının nəticəsində XV əsrin şair və tərcüməçisini sadəcə Şirazi adlandırmağı uyğun görür.
Birinci fəslin üçüncü yarımfəslində tərcümənin əlyazmaları haqqında məlumatlar öz əhatəsini tapır və mübahisəli məqamlara aydınlıq gətirilir. Bu fəslin sonuncu yarımfəslində tərcümənin üç əlyazması haqqında daha geniş və müfəssəl məlumat verilir. Bunlar İstanbul, Sankt-Peterburq və Vyana nüsxələridir.
İkinci fəsil "Gülşəni-raz" tərcüməsi və onun farsca əslinin müqayisəli-linqvistik təhlili"nə həsr edilib.
Məlumdur ki, klassik tərcümə əsərləriylə onların orijinalları arasında aparılan tekstoloji müqayisələr Orta əsrlərin tərcüməçilik sənətinin əsas xüsusiyyətlərini üzə çıxarmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin orijinalla tərcümə nümunələrinin müqayisəsi həmin dövrün tərcüməçilərinin əsərə etdikləri əlavələr və ya əsərdən çıxardıqları parçalar işıq üzü görür. Bu da klassik tərcümə sənətində qələmini sınayan sənətkarların ictimai-siyasi görüşləri, estetik zövqləri haqqında məlumat vermiş olur.
Bu fəslin növbəti yarımfəsillərində Şirazinin tərcüməyə etdiyi əlavələr də elmi müzakirə məxrəcinə gətirilir. Aydın olur ki, mütərcimin etdiyi əlavələr həm ədəbiyyat, həm də dil tarixi baxımından maraqlı məlumatlar verir. Çünki orta əsrlərin ədəbi-estetik məhsulu olan əsər həmin zamanın ədəbiyyat nümunəsi olmaqla bərabər, həm də həmin dönəm ədəbiyyatının əsas mövzuları, dil-üslub xüsusiyyəti ilə bağlı olan faktlar tədqiqatçıya geniş təhlil imkanı yaradır.
Şirazinin "Gülşəni-Raz" tərcüməsinin dil-üslub xüsusiyyətləri əsərin üçüncü fəslində geniş şəkildə öz əksini tapır. Şirazi türk dilinin zəngin söz-kəlimə xəzinəsindən, onun rəngarəng ifadələrindən böyük ustalıqla istifadə etmişdir.
Şair-mütərcimin bu əsəri dilinin sadəliyi, axıcılığı və yüksək poetik xüsusiyyətləri ilə seçilir. Məsnəvi şəklində qələmə alınmış bu nümunənin diqqəti cəlb edən cəhətlərindən biri onun dilində çoxlu sayda türkköklü əski sözlərin işlənməsidir. Təəssüf ki, bu tip sözlərin bəziləri zamanla unudulmuş və dilin lüğət tərkibindən çıxmışdır. Azərbaycan-türk ədəbi dili üçün arxaikləşmiş, bəziləri isə dialekt və şivələrdə varlıqlarını sürdürür. Bunlara misal: ağ, ağıllanmaq, aşlamaq, aymaq, çokramaq, dəgmə, dəmrən, ərgürmək, eşmə, eyig, gedik, gənəzlik, ig, gönənmək, kırğıl, pürlənmək, soğulmaq, sımaq, sin, toylamaq, üyük, yancuq, tüş və s. bu kimi dil faktlarına müəllif etno-linqvistiq cəhətdən təhlil verərkən "Kitabi-Dədə Qorqud", Mahmud Kaşğarlının "Divan-i lüğət-it türk" və digər oğuznamələrlə, türkmənşəli dialekt və şivələrlə, ağızlarla müqayisələr aparmış və dil faktlarının qədim izlərini ortaya çıxarmış, bu sözlərin çoxunun orta əsrlərə aid başqa əsərlərdə də istifadə olunduğunu nümunələrlə sübut etmişdir.
Müəllifin də qənaətincə "Gülşən-i raz" klassik Azərbaycan tərcümə ədəbiyyatının, həmçinin XV əsr ədəbi yazı dilinin xüsusiyyətlərini özündə əks etdirir.
Dibaçəsində Şeyxülislama və Sultan II Murada ithaf olunduğu qeyd olunan Şirazinin "Gülşən-i raz" tərcüməsi təsəvvüfə aid qiymətli əsərdir. Əski türkcənin, həmçinin klassik Azərbaycan tərcümə ədəbiyyatının qiymətli örnəklərindən biri olan bu əsr bütün məziyyətləri ilə bərabər istər öz dövrünün ictimai-siyasi fikir tarixi, istərsə də ədəbiyyat və dil tarixi üçün dəyərli mənbədir.
Zülfiyyə İSMAYIL
filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi



